Hədəf ət, süd və quş əti üzrə 100 faizlik özünütəminata çatmaqdır - Ramin Qurban

“Buğdada 55 faizlik özünütəminat qəbuledilməzdir və artırılmalıdır”

“Dünyada müharibələr və urbanizasiya ərzaq təhlükəsizliyini ciddi risk altına salır”

“Aqrar sahənin gələcəyi rəqəmsallaşma və süni intellekt üzərində qurulacaq”

Azərbaycanın aqrar sektorunda yeni inkişaf mərhələsinin əsas prioritetlərində ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatında məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi və özəl investisiyaların cəlbi istiqamətində mühüm addımlar atılır.

Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli müşavirəsində səsləndirdiyi mesajlar kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunmasına və rəqabətqabiliyyətli istehsal modelinin formalaşdırılmasına yönəlib. 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramı isə regionların sosial-iqtisadi potensialının daha da gücləndirilməsini və aqrar sahənin hərtərəfli inkişafını hədəfləyir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban Dövlət Proqramının mahiyyəti, prioritet istiqamətləri və regional müşavirələrin əhəmiyyəti barədə Sherg.az-ın suallarını cavablayıb: 

-Prezident İlham Əliyev çıxışında hansı qlobal çağırışları ön plana çıxardı?

-Bildiyiniz kimi, bu gün kənd təsərrüfatı ilə bağlı dövlət proqramının icrası çərçivəsində regional görüşlərə başlanılıb. Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli müşavirə çıxışında aqrar sahənin inkişafına dair fundamental mesajlar verildi. Əsas istiqamətlər dünya tendensiyalarının təsiri və ərzaq təhlükəsizliyi idi. Prezident iki əsas çağırışı diqqətə çatdırdı. Birincisi, müharibələrin dünyada davam edən müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması və enerji böhranı istehsal vasitələrinin bahalaşmasına səbəb olub. Bu, hər bir ölkəni öz ərzaq təhlükəsizliyi haqqında daha ciddi düşünməyə vadar edir. İkincisi, genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə əhali axını problemidir. 2015-2025-ci illərdə kənd əhalisinin payı 46,9 faizdən 45,6 faizə düşüb. Bu, yalnız Azərbaycan üçün deyil, bütün dünya ölkələri üçün aktual problemdir. BMT-nin proqnozlarına əsasən, 1950-ci ildə dünya əhalisinin təxminən 20 faizi şəhərlərdə yaşayırdı, bu göstərici 2025-ci ildə təxminən 57 faizə çatıb. Prezidentin əsas məqsədi kəndlərdə elə şərait yaratmaqdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar.

-Özünütəminat göstəriciləri və strateji hədəflər nədən ibarətdir?

-Prezident konkret rəqəmlər səsləndirdi. Buğda istehsalında özünütəminat cəmi 55 faiz təşkil edir, daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bu, qəbul edilməz rəqəmdir və artmalıdır. Digər məhsullar üzrə vəziyyət belədir: kartof 91 faiz, tərəvəz 107 faiz, meyvə-giləmeyvə 140 faiz, bostan 104 faiz, yumurta 104 faiz təminat mövcuddur. Lakin mal əti 84 faiz, quş əti 82 faiz, süd 81 faiz, qoyun-keçi əti 94 faiz, balıq 81 faiz, bitki yağları 52 faiz, kərə yağı 62 faiz təminat var. Əsas hədəf ət, süd, quş əti ilə 100 faiz özümüzü təmin etməkdir.

-Prezident çıxışında investorlar üçün də açıq mesaj verdi. 

-Bəli, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Dövlət Proqramı çərçivəsində ümumi investisiya həcmi 5,9 milyard manat proqnozlaşdırılır. Bunun 2,2 milyard manatı dövlət dəstəyi, 3,7 milyard manatı isə özəl sektor investisiyası hesabına təmin ediləcək. Prezidentin mesajı aydındır: özəl sektorun məsuliyyəti ön planda olmalıdır, xarici investorlar cəlb edilməlidir. Çünki bu gün Azərbaycanın beynəlxalq əlaqələri genişlənir, bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə investisiya qoyuluşuna maraqlıdır.

-Məhsuldarlığın artırılması və infrastrukturun inkişafı üzrə əsas hədəflər hansılardır?

-Buğda istehsalında hər hektardan 3,2 ton məhsul yığılır, məqsəd 5 tona çatdırmaqdır. Pambıq istehsalında hektardan 3,6 ton məhsuldarlıq əldə olunub, bu bütün dövrlərin rekordudur, lakin hədəf 5 tondur. Müasir suvarma sistemləri hazırda 130 min hektarda tətbiq olunur, məqsəd 2030-cu ilə qədər 300 min hektara çatdırmaqdır. Soyuducu anbarların tutumu son illərdə 400 min tona çatdırılıb, hədəf 500 min tondur. İstixana sahələri 1500 hektardır, 500 hektar əlavə olunmalıdır. Taxıl silolarının həcmi 150 min kubmetr artırılacaq.

