Qulamhüseyn Əlibəyli: "Vaşinqton təzyiqləri artırmaq yolu ilə İran rejiminin davranışını dəyişməyə çalışır”
ABŞ ilə İran arasında Omanda aparılacaq dolayı danışıqlar ərəfəsində gərginlik daha da kəskinləşib. İran tərəfi Vaşinqtonun Tehrana dörd şərt təqdim etdiyini və bu tələblərin qəbul edilməyəcəyi halda hərbi hücumla hədələdiyini bildirib. İran İnqilab Keşikçiləri Korpusunun nümayəndəsi Aziz Qazənfərinin sözlərinə görə, Tehran bu təzyiq və psixoloji hədələr qarşısında geri çəkilməyib, ölkənin müdafiə imkanları, xüsusilə ballistik raket proqramı danışıqlar mövzusu deyil və görüşlər yalnız nüvə məsələləri ilə məhdudlaşır.
Tanınmış politoloq, keçmiş millət vəkili Qulamhüseyn Əlibəyli Sherg.az-a bildirib ki, ABŞ-İran münasibətləri qarşılıqlı düşmənçilik üzərində qurulub:
“Bu münasibətlər təxminən 40-45 il əvvəl, yəni 1979-cu il İran İslam İnqilabından sonra formalaşıb. Hər iki ölkə bir-birini açıq şəkildə düşmən kimi təqdim edir və buna uyğun olaraq qarşılıqlı təzyiq siyasəti yürüdür. Lakin son dövrlərdə baş verən proseslər göstərir ki, ABŞ-nin yanaşması daha çox maksimalist tələblər üzərində qurulub. Nüvə proqramı məsələsində ABŞ-nin mövqeyini müəyyən qədər haqlı saymaq olar. Çünki nüvə silahının yayılmaması qlobal təhlükəsizlik baxımından əsas prioritetlərdən biridir və İran kimi rejimin əlində nüvə silahının olması həqiqətən də ciddi risk yaradır. Bununla yanaşı, ballistik raketlər və digər hərbi vasitələr demək olar ki, bütün böyük dövlətlərin arsenalında mövcuddur. ABŞ-nin özü də bu baxımdan ən geniş hərbi potensiala malik ölkələrdəndir. Digər ölkələrə bu silahlar üçün müəyyən çərçivələr və məhdudiyyətlər qoyulduğu halda, İrana münasibətdə irəli sürülən şərtlər daha sərt və maksimalist xarakter daşıyır.
Analitik qeyd edib ki, ABŞ İranın bu şərtlərin hamısını eyni zamanda qəbul edə bilməyəcəyini yaxşı anlayır:
“Məhz buna görə də Vaşinqton İrana qarşı hərbi zərbə üçün bəhanə axtarır. Bu zərbə birbaşa hücum, raket zərbəsi və ya məhdud hərbi əməliyyat formatında ola bilər. Ancaq nəzərə alınmalı mühüm bir məqam var: İran cəmiyyəti elə bir cəmiyyət deyil ki, istənilən hərbi aksiyanı həyata keçirib, sonra problemsiz şəkildə geri çəkilmək mümkün olsun. Rəsmi Tehran ABŞ-nin diktə etdiyi şərtlərə qarşı kəskin mənfi mövqedədir. Bu isə müharibə, ölkənin destabilizasiyası və mümkün işğal ssenarilərini ABŞ üçün son dərəcə riskli edir. Üstəlik, Əfqanıstan təcrübəsi də ortadadır. Bütün bu amilləri nəzərə alaraq demək olar ki, ABŞ hazırda birbaşa hərbi müdaxilədən daha çox, təzyiqləri artırmaq yolu ilə İran rejiminin davranışını dəyişməyə çalışır”.