Tramp ABŞ hərbçilərinə İrana zərbələri dayandırmağı əmr edib

ABŞ Prezidenti Donald Tramp iki həftəyə yaxın davam edən gündəlik hücumlar silsiləsindən sonra ilk dəfə Amerika hərbçilərinə İrana yeni zərbələr endirməməyi tapşırıb.

Sherg.az xəbər verir ki, bu barədə "Axios" nəşri qərarla tanış olan iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, cümə günü hərbçilər Trampa növbəti hədəflərin siyahısını təqdim etsələr də, ABŞ Prezidenti əməliyyatın keçirilməsinə icazə verməyib. Bununla yanaşı, ABŞ hərbi komandanlığı genişmiqyaslı döyüş əməliyyatlarının bərpası üçün mümkün ssenarilər üzərində işləməyə davam edir.

Axios yazır ki, Trampın bu qərarı həm onun diplomatik həll yoluna açıq olduğunu, həm də ABŞ-ın indiyədək həyata keçirdiyi zərbələrin maksimum həddə çatdığını qəbul etdiyini göstərir.

Qərarın Omanın nümayəndələrinin Tehranda danışıqlar apardığı vaxta təsadüf etdiyi bildirilir. Məlumata əsasən, Hörmüz boğazında gəmiçiliyin bərpasına dair mümkün razılaşma istiqamətində müəyyən irəliləyiş əldə olunub.

Tramp göstərişi verdikdən qısa müddət sonra Ağ evdə jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ-nin İrana qarşı zərbələri davam etdirmək və hətta onları gücləndirməklə "İranda olan hər şeyi məhv etmək" imkanı var. Bununla belə, o, İranla razılaşma əldə etməyi "daha ağıllı strategiya" hesab etdiyini vurğulayıb.