Əlisəfa Mehdi: Biz Çingiz Mustafayevlərin açdığı cığırı genişləndirərək gələcək jurnalistlərə toplanmış təcrübələri tədris edirik

Azərbaycan jurnalistikasının tarixində elə simalar var ki, onlar peşələrini sadəcə informasiya çatdırmaq vasitəsi kimi deyil, həm də xalq qarşısında mənəvi və vətəndaşlıq missiyası kimi qəbul ediblər. Bu simalardan biri də Çingiz Mustafayev idi. O, Birinci Qarabağ müharibəsinin ən ağır və faciəli günlərində həyatını təhlükəyə ataraq hadisələrin mərkəzinə yollandı, cəbhədə baş verənləri bütün çılpaqlığı ilə ictimaiyyətə çatdırmağa çalışdı. Çingiz Mustafayevin fəaliyyəti təkcə peşəkar cəsarətin deyil, həm də vətən sevgisinin, həqiqətə sadiqliyin və fədakarlığın parlaq nümunəsi kimi Azərbaycan jurnalistika tarixində xüsusi yer tutur. Onun keçdiyi yol münaqişə və müharibə jurnalistikasının formalaşmasına, sonrakı nəsil jurnalistlər üçün isə əvəzsiz təcrübə məktəbinin yaranmasına mühüm töhfə verdi. 

15 iyun onun- Azərbaycan Respublikasının Milli Qəhrəmanı Çingiz Mustafayevin şəhid olduğu gündür.

"Konflikt jurnalistikası məktəbi"nin rəhbəri, BDU Yeni media və kommunikasiya kafedrasının müəllimi Əlisəfa Mehdi Sherg.az-a Çingiz Mustafayevin göstərdiyi qəhrəmanlıqdan və hazırda hərbi jurnalistlərin yetiştirilməsindən danışıb:

"Çingiz Mustafayev təşəbbüskar, vətənini sevən, hadisələri ictimailəşdirməyə hamıdan çox cəhd edən, qabiliyyətli bir oğul idi. Özü həkim olsa da, qanın, qadağanın içində, yəni Qarabağda baş verən hadisələrə kənarda qalmaq istəmədi, getdi. Hadisələri ön cəphədən ötürdü, xeyli sirlərin üstünü açdı. Buna görə onun ruhuna ancaq alqış demək lazımdır. O dövr elə dövr idi ki, Azərbaycanda konflikt situasiyalarında işləyən jurnalistlərin heç bir təcrübəsi yox idi, hamı ekspromt işləyirdi. Elə bir insan olmalı idin ki, həm hərbçilərlə mümkün qədər dil tapa biləsən, həm mülki əhalinin etimadını qazana biləsən, həm də daxilində səni qorxmadan hadisələrin mərkəzinə aparacaq qədər adrenalin, cəsarət və risk etmək istəyi olsun. Bu, zarafat iş deyildi. Bütün bunların hamısı Çingiz Mustafayevdə var idi. Lakin Çingiz hərbi jurnalist deyil, mülki jurnalist idi. Buna görə də onun konflikt situasiyalarında işləmək təcrübəsi kifayət qədər deyildi. Müharibə şəraitində, döyüşün gedişində və hərbçilərlə münasibətlərdə nəyin deyilib-deyilməyəcəyini, hansı məlumatın ertələnməli, hansının arxivləşdirilməli, hansının isə gecikdirilmədən ictimaiyyətə çatdırılmalı olduğunu müəyyənləşdirmək təcrübəsi onda hələ tam formalaşmamışdı. O vaxt Çingiz Mustafayevin də buna görə bir neçə nöqsanları oldu və o xətaların birində də təəssüf ki, özünü qoruya, hadisə yerindən salamat qayıda bilmədi".

Əlisəfa Mehdi bu gün də gənc jurnalistlərin yetişdirilməsində o vaxt qazanılan təcrübələrin və şücaət göstərən qəhrəmanların örnək alındığını vurğulayıb:

"Çingiz Mustafayevdən, Seyidağa Mövsümovdan başlayaraq biz bu təcrübələri topladıq. Yavaş-yavaş təcrübələri toplayandan sonra 2003-cü ildən, yəni mən pensiyaya çıxandan sonra Konflikt Jurnalistikası Məktəbini yaratdıq. Bu gün ekstremal hadisə yerlərində işləyən, demək olar ki, 100-ə yaxın hazırlıqlı jurnalistimiz var. Onları dünyanın istənilən qaynar nöqtəsinə, hadisə yerinə yollamaq və onlara etibar etmək olar. Bu proses artıq ona gətirib çıxardı ki, biz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində məhz Çingiz Mustafayevlərin açdığı cığırı genişləndirərək gələcək jurnalistlərə toplanmış təcrübələri tədris edirik".