ABŞ İranla müharibənin dəyərini açıqlayıb

ABŞ-nin müdafiə naziri Pit Heqset İranla davam edən müharibənin ABŞ-yə indiyədək 37,5 milyard dollara başa gəldiyini açıqlayıb.

Sherg.az xəbər verir ki, Heqset bu barədə Senatın Təxsisat Komitəsində keçirilən dinləmələr zamanı danışıb. Onun sözlərinə görə, əlavə maliyyələşdirmə Müdafiə Nazirliyinin təcili ehtiyaclarının qarşılanması üçün zəruridir.

Nazir bildirib ki, tələb olunan vəsait ayrılmazsa, hərbçilərin maaşlarının ödənilməsində, silah və hərbi texnikanın yenilənməsində, eləcə də mühüm əməliyyatların davam etdirilməsində ciddi problemlər yarana bilər.

Heqset çıxışı zamanı süni intellekt, avtonom sistemlər, kosmik texnologiyalar və hesablama gücü sahələrinə təcili investisiyaların vacibliyini də vurğulayıb.

Dinləmələr zamanı müharibə əleyhdarları Heqsetin çıxışını bir neçə dəfə etiraz aksiyası ilə dayandırıblar. Etirazçılar "Günahsız uşaqları bombalamağı dayandırın" şüarları səsləndiriblər.

Bu arada, "The Washington Post" nəşri Pentaqonun büdcəsinin İranla müharibə səbəbindən sürətlə tükəndiyini yazıb. Məlumata görə, Ağ ev Konqresdən müharibənin maliyyələşdirilməsi üçün əlavə 67 milyard dollar vəsait tələb etsə də, məsələ ilə bağlı hələ yekun razılıq əldə olunmayıb.