"Paralel olaraq Türkiyə ilə münasibətlərin də normallaşdırılması prosesi final mərhələsindədir"
Cənubi Qafqaz tarixi dönüş nöqtəsindədir. Onilliklər boyu davam edən qarşıdurma və gərginlikdən sonra Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atılır. Regionda formalaşan yeni geosiyasi reallıqlar, kommunikasiya xətlərinin açılması və iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsi tərəfləri sülhə daha da yaxınlaşdırır.
Eyni zamanda, regionun ətrafında baş verən müharibələr və artan geosiyasi gərginlik bu prosesi daha həssas və eyni zamanda daha vacib edir. Qonşu ölkələrdə davam edən silahlı qarşıdurmalar Cənubi Qafqazda sabitliyin qorunmasının nə qədər strateji əhəmiyyət daşıdığını bir daha ortaya qoyur.
Ermənistanın “Respublika Uğrunda” Partiyasının sədr müavini, erməni politoloq, Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Ruben Mehrabyan Sherg.az-ın Ermənistan-Azərbaycan münasibətləri və böyük güclərin regiondakı rolu ətrafında suallarını cavablayıb:
-Azərbaycan və Ermənistan arasındakı mövcud münasibətləri necə qiymətləndirirsiniz?
-Ermənistan və Azərbaycan uzun illər davam edən ağır münaqişədən sonra münasibətləri normallaşdırmaq prosesindədir. Dinamika müsbətdir. Ticarət-iqtisadi və kommunikasiya əlaqələrinin qurulması istiqamətində proses gedir. Xüsusilə formalaşdırılan Orta dəhliz çərçivəsində müsbət irəlləyişlər var.
-Sizcə, sülh müqaviləsi nə zaman imzalanacaq?
-Paraflanmış sülh müqaviləsi tezliklə imzalanmalıdır. Mövcud şərait onu bu il ərzində imzalamağa və diplomatik münasibətləri qurmağa imkan verir. Paralel olaraq Türkiyə ilə münasibətlərin də normallaşdırılması prosesi final mərhələsindədir.
-TRİPP yolunun açılması Ermənistana hansı üstünlükləri gətirəcək?
- Bunu Ermənistan, Azərbaycan və ABŞ razılaşdırıb. Yolun tezliklə açılması bütün iştirakçı ölkələr, o cümlədən Ermənistan üçün üç əsas üstünlük gətirəcək: uzunmüddətli sülh, təhlükəsizlik və inkişaf.
-Bəzi erməni ekspertlər hesab edir ki, Ermənistan Avropaya yox, Türk Dövlətləri Təşkilatına (TDT) yönələcək. Siz bu fikri necə qiymətləndirirsiniz?
-Bu bir tərəfdən marginal fikirdir. Ermənistanın Avropa ilə münasibətləri Avropa Birliyinə inteqrasiya və tamhüquqlu üzvlük məqsədinə yönəlib. TDT ölkələri ilə Ermənistan regional layihələr üzərində işləməyi planlaşdırır. Bu iki istiqamət arasında ziddiyyət yoxdur. Ermənistan Qazaxıstanla strateji tərəfdaşlıq qurur, Özbəkistanla intensiv iqtisadi münasibətlər inkişaf etdirir, eləcə də Qırğızıstanla əməkdaşlıq edir. Türkiyə və Azərbaycanla isə normallaşdırma prosesi gedir. Bu proseslər bir-birini tamamlayır və gücləndirir.
-Sizcə, hazırki vəziyyətdə Donald Tramp Zəngəzur məsələsini gözardı edirmi?
-TRIPP layihəsi ilə bağlı heç bir gözardı yoxdur. Ermənistan və ABŞ TRIPP-in tezliklə imzalanması və tikintisinin başlanması üçün intensiv hazırlıq aparır. Bundan əlavə, İran müharibəsi Orta Koridorun və uzunmüddətli sülhün strateji əhəmiyyətini artırıb. ABŞ-nin regionda strateji maraqları var. Buna görə də, hər hansı hadisələrdən asılı olmayaraq, seçkilərdən və ya prezident seçkilərindən sonra da, Vaşinqtonda Orta Koridor və TRIPP layihəsi üzrə siyasi konsensus mövcuddur və layihə reallaşdırılacaq.
