Husilər yenidən Səudiyyəni hədəfə alır - Politoloq

Elxan Şahinoğlu: "ABŞ-İran qarşıdurması artıq regional müharibəyə çevrilir"

İran və ABŞ arasında toqquşma davam edərkən regionda yeni gərginlik cərəyan etməyə başlayıb. Yəməndə yerləşən husilər hərbi-siyasi qruplaşmaları Səuddiyyə Ərəbistanına qarşı dəniz blokadası elan ediblər. Hətta blokadanı pozan Səudiyyə Ərəbistanına məxsus iki neft tankerinə zərbələr endirilib.

Husilərin hərbi sözçüsü Yəhya Sərinin sözlərinə görə, gəmilər elan edilən keçid qadağasını pozduqları üçün hədəf seçilib. Əməliyyat nəticəsində təxminən 10 gəmi geri çəkilməyə məcbur olub. Yəhya Səri, Yəmənə ediləcək hər hansı hücuma cavab olaraq, Səudiyyə Ərəbistanının dərinliklərinə zərbələr endirəcəklərini açıqlayıb. Maraqlısı odur ki, husilər digər Körfəz dövlətlərindən fərqli olaraq, məhz Səudiyyə Ərəbistanına qarşı daha aqressiv mövqe tuturlar. Bu toqquşmanın genişlənərək ABŞ-İran müharibəsinin tərkib hissəsinə çevrilmə riski regional müstəvidə ciddi narahatlıq doğurur.

Husilərin Səuddiyyə Ərəbistanına aqressiv münasibətinin köklü səbəbi nədir?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Sherg.az-a bildirib ki, husilər və Səudiyyə Ərəbistanı arasındakı gərginlik uzun illərə söykənir:

“Onların fəaliyyəti, Yəmənin şimalında sadə bir dini-maarifçi hərəkat kimi başlayıb. Zamanla Yaxın Şərqin ən güclü hərbi-siyasi qruplaşmalarından birinə çevriliblər. Husilər İranın mühafizəkar ordusu olan SEPAH-a tabedir. Səudiyyə Ərəbistanı və husilər arasındakı münasibətlər 2015-ci ildə korlandı. Səudiyyə Ərəbistanının Yəmənə müdaxiləsi nəticəsində, husilər qarşı tərəfin şəhərlərini top atəşinə tutdular. Hərəkat, bir qayda olaraq, İranın düşmən elan etdiyi bütün dövlətləri özlərinə hədəf seçirlər. Məsələn İran-İsrail savaşında onlar da, İsrailə zərbə endirməyə çalışırdılar. Demək olar ki, 2015-ci ildən 2023-cü ilə qədər husilər Səudiyyəyə hava zərbələri endiriblər”. 

Politoloqun sözlərinə görə, 2023-cü ildə Çinin vasitəçiliyi ilə Pekində İran və Səudiyyə Ərəbistanı arasında imzalanan bəyanat proseslərin gedişatında dönüş nöqtəsi oldu:

“İran-Səudiyyə münasibətləri yumşaldıqdan sonra Səudiyyə Ərəbistanı husilərlə birbaşa Omanın vasitəçiliyi əsasında danışıqlara başladı. Amma indi İran Səudiyyə Ərəbistanına da zərbələr endirir. Rəsmi Tehran bunu oradakı ABŞ hərbi bazalarının olması ilə əlaqələndirsə də, faktiki olaraq Səudiyyənin neft mərkəzlərini də bombalayır. Hadisələrin fonunda, husilər də fürsət bilib, Səudiyyəyə zərbə vurmağın yollarını axtarırlar. Trampın Səudiyyə Ərəbistanı ilə 30 illik nüvə əməkdaşlığı sazişini təsdiqləməsi, İran və husilərdə Ər-Riyadın Vaşinqtonun maraqlarına xidmət etdiyi fikrini möhkəmləndirib. ABŞ-İran qarşıdurması artıq lokal çərçivədən çıxaraq genişmiqyaslı regional müharibə müstəvisinə keçir”.