Şahin Mustafayevin Ermənistana səfəri müsbət siqnaldır - Natali Aleksanyanın "Şərq"ə AÇQLAMASI

"İctimai əhval-ruhiyyə də müsbətdir. Çünki insanlar sülhə doğru hər hansı bir addımı çoxdan gözlənilən imkan kimi qəbul edirlər"

Cənubi Qafqazda baş verən proseslər regionun gələcəyi baxımından yeni və həlledici mərhələyə qədəm qoyduğunu göstərir. Uzun illər davam edən gərginlik və qarşıdurmadan sonra Azərbaycan-Ermənistan arasında birbaşa təmasların artması təkcə diplomatik jest deyil, həm də real dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilir. 

Məhz bu kontekstdə baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri diqqət çəkir. Bu səfər regionda sülhə doğru atılan addımların daha konkret və məqsədyönlü xarakter aldığını nümayiş etdirir.

Erməni jurnalist və ekspert Natali Aleksanyan Sherg.az-a bu səfərin daha vacib və müsbət siqnal olduğunu deyib:

"Azərbaycan nümayəndə heyətinin baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Ermənistana gəlməsi tərəflər arasında təmasların daha praktik və açıq mərhələyə keçdiyini göstərir.

Əgər əvvəllər əsasən vasitəçilər vasitəsilə və ya qeyri-rəsmi əlaqələrdən söhbət gedirdisə, indi dövlət səviyyəsində birbaşa görüşləri görürük. Bu da özlüyündə gərginliyin azaldığının əlamətidir.

İctimai əhval-ruhiyyə də müsbətdir. Çünki insanlar sülhə doğru hər hansı bir addımı çoxdan gözlənilən imkan kimi qəbul edirlər. Əlbəttə, hələ yekun nəticələrdən danışmaq tezdir. Amma məhz belə addımlar tədricən etimad mühitini formalaşdırır.

Ümumilikdə bu, münasibətlərin normallaşması istiqamətində növbəti, lakin əhəmiyyətli addımdır. 

Əlbəttə, müxalifətin versiyasına görə, biz artıq “Meğrini və Süniki təslim etmişik”. Bu sözə mən gülürəm. Yaxşı bir atalar sözü var: it hürər, karvan keçər".

Ekspert qeyd edib ki, bu gün ən vacib olan sülhə aparan yol, sabitlik və gələcəkdir:

"Daimi qorxu və süni səs-küy içində yaşamaq lazım deyil. Yeni bir səhifə açmaq imkanı varsa, emosiyalarla və boş hay-küylə deyil, dövlət düşüncəsi ilə hərəkət etmək lazımdır.

İş davam edir. Zaman göstərəcək ki, kim həqiqətən dövlət haqqında düşünürdü, kim isə yalnız siyasi mənfəəti güdürdü".