Hamını vahid xətkeş altına yığmaq olmaz - Sosioloq pensiya yaşı ilə bağlı SƏRT DANIŞDI

  • Əhməd Rəhmanov: “50 yaşını keçən vətəndaş əmək bazarından faktiki olaraq silinir”

Son günlər ən çox müzakirə edilən və narazılıq doğuran məsələ pensiya yaş həddinin yüksəldilməsidir. 2026-cı ilin 1 iyul dəyişikliyi ilə qadınların pensiya həddi 65-ə qaldırılaraq, kişilərlə eyniləşdirildi. Ölkədə orta ömür uzunluğunun statistik olaraq 76 yaş təşkil etdiyini nəzərə aldıqda, vəziyyətin acınacaqlı olduğu qabarıq şəkildə özünü göstərir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sanki bəzi vətəndaşların pensiya hüququnu “axirətə” planlaşdırıb. Cəmiyyətin kütləvi narazılığına səbəb olan təməl amil də məhz budur.

Mövzu ilə bağlı sosioloq Əhməd Rəhmanov Sherg.az-a bildirib ki, ölkədə vətəndaşların narazılığına səbəb olan əsas amil əmək bazarında olaraq iş yerlərinin yox dərəcəsində olmasıdır:

 “Sovet dövründə 50 yaşdan yuxarı şəxs işini itirdikdə bilirdi ki, ən pis halda gözətçi və ya xadimə kimi işə düzəlib, pensiya yaşına qədər özünü təmin edə bilər. Bu gün 50 yaş həddini keçən vətəndaşın işsiz qalması onun əmək bazarından faktiki olaraq silinməsi və karyerasının dondurulması deməkdir. Bəs 65 yaş pensiya həddinə qədər bu insanlar hansı vəsaitlə yaşamalı və dolanışığını necə təmin etməlidirlər? Bu ölkədə əmək bazarına nəzarət edən yoxdur. Qanunlar kağız üzərində qalıb. Məsələn hüquqi müstəvidə yaşa görə ayrı-seçkiliyə yol verən işəgötürənlərin cərimələnəcəyi yazılsa da, buna nəzarət edən yoxdur. Əmək və əhalinin sosial müdafiə Nazirliyi bununla bağlı bir müəssisəyə belə gedib, yerində yoxlama aparmır”. 

Sosioloqun fikrincə, qanunvericilik və tətbiq mexanizmi "dovşana qaç, tazıya tut" prinsipi üzərində qurulub:

“Vətəndaşa hüquqlarının qorunduğu deyilsə də, mövcud sistemlə bu hüquqlar məhdudlaşdırılır. Əvvəllər Əmək Məcəlləsində daimi iş yerlərinə müddətli müqavilə ilə işçi götürülməsi qadağan olunsa da, sonradan edilən dəyişikliklər işəgötürənlərin əlini tamamilə açdı. Bu gün marketlər şəbəkəsində işçi ilə rəsmi olaraq 8 saatlıq müqavilə bağlansa da, onu 10-12 saat işlədib, əməyini istismar edirlər. Müqavilə müddətli olduğu üçün işçi haqqını tələb edə bilmir. Çünki bilir ki, etiraz edəcəyi təqdirdə, müddət bitən kimi işdən kənarlaşdırılacaq. İşsizliklə bağlı sığorta müavinətinə geldikdə isə dövlət "36 ay sosial sığorta haqqı ödənilməyib" bəhanəsi ilə vətəndaşı bu ödənişdən də məhrum edir”. 

Ə.Rəhmanov onu da qeyd edib ki, qanunlar üzdə bir cür görünür, dərinliyinə gedəndə isə vətəndaşın zərərinə işləyir:

“Nəticədə camaat iş qıtlığından hər cür haqsızlığa və rəhbərliyin təzyiqlərinə sinə gərmək məcburiyyətində qalır. Pensiya almaq sadəcə təminat deyil, illərlə çəkilən zəhmətin bəhrəsidir. Sovet dövründə qadınlar üçün pensiya yaşı 55 idi. İndi bu həddi tədricən 10 il uzadıblar. Yaş həddini qaldırırlar, lakin qarşılığında yeni iş yerləri yaratmırlar. İnsanları işlə təmin etmək onların pensiya yaşını ölçməkdən daha vacibdir. Hamını "vahid xətkeş" altına yığmaq olmaz. Elə insanlar var ki, sağlamlıq imkanlarına görə 55 yaşında artıq işləyə bilmir, elələri də var ki, 70 yaşında fiziki baxımdan tam sağlamdır və işləmək gücündədir”.