- “Bayrağımız keçmişimizin yadigarı, bu günümüzün qürur mənbəyi və gələcəyimizin təminatıdır”
Dövlətimizin üçrəngli bayrağı Azərbaycanın suverenliyinin, müstəqilliyinin və milli kimliyinin ən müqəddəs rəmzlərindən biridir.
Milli Məclisin deputatı Pərvin Kərimzadə 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Sherg.az-a açıqlamasında bildirib ki, bayraq hər zaman xalqların azadlıq və istiqlal mübarizəsinin, milli birliyinin, dövlətçilik ənənələrinin təcəssümü olub:
"İnsanlar öz dövlətlərinin bayrağına ehtiramla yanaşıb, onu milli qürur və ləyaqət simvolu kimi qəbul ediblər. Bu mənada ölkəmizdə 9 Noyabr – Dövlət Bayrağı Gününün qeyd olunması həm dövlətimiz, həm də xalqımız üçün böyük əhəmiyyət daşıyır. Bu əlamətdar gün müstəqilliyimizin tarixinə nəzər salmaq, dövlətçilik ənənələrimizi, milli dəyərlərimizi və keçdiyimiz tarixi yolu bir daha xatırlamaq baxımından xüsusi məna kəsb edir. Çünki bayraq yalnız dövlət rəmzi deyil, həm də xalqın azadlıq iradəsinin, milli yaddaşının və gələcəyə inamının ifadəsidir.
Dövlət Bayrağı Gününün tarixi Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Nazirlər Şurasının binası üzərində qaldırılıb:
1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olan bu bayraq Azərbaycan xalqının milli istiqlal ideyasını və müstəqil dövlət qurmaq əzmini təcəssüm etdirib. Bayrağımızın rəngləri milli istiqlal ideologiyamızın üç əsas prinsipini – türkçülük, müasirlik və islamçılığı özündə ehtiva edir. Bu ideoloji düsturun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. Üçrəngli bayrağımız xalqımızın milli-mənəvi dəyərlərə bağlılığını, müasir dünyaya inteqrasiya istəyini, azadlıq və tərəqqi məfkurəsinə sadiqliyini ifadə edir. Məhz bu xüsusiyyətlər bayrağımızı milli kimliyimizin və dövlətçilik düşüncəmizin ayrılmaz rəmzinə çevirib.
Millət vəkili qeyd edir ki, təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Lakin onun üçrəngli bayrağı xalqımızın yaddaşında yaşadı, müstəqillik ideyası nəsildən-nəslə ötürüldü. 1990-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bu tarixi rəmzin yenidən dövlətçilik həyatımıza qaytarılması istiqamətində mühüm addım atıldı:
"Belə ki, 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə muxtar respublikanın dövlət bayrağı kimi qəbul edildi. Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə vəsatət qaldırdı. 1991-ci il fevralın 5-də həmin vəsatətə baxıldı və Azərbaycan parlamenti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli bayrağımızı yenidən dövlət bayrağı elan etdi.
Beləliklə, xalqımızın milli istiqlal rəmzi müstəqil dövlətimizin əsas atributlarından biri kimi öz layiqli yerini tutdu. 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi rəsmiləşdirilməsi ilə bağlı qərar qəbul etdi. Əmək Məcəlləsinə edilən müvafiq dəyişikliklə bu əlamətdar gün qeyri-iş günü olan bayramlar sırasına daxil edildi.
Azərbaycan dövlətçiliyində bayrağa verilən yüksək qiymətin mühüm ifadələrindən biri də Dövlət Bayrağı Meydanının yaradılması oldu. Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında Sərəncam imzaladı. Bu qərar dövlət rəmzlərimizə ehtiramın, milli qürurun və müstəqil dövlətimizin beynəlxalq miqyasda tanıdılmasına verilən önəmin bariz nümunəsi idi. Dövlət Bayrağı Meydanının yaradılması ilə Azərbaycan öz müstəqilliyini, dövlətçilik iradəsini və milli kimliyini dünyaya bir daha nümayiş etdirdi. Bu, həm də xalqımızın tarixən arzuladığı müstəqil dövlətçilik ideallarına sadiqliyinin təcəssümü idi".
P. Kərimzadə bildirir ki, 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirildi:
" Mərasimdə çıxış edən Prezident İlham Əliyev dövlət bayrağının xalqımız və dövlətimiz üçün xüsusi əhəmiyyətini vurğulayaraq demişdi: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”
Bu fikirlər zaman keçdikcə tarixi gerçəkliyə çevrildi. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu gün üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda, o cümlədən Şuşada və Xankəndidə dalğalanması milli qürurumuzun, dövlət suverenliyimizin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərə ilk səfərləri zamanı həmin torpaqlarda Azərbaycan Bayrağının ucaldılması dövlətçilik tariximizin əlamətdar hadisələrindən biri kimi yadda qalıb. Bir zamanlar arzu və hədəf kimi səslənən fikirlərin reallığa çevrilməsi xalqımızın milli iradəsinin və dövlətimizin gücünün ifadəsidir.
Təbii ki, müstəqilliyimiz asanlıqla əldə olunmayıb. Bu gün başımız üzərində qürurla dalğalanan bayrağın arxasında xalqımızın uzun illər davam edən mübarizəsi, qəhrəmanlıq tarixi, şəhidlərimizin canı və qanı dayanır. Məhz buna görə də üçrəngli bayrağımıza ehtiram müstəqilliyimizə, dövlətçiliyimizə və Vətənimizin azadlığı uğrunda həyatını fəda edən qəhrəmanlarımıza ehtiram deməkdir. Dünya ictimaiyyəti də Azərbaycan xalqının öz dövlət rəmzlərinə, milli dəyərlərinə və müstəqilliyinə necə böyük hörmətlə yanaşdığının şahididir.
Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir. Bu əminlik bu gün üçrəngli bayrağımızın ölkəmizin bütün ərazisində, o cümlədən uzun illər işğal altında olmuş torpaqlarımızda qürurla dalğalanmasında öz təsdiqini tapır. Bayrağımız keçmişimizin yadigarı, bu günümüzün qürur mənbəyi və gələcəyimizin təminatıdır. Əminik ki, müstəqil Azərbaycanımızın üçrəngli bayrağı bundan sonra da daim zirvələrdə dalğalanacaq, dövlətimizin suverenliyini, xalqımızın birliyini və milli qürurunu təcəssüm etdirəcək!".