“Yeni dünya nizamında Azərbaycan və Özbəkistanın yolu birləşir” - Özbək politoloqla MÜSAHİBƏ

  • Hamid Sodiq: “Bakı kiminlə əməkdaşlıq etməyin mümkün olduğunu çox yaxşı bilir”
  • “Azərbaycan–Özbəkistan yaxınlaşması tam inteqrasiya ilə nəticələnəcək”

Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə diplomatik əməkdaşlıq çərçivəsindən çıxaraq, Türk dünyasının geosiyasi və iqtisadi xəritəsinə təsir edən strateji tərəfdaşlığa çevrilir. Prezident İlham Əliyevin avqustun 23-24-də Özbəkistana dövlət səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Səfər çərçivəsində Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev arasında aparılan müzakirələr, “Əbədi dostluq haqqında” müqavilənin imzalanması, ticarət, investisiya, nəqliyyat və digər sahələrdə yeni layihələrin müəyyənləşdirilməsi Bakı-Daşkənd münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Xüsusilə Azərbaycan-Özbəkistan əməkdaşlığının Orta Dəhliz, Xəzər üzərindən nəqliyyat bağlantıları və Avropa bazarlarına çıxış baxımından yaratdığı imkanlar iki ölkənin strateji əhəmiyyətini daha da artırır. Son illərdə qarşılıqlı səfərlərin və iqtisadi əlaqələrin intensivləşməsi də bu prosesin təsadüfi olmadığını göstərir.

Bəs son prezident səfərinin geosiyasi və iqtisadi əhəmiyyəti nədən ibarətdir? Bakı ilə Daşkənd arasında formalaşan bu yeni əməkdaşlıq modeli Türk dünyasında hansı dəyişikliklərə yol aça bilər? Azərbaycan və Özbəkistanın Orta Dəhlizdə daha sıx koordinasiyası regionun nəqliyyat və logistika xəritəsini necə dəyişəcək?

Özbəkistanın tanınmış beynəlxalq münasibətlər üzrə mütəxəssisi və politoloqu Hamid Sodiq münasibətlərin perspektivləri və bu prosesə təsir göstərə biləcək amillər barəsində Sherg.az-ın suallarını cavablayıb: 

-Azərbaycan-Özbəkistan münasibətlərini son illərin fonunda necə qiymətləndirirsiniz?

-Azərbaycan-Özbəkistan münasibətləri son illərdə çox aktiv şəkildə inkişaf edib. Keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. İki dövlət arasında mədəni, iqtisadi, logistika və istehsalat sahələrində dərin əməkdaşlıq mövcuddur. Eyni zamanda müdafiə sahəsində də münasibətlər inkişaf etməkdədir. Bu istiqamətlərlə bağlı artıq çoxlu təhlillər aparılıb.

Amma informasiya vasitələrində bu münasibətlərlə bağlı təqdim olunan statistik məlumatlar və ya onların hansı dərəcədə inkişaf etdiyini göstərən göstəricilər yetərli deyil. Qarşılıqlı etimadın yaradılması baxımından burada tamamilə başqa bir mühüm məqamdan da bəhs etmək lazımdır.

Bu gün həm Özbəkistan, həm də Azərbaycan yeni şəkillənən dünya nizamında yer alır. Bu yeni reallığın daxildə hansı təsirlərə və əks-sədalara səbəb olduğu məsələsi var. Yəni dövlət nöqteyi-nəzərindən, beynəlxalq münasibətlərin tamhüquqlu subyekti kimi daxildə formalaşan bir səs və mövqe var.

- Qeyd etdiyiniz yeni dünya nizamı Azərbaycan və Özbəkistan üçün nə ifadə edir?

-"Yeni dünya nizamı" dediyimiz anlayış, eyni zamanda köhnə dünya nizamının dərin böhranla süquta uğraması deməkdir. Bu, çox ciddi və dərin qlobal böhran şəraitidir. Qlobal böhran kontekstindən yanaşdıqda, iki dövlətin hansı istiqamətdə hərəkət etməli olduğu və hansı nümunələrə müraciət etməli olduğu məsələsində daxili bir hissiyyat vә strateji durum mövcuddur.

-Azərbaycanın yaşadığı tarixi təcrübə bu baxımdan nə qədər əhəmiyyətlidir?

-Azərbaycan çox güclü siyasi cərəyana malik olan və öz tarixində ağır müharibə sınağı yaşamış ölkədir. Müharibə, tökülən qanlar nöqteyi-nəzərindən qısamüddətli görünə bilsə də, dövlətlərin tarixində çox mühüm dönüş nöqtəsidir. Müharibə insanların düşüncə tərzini və siyasi baxışlarını yenidən formalaşdırır.