-Dövlət Proqramının əsas mahiyyəti və gözlənilən nəticələri nələrdir?

-Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq hazırlanıb. Proqram 2026-2030-cu illərdə aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsini, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahə üzrə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur.

Proqramın icrası nəticəsində gözlənilən əsas nəticələr bunlardır: kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində yaradılan ümumi daxili məhsulun 2026-2030-cu illər üzrə orta illik artımı ən azı 2,0 faiz təşkil edəcək. Kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracının həcmi orta illik 6 faiz artacaq. Ümumi investisiya həcmi 5,9 milyard manatdır. Bunun 2,2 milyard manatı dövlət dəstəyi, 3,7 milyard manatı isə özəl sektor investisiyası hesabına formalaşacaq.

-Nazir Məcnun Məmmədovun vurğuladığı dörd əsas sütunun mahiyyəti nədir?

-Nazir Məcnun Məmmədovun Zəngilan regional müşavirəsindəki çıxışında vurğulandığı kimi, Dövlət Proqramı kənd təsərrüfatında transformasiyanı dörd əsas sütun üzərində qurur. Birinci sütun resurs səmərəliliyinə əsaslanan kənd təsərrüfatıdır, su, torpaq və digər resurslardan daha səmərəli istifadəni nəzərdə tutur. İkinci sütun yüksək əlavə dəyər yaradan kənd təsərrüfatıdır, yalnız xammal istehsalı deyil, emal, qablaşdırma, brendinq və daha yüksək dəyərli məhsulların bazara çıxarılmasıdır. Üçüncü sütun dəyər zənciri və bazar inteqrasiyasına əsaslanan kənd təsərrüfatıdır. İstehsaldan emala, logistika və satışa qədər bütün mərhələlərin vahid sistem kimi qurulmasıdır. Dördüncü sütun texnologiya və innovasiyaya əsaslanan kənd təsərrüfatıdır. Rəqəmsallaşma, süni intellekt, aqrodronlar, sensor texnologiyaları və elmi tədqiqatların tətbiqi.

-Dövlət Proqramında suvarma və su ehtiyatları üzrə hədəflər nələrdir?

-Müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin 130 min hektardan 300 min hektara çatdırılması əsas hədəfdir. Su anbarlarının bərpası istiqamətində Suqovuşan, Xaçınçay, Köndələnçay, Sərsəng, Zabuxçay, Bərgüşad və Həkəri su anbarları üzrə işlər aparılır. 7 magistral suvarma kanalının yenidən qurulması, Şirvan suvarma kanalının tikintisi həyata keçirilir. 2025-ci ildə respublika üzrə 11,5 milyard kubmetr su götürülüb. 1 milyon 485 min hektar sahə suvarma suyu ilə təmin edilib.

-Torpaq konsolidasiyası (birləşdirmə, vahid sistem halına gətirmə) istiqamətində hansı tədbirlər nəzərdə tutulur?

-Qəbələ və Salyan rayonlarında təqribən 20 min hektar sahədə pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bu layihə çərçivəsində təsərrüfatdaxili suvarma şəbəkəsinin qurulması, parçalanmış torpaq parsellərinin birləşdirilməsi, kadastr xəritələrinin yenilənməsi, yeni su idarəetmə modelinin tətbiqi həyata keçiriləcək. Eyni zamanda 11 dövlət laboratoriyasının texniki müasirləşdirilməsi, ölkə üzrə əkin sahələrinin aqrokimyəvi göstəricilər əsasında xəritələşdirilməsi planlaşdırılır.

-Bəs, buğda və pambıq istehsalının artırılması üçün hansı addımlar atılacaq?

-2030-cu ilədək ixtisaslaşmış rayonlarda buğda və pambıq üzrə hər hektardan orta məhsuldarlığın 50 sentnerə, yəni 5 tona çatdırılması hədəflənir. Buğda istehsalında təqribən 20 faiz artıma nail olunması, pambıq emal məhsullarının həcminin isə 4 dəfəyə qədər artırılması nəzərdə tutulur. Bu istiqamətdə müasir suvarma sistemlərinin genişləndirilməsi, lazer hamarlama texnologiyasının tətbiqi, daha məhsuldar toxum sortlarının tətbiqi kimi tədbirlər həyata keçiriləcək.

-İntensiv bağçılıq və istixanalar üzrə əsas planlar nələrdir?

-İntensiv və superintensiv meyvə bağlarının sahəsinin 20 min hektar artırılması hədəflənir. İstixana sahələrinin 2030-cu ilədək 2000 hektara çatdırılması nəzərdə tutulur. Cəbrayıl rayonunda tərəvəzçilik, meyvəçilik və gülçülüyü birləşdirən Şərqi Zəngəzur pilot istixana aqroparkının yaradılması planlaşdırılır. Bu istiqamətdə damcı suvarma, rəqəmsal monitorinq, sensor texnologiyalarının tətbiqi nəzərdə tutulur.

