Türkiyə-İsrail qarşıdurması NATO-da böyük parçalanma yarada bilər - Toğrul İsmayıl

“ABŞ NATO-dan çıxmağı düşünür- bu, yeni dünya nizamının siqnalıdır”

ABŞ Milli Antiterror Mərkəzinin keçmiş direktoru Co Kent cümə axşamı bildirib ki, müəyyən amil ABŞ üçün Şimali Atlantika Alyansından çıxmaq üçün əsas ola bilər. Kent hesab edir ki, ABŞ-nin NATO-dan çıxması xarici münaqişələrdən yayınmaq məqsədi daşımayacaq, əksinə, Suriyada Türkiyə ilə İsrail arasında mümkün gələcək toqquşmada İsrailin tərəfini tutmaq üçün edilə bilər. 

Türkiyə XİN rəhbəri Hakan Fidan isə Anadolu Agentliyinə verdiyi açıqlama da vurğulayıb ki, Türkiyəni yeni düşmən elan etmə axtarışındadırlar. Fidan ABŞ-İran danışıqları barədə də “Hər iki tərəf atəşkəs məsələsində səmimidir, ehtiyacın fərqindədir” deyib.

Ankara Universitetinin professoru Toğrul İsmayıl Sherg.az-a bildirib ki, ABŞ siyasi elitasında zaman-zaman səsləndirilən radikal tezislər- xüsusilə də NATO kimi tarixi-strateji ittifaqdan çıxmaq ideyası əslində daha dərin geosiyasi transformasiyaların simptomudur:

"Keçmiş ABŞ Milli Antiterror Mərkəzinin direktoru Co Kentin səsləndirdiyi fikir bu baxımdan sıradan çıxış deyil. Bu açıqlama Vaşinqtonun Yaxın Şərqdə dəyişən prioritetlərinin açıq etirafı kimi oxunmalıdır.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ üçün artıq əsas sual “NATO lazımdırmı?” deyil, “NATO ABŞ-nin yeni strateji prioritetlərinə nə dərəcədə xidmət edir?” sualıdır. Bu kontekstdə Suriyada mümkün Türkiyə-İsrail qarşıdurması ssenarisi xüsusi əhəmiyyət kəsb edir. Əgər belə bir toqquşma ehtimalı real hesab olunursa və Vaşinqton açıq şəkildə İsrailin yanında yer almağı düşünürsə, bu, NATO daxilində ciddi struktur ziddiyyəti yaradacaq. Çünki Türkiyə Alyansın ikinci ən böyük ordusuna malik üzvüdür və regionda müstəqil güc mərkəzi kimi çıxış edir.

Burada əsas diqqət çəkən məqam ondan ibarətdir ki, ABŞ-nin NATO-dan çıxmaq ehtimalı artıq “izolyasionizm” kimi deyil, selektiv müdaxilə strategiyası kimi təqdim olunur. Bir sözlə Vaşinqton qlobal öhdəliklərdən qaçmaq deyil, əksinə, daha sərbəst hərəkət etmək üçün institusional məhdudiyyətlərdən qurtulmaq istəyir. Bu isə NATO-nun kollektiv müdafiə prinsipi ilə ziddiyyət təşkil edir".

Analitik qeyd edib ki, Türkiyə baxımından bu müzakirələr son dərəcə həssasdır: 

"Ankara uzun illərdir ki, NATO çərçivəsində təhlükəsizlik təminatlarını qorumaqla yanaşı, öz müstəqil regional siyasətini formalaşdırmağa çalışır. Suriya məsələsində Türkiyənin əsas prioriteti sərhəd təhlükəsizliyi, terrorla mübarizə və regional balansın qorunmasıdır. ABŞ isə eyni coğrafiyada fərqli aktorlarla- xüsusilə də İsraillə strateji koordinasiyanı üstün tutur. Bu fərqli yanaşmalar zaman-zaman taktiki gərginliklər yaratsa da, indi ilk dəfə olaraq strateji qırılma ehtimalı kimi müzakirə olunur.

Əgər ABŞ doğrudan da NATO-dan çıxmaq kimi radikal addımı gündəmə gətirərsə, bu, yalnız transatlantik münasibətlər üçün deyil, həm də Türkiyənin təhlükəsizlik arxitekturası üçün dönüş nöqtəsi ola bilər. Belə bir ssenaridə Ankara qarşısında üç əsas seçim formalaşar.

Birinci ssenari NATO daxilində yeni balans yaratmaq və Avropa ilə daha sıx təhlükəsizlik əməkdaşlığına getməkdir. 

İkinci ssenari tamamilə müstəqil müdafiə strategiyasını gücləndirmək və regional ittifaqlara yönəlməkdir.

Üçüncü ssenari isə çoxvektorlu siyasəti dərinləşdirərək həm Qərb, həm də Şərq platformalarında paralel oyun qurmaqdır".

Müsahibimiz vurğulayıb ki, bütün hallarda bir həqiqət dəyişmir: Türkiyə artıq passiv təhlükəsizlik istehlakçısı deyil, aktiv geosiyasi oyunçudur: 

"ABŞ-da bu tip bəyanatların artması isə Ankaranın rolunun Vaşinqtonda həm qəbul etdiyini, həm də müəyyən mənada narahatlıq doğurduğunu göstərir.

Nəticə etibarilə, Co Kentin açıqlaması konkret siyasi qərardan daha çox, yeni geosiyasi reallığın konturlarını cızır. Bu reallıqda Türkiyə yalnız NATO üzvü kimi deyil, müstəqil güc mərkəzi kimi hesablanır. Məhz bu faktor gələcək qarşıdurmaların deyil, həm də yeni ittifaqların əsas müəyyənedicisi olacaq".