“Paşinyan qalarsa, normallaşma davam edəcək, amma zəifləyəcək”
2026-cı ildə keçiriləcək Ermənistan parlament seçkiləri ölkənin daxili siyasi gələcəyi ilə yanaşı, bütövlükdə Cənubi Qafqazın geosiyasi istiqamətini müəyyənləşdirə biləcək mühüm mərhələ kimi qiymətləndirilir.
Paşinyanın da bu istiqamətdə açıqlamaları diqqət çəkir. Belə ki, Nikol Paşinyan parlamentdə çıxışı zamanı hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Mariya Karapetyanın gələcək mandatın necə xarakterizə olunacağı ilə bağlı sualını cavablandırıb. Ermənistan baş naziri bildirib ki, gələcək mandatın əsas mahiyyəti Ermənistan və Azərbaycan arasında sülhün institutlaşdırılması, onun adi hala çevrilməsi və cəmiyyətin əsas dəyərinə çevrilməsi olmalıdır.
Xarici siyasət üzrə tədqiqatçı Tuna Tanman Sherg.az-a Paşinyanın seçilmək şansının yüksək olduğunu söyləyib:
"7 iyunda keçirilməsi gözlənilən 2026-cı il Ermənistan parlament seçkiləri ərəfəsində ictimai rəy sorğularını və regional geosiyasi dinamikaları birlikdə qiymətləndirmək lazımdır. Bunlar Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının seçkiləri yenidən qazanacağı ehtimalının yüksək olduğunu göstərir. Bununla belə, mövcud sorğular Paşinyanın bu dəfə daha məhdud səs faizi əldə edə biləcəyinə və parlamentdə zəif çoxluqla təmsil olunacağına da işarə edir.
Bu vəziyyət hökumətin təkbaşına qurulmasının zəmanətli olmadığını və seçkidən sonra ittifaq axtarışlarının gündəmə gələ biləcəyini göstərir. Buna görə də Paşinyanın hakimiyyətini davam etdirməsi ehtimalı yüksək olsa da, əvvəlki dövrlə müqayisədə daha kövrək və danışıqlara açıq idarəetmə modelinin formalaşması mümkündür.
Müxalifətin seçkiləri qazana bilməsi isə müxalif qrupların birləşmə qabiliyyətindən asılıdır. Lakin mövcud vəziyyət müxalifət blokları arasında belə bir vəziyyətin baş vermədiyini göstərir. Bu, hakimiyyət dəyişikliyinin qarşısındakı ən mühüm maneələrdən biri kimi önə çıxır".
Analitik qeyd edib ki, müxalifətin önə çıxan fiqurlarından biri olan Robert Köçəryan Türkiyə və Azərbaycanla normallaşmaya məsafəli, daha təhlükəsizlik yönümlü və sərt yanaşmanı təmsil edir:
"Mövcud sorğular və siyasi konjonktura bu alternativin qısa müddətdə hakimiyyətə gəlmə ehtimalının məhdud olduğunu göstərir.
Geosiyasi baxımdan nəzər saldıqda, Rusiyanın Ukrayna müharibəsi səbəbilə diqqətinin və imkanlarının əhəmiyyətli dərəcədə dağılması Ermənistanın daxili siyasətinə birbaşa müdaxilə ehtimalını zəiflədir. Digər tərəfdən, ABŞ xüsusilə Zəngəzur dəhlizi müzakirələri üzərindən bölgədə təsirini artırmağa cəhd edir. Bununla bərabər İranın İsrail və ABŞ ilə yaşadığı gərginliklər Cənubi Qafqazda çoxaktorlu və həssas balans formalaşdırır.
Bu çərçivədə Paşinyanın yenidən seçilməsi halında Azərbaycanla aparılan normallaşma və sülh danışıqlarının davam etməsi gözlənilir. Lakin mümkün zəif hökumət strukturu danışıqlar prosesinin sürətini və əhatə dairəsini məhdudlaşdıra bilər. Prosesin irəliləməsi mümkün olsa da, daxili siyasi təzyiqlər səbəbindən daha ehtiyatlı və mərhələli inkişaf proqnozlaşdırılmalıdır".
Ekspert vurğulayıb ki, erməni ictimaiyyətinin mövqeyi bu məqamda müəyyənedici amil kimi çıxış edir:
"2020-ci il Qarabağ müharibəsindəki məğlubiyyətə baxmayaraq, Paşinyana dəstəyin tam şəkildə yox olmaması cəmiyyətin əhəmiyyətli hissəsinin yeni bir münaqişədən çox sabitlik və iqtisadi yaxşılaşmanı üstün tutduğunu göstərir. Uzun müddət davam edən izolyasiya və iqtisadi çətinliklərin yaratdığı təzyiq normallaşma axtarışını ictimai səviyyədə daha rasional seçimə çevirib.
İki ölkə arasında yenidən müharibənin baş vermə ehtimalı yalnız Ermənistandakı hakimiyyət dəyişikliyindən asılı deyil. Mövcud regional və qlobal şərtlər nəzərə alındıqda, qısa müddətdə genişmiqyaslı qarşıdurma ehtimalı aşağı görünür. Bunun əksinə olaraq, kövrək, lakin irəliləyən normallaşma prosesi ən real senaridir".