Referendum planı baş tutsa şovinist maddələr tarixə qovuşacaq
Ermənistanda Konstitusiya ətrafında aparılan müzakirələr xüsusi diqqət çəkir. Bu dəyişikliklər yalnız ölkədaxili hüquqi islahatlarla məhdudlaşmır, eyni zamanda Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyinə və mümkün sülh razılaşmasına da birbaşa təsir göstərir.
“Hazırda təqdim olunan yeni Konstitusiyanın mətnində ümumiyyətlə giriş hissəsi (preambula) yoxdur, halbuki Müstəqillik Bəyannaməsinə istinad məhz girişdə yer alır”.
Bunu Ermənistanın ədliyyə naziri Srbui Qalyan Müstəqillik Bəyannaməsi ilə bağlı hissənin yeni Konstitusiyanın mətnindən çıxarılıb-çıxarılmaması sualını şərh edərkən deyib.
Politoloq Hüseyn İbrahimov Sherg.az-a Ermənistan Konstitusiyası və onun ətrafında gedən dəyişikliklərin Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması və perspektivdə sülhün imzalanması fonunda baş verdiyini söyləyib:
"Burada Azərbaycanın mühüm rolu var. Azərbaycan İlham Əliyevin də qeyd etdiyi kimi haqlı olaraq regionda real sülhün tərəfdarıdır. Bu baxımdan, Ermənistanın gələcək nəsilləri və siyasətçiləri üçün elə bir Konstitusiyanın qəbul olunmasını arzulayırıq ki, ali qanunvericilikdə ərazi iddialarına və irticaçı çıxışlara yer verilməsin. Orada münaqişə yarada biləcək hüquqi əsaslar mövcud olmamalıdır. Ermənistanda gedən son proseslər, eləcə də vətəndaş cəmiyyəti daxilində aparılan müzakirələr göstərir ki, bu yanaşma ilə müəyyən razılıq var. Siyasi dairələr və rəsmi şəxslər də şovinist və irticaçı maddələrin referendum yolu ilə çıxarılmasının tərəfdarıdırlar. Bu istiqamətdə fəaliyyət müşahidə olunur.
Preambula hissəsində və müstəqillik bəyannaməsinə edilən istinadlarda əsas məsələ formadan daha çox məzmundur. Müstəqillik bəyannaməsinin preambulada yer alıb-almaması Konstitusiyanın gücünü müəyyən edən əsas faktor deyil. Əsas məsələ onun məzmununda hansı dəyişikliklərin edildiyidir.
Məsələn, ABŞ Konstitusiyası çox qısa maddələrdən ibarətdir. Əvvəlcə 12, sonradan isə əlavə edilən bir neçə maddə ilə formalaşıb. Buna baxmayaraq, bu ali qanun bütün sahələrdə öz gücünü qoruyur. Bu baxımdan, Ermənistanda da əvvəlki maddələrin bir qisminin ixtisarı nəzərdə tutula bilər".
Analitik bildirib ki, Azərbaycanla yanaşı, Ermənistanın öz cəmiyyəti daxilində də müəyyən maddələrin yenilənməsi zəruri hesab olunur:
"Ehtimal etmək olar ki, qəbul olunacaq yeni Konstitusiya ölkədə xüsusi bir gün kimi də qeyd ediləcək. Necə ki, Qazaxıstanda yaxın zamanda keçirilən referendum nəticəsində ciddi dəyişikliklər edildi. Orada Konstitusiya Günü avqust ayından mart ayının 15-nə keçirildi, eyni yanaşma Ermənistanda da tətbiq oluna bilər. Ümumilikdə, Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla münasibətlərində əməkdaşlığa mane olan, xalqlar və dövlətlər arasında ədavət yarada biləcək maddələrin aradan qaldırılması istiqamətində addımlar atacağı gözlənilir. Ermənistan cəmiyyəti və dövləti də bu zərurəti anlayır. Bununla yanaşı, bəzi maddələr də var ki, onlar Ermənistanın daxili işlərinə aiddir və yalnız ölkə daxilindəki ictimai-siyasi tələbatlara əsaslanır. Həmin sahələrdə də müəyyən dəyişikliklərin ediləcəyi gözləniləndir.
Əsas məsələ ondan ibarətdir ki, Konstitusiyanın məzmunu Azərbaycan və Ermənistan arasında real sülhün imzalanmasına bu gün və gələcəkdə heç bir maneə yaratmasın".