Rəqibləri, dostları- hətta "düşmən" sözünü işlətsək, onların həqiqi mahiyyətini müəyyənləşdirmək baxımından Azərbaycanın böyük dövlətçilik təcrübəsi var. Kiminlə əməkdaşlıq etməyin mümkün olduğu, kimə nə dərəcədə inanmağın və ya kimə əvvəlcədən düşündüyümüz qədər güvənməyin mümkün olmadığı məsələlərdə ölkə böyük sınaqdan keçib. Ən əsası, həmin aktorlarla siyasi oyunun qaydalarına necə əməl etmək lazım olduğunu çox yaxşı bilir.

-Bu təcrübə Mərkəzi Asiya üçün hansı əhəmiyyət daşıyır?

-Tarixi proseslərin məcbur etdiyi bu təcrübəni yaşamaq baxımından Azərbaycan bu gün nəinki regionda və Özbəkistanda, bəlkə də bütün Mərkəzi Asiya dövlətləri üçün aydın bir nümunə, dövlət modeli kimi görünür. "Avropa ilə münasibətləri necə qurmaq lazımdır?", "Ən kritik məqamlarda Avropa özünü necə aparır: oyun qaydalarına əməl edir, yoxsa sadəcə özünü çəkib qaçır?", "Öz milli və dövlət dəyərlərini qorumaq üçün necə hərəkət etmək lazımdır?", "Əvvəl verilən vədlər yerinə yetirilirmi, yoxsa kağız üzərindəki müqavilələr elə kağız üzərində də qalır?", "Avropaya necə yanaşmaq, hansı halda diplomatiyaya, hansı halda isə sərtlik və qətiyyət göstərməyə üstünlük vermək lazımdır?"- Azərbaycan bu sualların cavabını öz praktiki təcrübəsində formalaşdırıb və bunu qoruyur. Eyni zamanda Türkiyə də Avropa ilə münasibətlərdə bu təcrübədən müəyyən qədər bəhrələnib. Azərbaycan dünyada baş verə biləcək geosiyasi kəskinlikləri, modern müharibələrin xarakterini və zamanla dəyişən vəziyyətləri dəqiq nəzərə alır.

-Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində hansı yanaşma var?

-Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində daxili bir ruh və xüsusi bir ruhiyyə var. Rəsmi sənədlərdə və ya protokollarda işlədilən sözlərdə bunlar ayrıca qeyd olunmasa da, məsələnin daxili mənasını anlamaq və bundan dərs çıxarmaq lazımdır.

Coğrafi baxımdan bir qədər uzaqda yerləşməsinə və ortaq tərəfdaşımız olan Türkiyə ilə Mərkəzi Asiya arasında birbaşa böyük bir qarşıdurmanın olmamasına baxmayaraq, Azərbaycan Mərkəzi Asiya dövlətlərini öz maraqları baxımından ruhən yaxınlaşdırmağa ehtiyac duyur. Həqiqi siyasi subyekt kimi uzunmüddətli strategiyalarını müəyyənləşdirmək üçün bu əlaqələr çox mühümdür. Türkiyə və Mərkəzi Asiya ilə mənəvi bağların gücləndirilməsi strateji zərurətdir. Mərkəzi Asiyanın ən güclü iqtisadiyyatına və ordusuna malik olan Özbəkistan bu məsələdə Azərbaycanın müstəqillik trayektoriyasını müəyyənləşdirə bilən əsas dövlətlərdən biridir. Məsələnin başqa bir cəhəti rəhbərlər nəslinin dəyişməsidir. 

-Rəhbərlər nəslinin dəyişməsi münasibətlərə necə təsir edib?

-SSRİ dağıldıqdan sonra hakimiyyətə gələn birinci nəsil rəhbərlər: Azərbaycanda Heydər Əliyev, Özbəkistanda İslam Kərimov dövlətçiliyin əsasını qoydular. O dövrün özünəməxsus xüsusiyyətləri var idi. Bu, təkcə iki ölkə arasında deyil, Özbəkistanın regiondakı digər qonşuları ilə (Qazaxıstan, Qırğızıstan, Tacikistan) münasibətlərində də hiss olunan bir rəqabət ruhiyyəsindən ibarət idi.

-İndiki rəhbərlər dövründə vəziyyət necə dəyişib?

-İndiki- ikinci nəsil rəhbərlərə gəldikdə isə, burada artıq açıq bir əməkdaşlıq mühiti hökm sürür. Onlar başqa bir dövrün liderləridir. Ən əsası, hər iki lider qlobal böhranı dərindən hiss edir. Yeni yaranan dünya nizamında siyasi enerjinin yenidən meydana gəlməsi məsələsində ümumi yanaşmaya malikdirlər.