"BMT Nizamnaməsinin 51-ci maddəsinə görə bu hüquq yalnız real silahlı hücum baş verdikdə tətbiq edilə bilər"
Müasir beynəlxalq münasibətlər sistemində baş verən hərbi toqquşmalar və güc tətbiqi halları beynəlxalq hüququn effektivliyi məsələsini yenidən gündəmə gətirir. Xüsusilə dövlətlərin birtərəfli qərarlarla hərbi əməliyyatlara başlaması, mülki əhalinin təhlükəsizliyi və hüquqlarının qorunması baxımından ciddi narahatlıqlar doğurur. Bu kontekstdə, beynəlxalq humanitar hüququn prinsiplərinə nə dərəcədə riayət olunduğu və onların təsir gücü əsas müzakirə mövzusudur.
İraqın Respublikaçı Strateji Araşdırmalar Mərkəzinin direktoru, siyasi tarix üzrə tədqiqatçı və İraq-Azərbaycan Dostluq Assosiyasına məxsus “Əs-Sədəqa” qəzetinin jurnalisti Dr. Mötəz Mühi Əbdülhəmid Sherg.az-a hazırda beynəlxalq hüququn nə dərəcədə effektiv olduğundan danışıb:
"Mövcud vəziyyət diqqətli müşahidə və davamlı təhlil tələb edir. Eyni zamanda vurğulanmalıdır ki, beynəlxalq qanunlara riayət olunması yer üzündə pozuntuların və cinayətlərin artmasının qarşısını almağın yeganə yoludur.
Hər hansı hərbi əməliyyatı tənzimləyən əsas prinsiplər mövcuddur. Bunların birincisi fərqləndirmə prinsipidir: həmişə mülki şəxslərlə döyüşçülər arasında fərq qoyulmalıdır. Mülki şəxslər bu statuslarına görə hədəfə alına bilməz, eyni zamanda sırf mülki obyektlərin vurulması qadağandır. Əgər birbaşa döyüş əməliyyatlarını idarə edən hərbi komanda mərkəzi vurularsa, bu, qanuni hərbi hədəf sayıla bilər. Lakin siyasi təzyiq göstərmək və ya əhalini qorxutmaq məqsədilə yaşayış məntəqəsinin vurulması açıq qanun pozuntusudur.
ABŞ və İsrailin İrana qarşı birgə hərbi zərbələri beynəlxalq humanitar hüququn və müharibə qanunlarının kobud şəkildə pozulmasıdır. Bu, müharibə cinayətləri, eləcə də insanlığa qarşı cinayətlər kimi qiymətləndirilir. Əməliyyatlar hüquqi baxımdan qeyri-qanunidir. Çünki onların keçirilməsi üçün BMT Təhlükəsizlik Şurasının qərarı yoxdur. Eyni zamanda İrandan gələn silahlı hücum mövcud deyil ki, bunu əsaslandırsın. ABŞ prezidenti Donald Tramp “Netanyahu”nun təsiri altına düşərək beynəlxalq hüququ və ABŞ-nin maraqlarını nəzərə almadan hərəkət edir".
Analitik vurğulayıb ki, beynəlxalq humanitar hüquq, hərbi əməliyyatların qanuniliyini müəyyən edən meyarları açıq şəkildə müəyyən edir:
"1949-cu il Cenevrə Konvensiyaları və 1977-ci il əlavə protokollar hərbi əməliyyatların qanuni sayılması üçün ciddi şərtlər qoyur. Bu əsas meyarlara aşağıdakılar daxildir: BMT Təhlükəsizlik Şurasının hüquqi sanksiyası və ya real silahlı hücuma qarşı özünümüdafiə hüququnun tətbiqi, hərbi və mülki hədəflərin fərqləndirilməsi, hücumla əldə olunacaq hərbi üstünlük arasında proporsionallıq və mülki şəxslərə zərər verməmək üçün bütün mümkün tədbirlərin görülməsi.
Tehran və digər İran şəhərlərində mülki itkilərin baş verməsi hüquqi baxımdan müharibə cinayəti hesab olunur. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 8-ci maddəsinə görə, mülki şəxslərin qəsdən öldürülməsi və onlara qarşı hücumların yönəldilməsi müharibə cinayətidir. Bu baxımdan, ABŞ-İsrail zərbələri nəticəsində öldürülən hər bir mülki şəxs ayrıca müharibə cinayəti kimi qiymətləndirilməli və məsuliyyətə cəlb olunmalıdır".
Ekspert bildirib ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi zərbələr beynəlxalq hüququn bütün əsas meyarlarını açıq şəkildə pozur:
"Bunun səbəbləri aşağıdakılardır: birincisi, İrana qarşı güc tətbiqinə icazə verən heç bir BMT Təhlükəsizlik Şurası qərarı mövcud deyil və BMT Nizamnaməsinin VII fəsli yalnız bu quruma belə səlahiyyət verir. Bu qərarın olmaması əməliyyatı qeyri-qanuni aqressiyaya çevirir. İkincisi, özünümüdafiə hüququna istinad hüquqi baxımdan əsassızdır. BMT Nizamnaməsinin 51-ci maddəsinə görə bu hüquq yalnız real silahlı hücum baş verdikdə tətbiq edilə bilər. Üçüncüsü isə, İrandan ABŞ və ya İsrailə qarşı ilk zərbədən əvvəl heç bir silahlı hücum olmayıb. İranın nüvə proqramı və ya siyasi bəyanatlarının hücuma əsas kimi göstərilməsi beynəlxalq hüquqa ziddir. Çünki bu hüquq “preventiv müharibə” nəzəriyyəsini qəbul etmir".