Bu müharibənin əsas qazananı Pakistan və İraq oldu - TƏHLİL

“Körfəz ölkələri artıq yalnız təhlükəsizlik çətiri ilə kifayətlənməyəcək”

“Böyük İsrail planı və nəhəng arzular bu coğrafiyada suya düşdü”

ABŞ və İran arasında müvəqqəti atəşkəs razılaşması əldə edilib. ABŞ Prezidenti Donald Trump bu barədə sosial şəbəkədə paylaşım edərək qərarın Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra qəbul edildiyini açıqlayıb. Razılaşmaya əsasən, İran Hörmüz boğazında təhlükəsiz keçidi təmin etməyə razılaşıb, ABŞ isə iki həftəlik müddətə hərbi əməliyyatları dayandırır. Bu addım tərəflər arasında mümkün sülh sazişinə gedən yolda mühüm mərhələ kimi dəyərləndirilir.

Hərbi ekspert Səxavət Məmməd Sherg.az-a bildirib ki, ABŞ-İsrail cütlüyünün İrana təcavüzü fonunda İranın apardığı müdafiə döyüşləri, bəzi hallarda isə həyata keçirdiyi hücum əməliyyatları hazırkı atəşkəsin əldə edilməsinə yol açıb.

Ekspetin fikrincə, İran müharibənin miqyasını bu dərəcədə böyütməsə idi, məğlubiyyətə düçar olacaqdı: “ ABŞ rəsmiləri də etiraf edirlər ki, İranın Körfəz ölkələrinə hücumu onlar üçün gözlənilməz olub. İran hər tərəfdən ABŞ hərbi bazaları ilə əhatə olunmuşdu. Əgər İran Körfəz ölkələrinə zərbələr endirməsə idi, həmin bazalar hücumun sürətini və tempini sabit saxlayacaqdı. Körfəz ölkələri vurulmasa idi, ABŞ təyyarələri havada yanacaq doldurmaq üçün vaxt itirməyəcəkdi. Məsafənin uzaqlığı təkcə vaxt itkisi deyil, həm də döyüş təyyarələrinin daşıdığı yükə ciddi təsir edən amildir. İran 100-dən çox hərbçisini Livana göndərərək Hizbullahı yenidən formalaşdırıb. Bu əməliyyatı o qədər gizli icra ediblər ki, məlumatlar yalnız müharibənin 10-cu günündən sonra üzə çıxmağa başladı. Bir çoxlarına görə Hizbullah artıq bitmişdi, ancaq İran onu tamamilə fərqli formada döyüşlərə hazırlamışdı. İran bu müharibədə Hizbullah və Husilərlə koordinasiyalı şəkildə İsrailə bir neçə dəfə sarsıdıcı zərbələr endirdi. Bunları yazmaq və danışmaq asan olsa da, icrası son dərəcə ciddi hazırlıq, strateji zəka və böyük zəhmət tələb edən prosesdir”.

S. Məmməd qeyd edib ki, İran Körfəzdəki və İordaniyadakı ABŞ radarlarını, ballistik raket izləmə sistemlərini vurmasa idi, heç bir nəticə əldə edə bilməzdi. İran bu sistemləri sıradan çıxardığı üçün İsrail məcbur qalıb bütün raket və dronları yalnız öz hava məkanında zərərsizləşdirməyə çalışırdı: 

“İranın əlini gücləndirən əsas faktorlardan biri də Husilər oldu. Husilər təkcə İsrailə zərbələr endirməklə kifayətlənmədilər; onlar eyni zamanda Səudiyyə Ərəbistanını neytrallaşdırdılar, Qırmızı dənizi təhdid altında saxladılar və Bab əl-Məndəb boğazını bağlayacaqları ilə bağlı xəbərdarlıq etdilər. Təsəvvür edin ki, Hörmüzlə yanaşı Bab əl-Məndəb boğazı da bağlanır. Bu o demək idi ki, ABŞ İrana hücumla bərabər, paralel olaraq bir neçə strateji istiqaməti də düşünmək məcburiyyətində qaldı. Trampın "sivilizasiyanı məhv edəcəm", "İranı daş dövrünə qaytaracam" tipli aqressiv və isterik bəyanatlarının kökündə məhz bu çıxılmazlıq dayanırdı.

