Real addımlar atılarsa, İran iqtisadiyyatına kapital axını güclənə bilər - ŞƏRH

Lakin bu prosesin davamlılığı yenə də siyasi münasibətlərin sabitliyindən asılı olacaq

“İran və ABŞ arasındakı münaqişəyə son qoymağı hədəfləyən razılaşma cümə günü, 19 iyun tarixində imzalanacaq”.

Bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib. Daxili İşlər Nazirliyində keçirilən görüşdə İran-ABŞ razılaşması ilə bağlı açıqlamalar verən İran Prezidenti bildirib ki, həyata keçirilən koordinasiya sayəsində İran və ABŞ arasında razılaşma protokolu cümə günü imzalanacaq:

“Müharibə dövründə ölkəsində heç bir iğtişaş və ya üsyan olmadığını vurğulayan Pezeşkian hökumətin bütün hərbi proses boyunca effektiv idarəetmə nümayiş etdirdiyini qeyd edib”.

Qeyd edək ki, daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında razılaşma əldə edildiyini açıqlamışdı. İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi də ABŞ ilə razılaşmanı təsdiqləyib və 19 iyunda İsveçrədə anlaşma memorandumunun imzalanacağını bildirib.

Sherg.az xəbər verir ki, İran- ABŞ razılaşmasını şərh edən iqtisadçı Eldəniz Əmirov bildirib ki, ABŞ və İran arasında əldə olunan razılaşma bir çoxlarında münasibətlərin normallaşacağı təəssüratı yaratsa da, mənzərə əslində daha mürəkkəbdir: “Tərəflər arasında əsas ziddiyyətlər olan nüvə proqramı, sanksiyalar, regional təsir uğrunda rəqabət və İsrail amili olduğu kimi qalır. Sadəcə hazırda hər iki tərəf yeni müharibənin iqtisadi və siyasi xərcinin həddindən artıq yüksək olduğunu görür.

Bu səbəbdən yaxın dövr üçün ən real ssenari barışıq senarisi yox, idarə olunan gərginlikdir. Yəni tərəflər açıq müharibədən uzaq duracaq, lakin qarşıdurma tam bitməyəcək. Vaxtaşırı böhranlar, sərt bəyanatlar və təzyiqlər davam edəcək.

Razılaşmanın ən həssas məqamlarından biri isə İsrail faktorudur. Çünki faktiki olaraq İsrail bu razılaşmanın tərəfi deyil və onun təhlükəsizlik prioritetləri ilə Vaşinqtonun cari siyasi prioritetləri hər zaman üst-üstə düşmür. Bu isə gələcəkdə yeni fikir ayrılıqları və gözlənilməz gərginlik riskini artıran amillərdən biridir.

Noyabr ayına qədər isə Vasinqtonun əsas hədəflərindən biri Yaxın Şərqdə gərginliyin minimum səviyyəyə endirilməsi və problemlərin nəzarət altına alındığı görüntüsünün yaradılması olacaq. Aralıq seçkilər səbəbilə Trmp administrasiyası həm daxili siyasi gündəm, həm də seçicilərə verilən vədlər baxımından yeni müharibədən daha çox sabitlik və nəticə nümayiş etdirməyə çalışacaq”.

E. Əmirov hesab edir ki, elə bu məntiqin və startegiyanın nəticəsidir ki, ABŞ tərəfindən İran iqtisadiyyatına xarici investisiyaların cəlb olunmasına və iqtisadi əlaqələrin müəyyən qədər yumşaldılmasına dair müsbət siqnallar da verilir: “Əgər bu istiqamətdə real addımlar atılarsa, İran iqtisadiyyatına kapital axını, enerji sektoruna investisiyalar və neft ixracının genişlənməsi ilə bağlı gözləntilər güclənə bilər. Lakin bu prosesin davamlılığı yenə də siyasi münasibətlərin sabitliyindən asılı olacaq.

Məhz buna görə də noyabrın ikinci yarısından etibarən gərginliyin növbəti mərhələsinin başlanması ehtimalını daha yüksək qiymətləndirirəm. Çünki həmin dövrə qədər təxirə salınan və ya dondurulan bir çox ziddiyyətlərin yenidən gündəmə qayıtması mümkündür.

Əlqərəz, hazırda müşahidə etdiyimiz proses problemin həlli yox, onun idarə olunmasıdır”.