Tbilisi platforması regional qarşıdurma deyil, əməkdaşlıq mesajı verir
Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub.
Söhbət zamanı Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin münasibətlərimizin genişlənməsində roluna toxunulub. Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin önəmi vurğulandı, onların strateji və iqtisadi əhəmiyyəti qeyd edilib. Görüşdə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolu vurğulanıb. Azərbaycan və Gürcüstan prezidentləri ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluqlarını bildirdilər, əlaqələrimizin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Prezident İlham Əliyevin Gürcüstan səfərini şərh edən politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili arasında Tbilisidə keçirilən görüş, Cənubi Qafqazın geosiyasi arxitekturası baxımından diqqətəlayiq və çoxqatlı məna daşıyır:
“Bu təmas sadəcə iki qonşu dövlətin diplomatik protokol çərçivəsində dialoqu deyil, regionda formalaşan yeni güc balansının koordinasiyası kimi də oxunmalıdır. Əvvəla, Azərbaycan–Gürcüstan münasibətləri artıq klassik tərəfdaşlıq mərhələsini aşaraq strateji qarşılıqlı asılılıq səviyyəsinə yüksəlib. Enerji və nəqliyyat layihələri bu münasibətlərin “onurğa sütunu” rolunu oynayır. Xüsusilə Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Ceyhan neft kəməri və Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələr təkcə iqtisadi dividendlər yaratmır, həm də Avrasiyanın enerji və logistika xəritəsini yenidən formalaşdırır. Bu mənada Tbilisi görüşü mövcud layihələrin dərinləşdirilməsi və yeni istiqamətlərin müəyyənləşdirilməsi baxımından praktik nəticələr vəd edir. Görüşün həmçinin regional təhlükəsizlik kontekstində xüsusi çəkisi var. Post-münaqişə dövründə Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda Gürcüstanın balanslı və praqmatik siyasəti Bakı üçün strateji əhəmiyyət kəsb edir. Tbilisi platforması həm də Qərb və region ölkələri arasında körpü rolunu oynayaraq, Cənubi Qafqazda qarşıdurma deyil, əməkdaşlıq modelinin təşviqinə xidmət edir.Eyni zamanda bu təmasın iqtisadi diplomatiya aspekti xüsusi vurğulanmalıdır. Orta Dəhliz (Transxəzər marşrutu) üzərindən artan yükdaşımalar, Çin–Avropa ticarət xəttində alternativ marşrutların aktuallaşması Azərbaycan və Gürcüstanı daha da yaxınlaşdırır. Bu kontekstdə iki ölkə arasında koordinasiyanın güclənməsi regionu qlobal ticarət şəbəkəsinin mühüm qovşaqlarından birinə çevirə bilər”.
T. İsmayılov qeyd edib ki, Prezidentin Gürcüstan səfərinin siyasi mesaj aspekti də diqqətdən kənarda qalmamalıdır: “Bu görüş, Azərbaycan–Gürcüstan tandeminin sabitlik, qarşılıqlı hörmət və suverenlik prinsiplərinə əsaslanan əməkdaşlıq modelini qorumaqda israrlı olduğunu nümayiş etdirir. Bu model xarici təsir cəhdlərinə qarşı davamlılıq yaradır və region ölkələrinin öz taleyini müəyyən etmə iradəsini gücləndirir. Fikrimcə, Tbilisidə baş tutan bu görüş münasibətlərin mövcud səviyyəsini təsdiqləməklə yanaşı, onları daha yüksək – institusional və geostrateji mərhələyə daşımaq potensialına malikdir. Bu isə həm Bakı, həm də Tbilisi üçün yalnız ikitərəfli deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi baxımından ciddi perspektivlər açır”.