Avropa İttifaqı Zəngəzur danışıqlarının təşkilatçısı ola bilməz - ŞƏRH

Əziz Əlibəyli: "Avropa İttifaqı gələcəkdə iqtisadi iştirak edə bilər, amma siyasi tərəf kimi deyil"

Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının rəhbəri Markus Ritter “Tramp Marşrutu” layihəsi ilə bağlı mümkün iştirak məsələsinə aydınlıq gətirib.

Diplomat bildirib ki, sözügedən layihə çərçivəsində Aİ missiyasının hər hansı rolu müzakirə predmeti olmayıb. Onun sözlərinə görə, mümkün variantlar barədə danışmaq üçün əsas yoxdur, çünki bu məsələ missiya rəhbərliyi ilə müzakirə edilməyib. Ritter əlavə edib ki, Aİ iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra İrəvanla gələcək əməkdaşlıq istiqamətlərini nəzərdən keçirəcək, lakin “Tramp Marşrutu”nun gündəlikdə olub-olmaması hələlik müəyyən deyil.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a deyib ki, bu iştirak formatı əvvəlcədən müəyyən olunduğu üçün Avropa İttifaqının təşkilatçı və ya yaradıcı tərəf qismində iştirakı mümkün deyil:

“Bunun bir neçə səbəbi var: Birincisi, Azərbaycan -Ermənistan sülh danışıqları prosesinin ilkin mərhələlərində Avropa İttifaqı birbaşa iştirak etməmişdi. İkincisi, 2002-ci ildən sonra Avropa İttifaqı tərəfindən Azərbaycana və Ermənistana mülki missiya göndərilməsi ilə bağlı müraciətlər olmuşdu. Azərbaycan tərəfi bu missiyanı qəbul etmədi. Çünki missiyanın mandatı, fəaliyyət çərçivəsi və yekun hesabatlılıq mexanizmi aydın deyildi. Bununla paralel olaraq, müxtəlif dövrlərdə Avropa İttifaqı Parlamenti Azərbaycana münasibətdə tənqidi və bəzən anti-Azərbaycan notlarla çıxış etmişdi. Xüsusilə Fransadan və bəzi digər Avropa ölkələrindən olan deputatların Ermənistan lobbi strukturları ilə sıx əlaqədə olduqları və Azərbaycanın əleyhinə imic formalaşdırmağa çalışdıqları barədə açıqlamalar verilmişdi. Hətta müəyyən mərhələlərdə Azərbaycana qarşı sanksiya təşəbbüsləri də gündəmə gətirilmişdi. Digər tərəfdən, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın neft və qazının mühüm rolu nəzərə alınarsa, Aİ-nin yanaşmasında müəyyən ikili standartların olduğu iddia edilirdi. Buna görə də Azərbaycan həm mülki missiyanın yerləşdirilməsinə razılıq vermədi, həm də EUMA -Avropa İttifaqının müşahidə missiyasının fəaliyyəti ilə bağlı müxtəlif dövrlərdə tənqidi mövqe bildirdi. Çünki bu missiya “şərti sərhəd xətti” adlandırılan ərazidə fəaliyyət göstərir və bəzi hallarda Azərbaycan əleyhinə qiymətləndirilən hesabatlar təqdim edildiyi qeyd olunurdu”.

Analitik qeyd edib ki, hazırda Azərbaycan və Ermənistan arasında gedən proseslərin iqtisadi nəticələri xüsusi əhəmiyyət daşıyır:

“Tərəflərin Zəngəzur istiqamətində nəzərdə tutulan kommunikasiya xətlərinə yanaşmada fərqli mövqeləri var. Azərbaycan bunu öz ərazisindən keçən və regionun inteqrasiyasına xidmət edən nəqliyyat dəhlizi kimi qiymətləndirir. Ermənistan isə həmin marşrutu öz suveren ərazisində daxili tranzit xətti kimi təqdim edir. Bu yanaşma fərqi qarışdırılmamalıdır. 8 avqust tarixində ABŞ-la keçirilən görüşlərdə sözügedən məsələlərin əsas çərçivəsi müəyyən edilib”. 

Ekspert əlavə edib ki, mövcud vəziyyətdə üçüncü bir aktorun təşkilatçı tərəf kimi çıxış etməsi real görünmür:

“Hətta Rusiyanın da adı çəkilir və sovet dövründə Zəngəzur boyunca keçən dəmir yolunun istismarı ilə bağlı müxtəlif arqumentlər səsləndirilir. Lakin bu cəhdlər daha çox siyasi mövqe nümayişi xarakteri daşıyır. Avropa İttifaqına gəldikdə isə, hazırkı mərhələdə o, prosesin əsas siyasi arxitekturasından kənarda qalıb. Bu, yalnız Azərbaycanın mövqeyi ilə izah olunmur. Mövcud geosiyasi balans çərçivəsində ABŞ da üçüncü bir mərkəzin vasitəçi kimi çıxış etməsində maraqlı deyil. Amma bu o demək deyil ki, Avropa İttifaqı gələcəkdə sözügedən layihədə iştirak etməyəcək. Çünki söhbət qlobal logistika, daşımalar, investisiya və iqtisadi imkanlardan gedirsə, Avropa İttifaqı dünyanın əsas iqtisadi güc mərkəzlərindən biri kimi müəyyən layihələrə qoşula bilər.

Lakin bu iştirak kommunikasiya xəttinin operatoru və ya siyasi tərəfi qismində deyil, daha çox iqtisadi və investisiya formatında ola bilər.