Müharibənin gedişində ABŞ və İsrail cütlüyü İrana zərbələr endirsə də, bir müddət sonra Tramp etiraf etdi ki, "İranda vurulacaq bir şey qalmayıb". Onlar üçün hədəf kimi yalnız mülki infrastruktur və atom mərkəzləri qalırdı ki, bunları vurmağın da İran tərəfindən çox ağır cavabı olacaqdı. Körfəzdəki bütün neft və qaz yataqlarının vurulması təkcə dünya iqtisadiyyatını iflic etməyəcək, həm də ərəbləri bahalı maşınlardan endirib yenidən dəvələrə mindirəcəkdi. Əlbəttə, ABŞ və İsrailin əlində ən azı taktiki atom bombası variantı da var idi. Bundan istifadə edə bilərdilərmi? Bəli! Radikal dindarlardan hər şey gözləmək olar. İrandakılar nə qədər radikaldırlarsa, ABŞ və İsrailin idarəetməsindəkilər də onlardan geri qalmırlar”.

İranın zəif tərəflərinə toxunan S. Məmməd qeyd edib ki, hava hücumundan müdafiə sahəsində ciddi boşluqlar mövcuddur. Onun sözlərinə görə, müdafiə döyüşü aparan ölkə üçün bu sistemlər həyati əhəmiyyət kəsb edir. Ancaq müharibənin mövcud şərtlərlə bitməsi onu deməyə əsas verir ki, İranın düzgün addımları səhvlərindən qat-qat çox olub.

Müharibənin qazanan tərəfinə gəldikdə isə hərbi ekspert qeyd edib ki, ABŞ və İsrailin əsas hədəfi İrandakı rejimi dəyişmək idi, buna nail ola bilmədilər: “Atom proqramı ilə bağlı da real nəticə yoxdur; açıqlanan razılaşmalardakı "nəzarət" məsələsi müharibədən əvvəl də mövcud idi. Ballistik raket proqramı isə ümumiyyətlə müzakirə mövzusu belə olmadı.

Müharibənin başlanğıcında qarşıya qoyulan bəzi taktiki tapşırıqlara nail olunsa da, bu, strateji nəticəni dəyişmədi. Məsələn, ali dini lider artıq yaşlanmışdı, müharibədə öldürüldüyü üçün "şəhid" statusu qazandı, onun yerinə gələn oğlu isə döyüşdə yaralandığı üçün "qazi" kimi qəbul edildi. Çoxlu sayda generallar öldürülsə də, onların yerini alanlar müharibəni eyni templə davam etdirdilər.

Strateji baxımdan müharibənin əsas qazananı Pakistan oldu. Türkiyə müharibəni dayandırmaq üçün çox cəhd etsə də, rəsmi İslamabadın sözü daha kəsərli və mötəbər sayıldı. Digər qalib isə İraqdır. İranın İraq ərazisindəki hərbi bazaları vurması, faktiki olaraq İraqın "əl-qolunu açdı". Müharibənin ən çox itirəni Körfəz ölkələri oldu. Onlar artıq təkcə təhlükəsizlik çətiri haqqında düşünməyəcək, həm də İranın diqtəsini daim nəzərə alacaqlar. Digər itirən tərəf isə İsrail oldu; mövcud şərtlərdə "Böyük İsrail" dövləti planı suya düşdü.

Çox maraqlı bir coğrafiyada yerləşirik. Böyük danışanların, nəhəng planlar quranların arzuları bu torpaqlarda həmişə boşa çıxır. Ümumiyyətlə, bu coğrafiya böyük arzuların qəbiristanlığıdır. "Böyük Ermənistan" xulyasının kökünə Arazın bu tayındakılar, indiki şərtlərdə "Böyük İsrail"in də kökünə Arazın o tayındakılar daş atdı desək, yanılmarıq...”.