2026-cı ilin fevral ayında Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması bu tarixi hadisənin elmi və mədəni əhəmiyyətini yenidən gündəmə gətirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, Qurultayın 100 illiyi bu il qeyd olunacaq.
Qeyd edək ki, türk respublikaları arasında latın əsaslı əlifbanın ilk kütləvi tətbiqi Azərbaycanda həyata keçirilib. Bu baxımdan, Birinci Türkoloji Qurultayın 100 illiyi yalnız tarixi bir yubiley deyil, eyni zamanda Türk dünyasında dil, əlifba və elmi əməkdaşlıq məsələlərinin inkişaf yolunun yenidən qiymətləndirilməsi üçün mühüm məsələdir.
Türk Dünyası Tarixi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, tarixçi professor Naci Yengin Sherg.az-a açıqlamasında türklərin türk dili ilə bağlı araşdırmalarının miladdan, hətta tarixin başlanğıcından da əvvələ gedib çıxdığını söyləyib:
"Avropada türklük və türkoloji tədqiqatlar XVIII əsrdə elmi sahə kimi formalaşmağa başlayır. Türk dünyasında isə türkoloji və ümumilikdə Türk dünyasına dair elmi-türkçə araşdırmalar XIX əsrdə ortaya çıxır.
Qərbdə başlanan bu türklük və türkoloji elmi bizə XIX əsrdə gəlib çatır. Onun əhəmiyyəti XX əsrdə dərk olunmağa başlanır. XX əsrdə bu əhəmiyyətin anlaşılması Türk dünyasında yeni bir axtarışa yol açır. Bu axtarış belə bir sualı gündəmə gətirir: "dünya türklərinin vahid əlifba və vahid dil ətrafında birləşməsi mümkündürmü, onları tək bir çətir altında toplamaq olarmı?"
XIX əsrdən XX əsrə keçid dövründə bu fikirlərin ən mühüm daşıyıcılarından biri Krım tatarı İsmayıl bəy Qaspıralıdır. İsmayıl bəy Qaspıralı Türklük ideyasını və Türk dünyasında yaşayan bütün türklərin ortaq əlifbaya keçməsi məqsədini təbliğ etmək üçün “üsuli-cədid” məktəblərini açır, qəzetlər nəşr etdirir və yeni təhsil proqramları hazırlayır. Onun nəşr etdirdiyi qəzetin adı “Tərcüman” idi".
Professor “Tərcüman” qəzetində İstanbul türkcəsinin əsas götürüldüyünü qeyd edib:
"Qəzetin fəaliyyatı 1905-ci ildən sonra Rusiya imperiyasının diqqətini cəlb edir. O dövrdə bir çox türk coğrafiyası Rusiyanın işğalı və müstəmləkə altında saxlanıldığı. Buna görə də Rusiya bu vəziyyətdən ciddi şəkildə narahat olur və İsmayıl bəy Qaspıralının fəaliyyətlərini əngəlləməyə başlayır.
Lakin Rusiyanın qarşısını almağa çalışdığı bu proseslər 1917-ci ildə Çar Rusiyasının süqutu ilə yeni mərhələyə keçir. Çarlıq Rusiyasının dağılmasını türklər dəstəkləyir. 1917-ci ildən sonra baş verən sosialist inqilabına bir çox türk xalqları tərəfdar olur. Çünki inqilabı həyata keçirənlər türklərə belə vədlər verirlər: "bütün türk xalqlarının müstəqilliyi tanınacaq, onlar öz dillərində, inanclarında və mədəniyyətlərində azad şəkildə yaşayacaqlar".
Ancaq bu vədlərin heç biri reallaşdırılmır. Buna baxmayaraq, türklük və türkoloji fəaliyyətlər tədricən Türk dünyasında daha böyük əhəmiyyət qazanır. Bu proses 1926-cı ildə Azərbaycanda keçirilən Birinci Türkoloji Qurultaya qədər davam edir.
1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultay dövründə Sovet İttifaqı sərhədləri daxilində təxminən 30 milyon türk yaşayırdı".
Tarixçi həmin dövrdə Türkiyədə yaşayan təxminən 30 milyon türklə birlikdə, dünyada ümumilikdə 150 milyona yaxın türk əhalisinin olduğunu bildirib:
"Bu şəraitdə 150 milyon türk insanının vahid əlifba ilə oxuyub-yaza bilməsi məqsədilə Azərbaycan türklərinin öncüllüyü və Türk dünyasının bir çox ziyalı və liderlərinin iştirakı ilə Türkoloji Qurultay Bakıda keçirildi. Bu qurultayda qəbul edilən qərarlar göstərir ki, bu gün Türk Dövlətləri Təşkilatının 2025-ci ildə Qəbələ şəhərində başlatdığı və Türk dünyasının ortaq əlifbası ilə nəşr olunan kitabların hədiyyə edilməsi ilə simvolik şəkildə başlayan proses, əslində 1926-cı ildən qaynaqlanır. Həmin dövrdə Azərbaycan başda olmaqla bir çox türk dövləti və türk xalqı latın əlifbası ilə kitablar nəşr etməyə başlayır. İstanbul türkcəsi əsas götürülərək elmi və ədəbi əsərlər çap olunur. Lakin Sovet İttifaqı bu vəziyyətdən ciddi şəkildə narahat olur və 1930-cu ildən etibarən bütün bu fəaliyyətləri qadağan edərək kiril əlifbasını məcburi hala gətirir. Bu məcburiyyət 1990-cı ilə qədər Sovet hakimiyyəti altında yaşayan türk xalqlarına təzyiq yolu ilə tətbiq olunur.
1990-cı ildən sonra isə türk dövlətləri Sovet İttifaqının təsirindən qurtularaq yenidən müstəqilliklərini bərpa edirlər. Azərbaycan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstan tədricən yenidən latın əlifbasına keçməyə başlayır".
N.Yengin, İsmayıl bəy Qaspıralının XX əsrin əvvəllərində irəli sürdüyü “dildə, fikirdə, işdə birlik” ideyasını xatırladıb. O vurğulayıb ki, bu ideya Azərbaycan öncüllüyündə, Türkiyə Cümhuriyyətinin və digər türk dövlətlərinin iştirakı ilə 2025-ci ildən etibarən yenidən canlanıb:
"Bu ideya yaxın gələcəkdə bütün Türk dünyasında dil birliyinə, mənəvi birlik və əməkdaşlığa çevriləcək.
Bu dönüş 1926-cı ildə keçirilmiş Bakı Türkoloji Qurultayında qəbul edilən qərarlar əsasında baş tutacaq. Məhz bu baxımdan, Birinci Türkoloji Qurultay bu gün də öz aktuallığını qoruyub saxlayır. Türk dövlətləri və türk xalqları həmin qurultayda qəbul edilmiş qərarları müasir dövrün şərtlərinə uyğun şəkildə yenidən dəyərləndirərək özləri üçün yol xəritəsi etməlidirlər. Bu qərarlar sayəsində Türk dünyasını və türk xalqlarını yenidən eyni dil, eyni fikir ətrafında birləşdirmək imkanı əldə edəcəyik".