-Əgər Nikol Paşinyan yenidən baş nazir seçilməsə, bu sülh prosesini yavaşlada və ya dayandıra bilərmi?
-Hazırda Paşinyan və partiyasının şansları yüksəkdir. Onun sülh siyasəti Ermənistan cəmiyyətində dəstək tapır. Rusiyaya bağlı qüvvələr, 2018-ci ildə devrilmiş korrupsiyalı rejimin nümayəndələri, regionda uzunmüddətli sülh arxitekturasını yenidən gözdən keçirmək istəyirlər. Bu da Putinin və Rusiyasının maraqlarından irəli gəlir, Ermənistanın deyil. Əgər onlar hakimiyyətə gəlsələr, bu sülh prosesinə təhdid olar. Lakin Ermənistan cəmiyyətinin mövcud siyasi əhval-ruhiyyəsi və üstünlükləri nəzərə alınsa, bu ehtimal demək olar ki, yoxdur.
-Hansı dövlətlər Azərbaycan və Ermənistanın sülh içərisində yaşamasını istəmir? Və niyə?
-Tək bir dövlət- Rusiya. O, regionda sülhə maraqlı deyil. Tarixi olaraq Rusiya Cənubi Qafqazda konfliktlərin müəllifi və operatorudur. Çünki qarşıdurma Rusiyanın imperiya təsirini təmin edir. Sülh və qonşuluq prosesi rəsmi Moskvanı bölgədə lazımsız edir. Ona görə də, Rusiya bütün resurslarını bölgəni sabitləşdirməmək üçün səfərbər edir.
-Regiondakı proseslər Azərbaycan-Ermənistan münasibətlərinə necə təsir göstərir?
-Ukrayna müharibəsi şimalda, İran müharibəsi isə cənubda gedir. Bu obyektiv olaraq İrəvan və Bakını sərhədlərdə, iki ölkə arasındakı münasibətlərdə sabitliyi təmin edəcək addımlar atmağa daha çox həvəsləndirir. Mənim qənaətimcə, bu anlayış həm Ermənistan, həm də Azərbaycanın siyasi dairələrində mövcuddur.
-Bu yaxınlarda Nikol Paşinyanla Vladimir Putin görüşdü. Bu görüşün əsl səbəbi nə idi?
-Əsas məsələ Ermənistanın dəmiryolu ilə bağlıdır. Hansı ki, o, Rusiya dövlət şirkəti RJD-nin (Rusiya Dəmir Yolları)nəzarətindədir. Rusiyanın iştirak və təsiri təhdiddir. Çünki Rusiya Ermənistanın ona asılılığını azaltmasını, qonşularla sülh içində yaşamasını istəmir. Görüşdən sonra verilən açıqlamalara görə, Kremlin koncessiya idarəsini verməyə niyyəti yoxdur. Ermənistan gələcək sülh, ölkənin nüfuzu və milli təhlükəsizliyi üçün sərt tədbirlər görməli olacaq.
-Yəni, Rusiya Ermənistana təsirini gücləndirməyə çalışır?
-Bəli, bütün mümkün və qeyri-mümkün üsullarla, dezinformasiya və informasiya sabotajı, daxili işlərə müdaxilə, agentura fəaliyyəti ilə bunu etməyə çalışır. Rusiyanın fəaliyyəti Ermənistanın suverenliyinə qarşı yönəlib. Dövlət buna qarşı, o cümlədən AB tərəfdaşlarının dəstəyi ilə mübarizə aparır.
-Azərbaycan Ermənistan ərazisinə malların tranzitinə icazə verir. Siz bunu necə qiymətləndirirsiniz?
-Bu, regionda əlverişli atmosferin formalaşmasında çox pozitiv addımdır və regional əlaqələrin qurulmasına yol açır. İlk və çox önəmli addımlar atılıb. Bunlar sülh müqaviləsinin imzalanması bu əməkdaşlıq sahəsinin genişlənməsi üçün katalizator rolunu oynayacaq.
-Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyini necə oxuyursunuz?
-Mən Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyini yaxşı qonşuluq, proqnozlaşdırıla bilən, etibarlı, sivil münasibətlər şəklində görürəm. Bu yalnız erməni və azərbaycanlıların maraqlarına deyil, digər ölkələrin də maraqlarına uyğundur. Yalnız Rusiyanı istisna edirəm, səbəbini digər suallarda izah etdim.