-Logistika və emal infrastrukturunun inkişafı hansı istiqamətləri əhatə edir?

-Əlavə 100 min tonluq soyuducu anbar infrastrukturunun yaradılması, 150 min tonluq yeni müasir taxıl silolarının qurulması hədəflənir. Soyuducu anbarların ümumi tutumunun 500 min tona, taxıl silolarının həcminin 2050 min tona çatdırılması nəzərdə tutulur. Aqrar emal sənayesinin inkişaf etdirilməsi, ixrac potensialının gücləndirilməsi prioritet istiqamətlərdəndir.

-Şərabçılığın inkişafı üçün necə mexanizmlər tətbiq olunacaq?

-Kiçik ailə təsərrüfat şərabçılığının inkişaf etdirilməsi istiqamətində butik tipli şərabçılıq təsərrüfatlarının sayının 20-yə çatdırılması hədəflənir. Texniki sort üzüm bağlarının salınması üçün investisiya yönümlü subsidiyalar tətbiq olunacaq, güzəştli satış və kreditləşmə mexanizmləri işlənəcək.

-Bəs, heyvandarlıq və quşçuluq sahəsində?

-Cins heyvanların ümumi sürüdə payının 2,5 faizdən 10 faizə çatdırılması hədəflənir. Süd istehsalının 10 faiz, ət istehsalının 20 faiz artırılması, mal əti ilə tam təminata nail olunması nəzərdə tutulur. Yeni süd və dəri toplama məntəqələrinin yaradılması, yem istehsalı texnikası ilə təminatın gücləndirilməsi həyata keçiriləcək. Yarım-intensiv qoyunçuluq təsərrüfatlarının yaradılması, yun toplama məntəqələri, örüş və otlaq sahələrinin bərpası planlaşdırılır. Quşçuluqda istehsalın 30 faiz artırılması, quş əti ilə özünütəminetmənin 100 faizə çatdırılması hədəflənir. Yeni quşçuluq damlarının, kəsimxanaların yaradılması, damazlıq işinin təşviq edilməsi nəzərdə tutulur. Quşçuluq müəssisələrinin kommunal xidmətlərə qoşulma xərclərinin subsidiyalaşdırılması da proqramda əksini tapıb.

-Balıqçılıq və akvakultura sahəsinin inkişafı üçün nələr nəzərdə tutulur?

-İstehsalın 7,7 min tona çatdırılması hədəflənir. Ölkədə ilk dəfə olaraq balıqçılıq sahəsində subsidiya və dövlət güzəştlərinin tətbiqi, balıqartırma zavodlarının inşası nəzərdə tutulur. Göygöl rayonunun Çaykənd balıqartırma təsərrüfatının yenidən qurulması, Ağdərə rayonunda yeni balıqartırma təsərrüfatının yaradılması planlaşdırılır. Akvakultura sahəsində 1 aqroparkın yaradılması, inkişaf zonalarının müəyyən edilməsi hədəflənir.

-Subsidiya və dövlət dəstəyi mexanizmlərində hansı yeniliklər olacaq?

-Subsidiya mexanizmlərinin təkmilləşdirilməsi prioritet istiqamətlərdən biridir. Yeni avans mexanizmi tətbiq ediləcək. Əkin və bağçılıq subsidiyalarının 60 faizdən çox olmayan hissəsi fermerlərə əvvəlcədən ödəniləcək. Yeni bağçılıq subsidiyası tətbiq olunacaq. Çoxillik əkmələrin salındığı ilk ildə fermerlərin istehsal vasitələri, aqrokimyəvi analizlər, aqrotexniki xidmətlər, müasir suvarma sistemləri və tinglərin fitopatoloji analizləri üzrə xərclərinin bir hissəsi kompensasiya ediləcək. Emala yönələn meyvə-tərəvəz xammalına və süd, yun və dəri üçün məhsul subsidiyası tətbiq ediləcək. Aqrar sığorta ilə subsidiya mexanizminin əlaqələndirilməsi genişləndiriləcək. İxrac Daşıma Dəstəyi və Daxili Daşıma Dəstəyi tətbiq olunacaq. Sahibkarlıq subyektlərinə kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması nəzərdə tutulur.

-Rəqəmsallaşma və innovasiya istiqamətində layihələrin həyata keçirilməsi planlaşdırılırmı?

-Aqrar Süni İntellekt sisteminin genişləndirilməsi nəzərdə tutulur. Bitki sağlamlığının monitorinqi, suvarmanın idarə olunması, məhsuldarlığın proqnozlaşdırılması, torpaq və bitki xəritələrinin hazırlanması daxil olmaqla 13 əsas istiqamət üzrə ümumilikdə 33 modul tətbiq ediləcək. Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin data yönümlü imkanlarının artırılması, aqrar dövlət dəstəyi xidmətlərinin 100 faizinin rəqəmsal platformalar üzərindən göstərilməsi hədəflənir. Ağıllı istixanalar, sensor sistemləri, aqrodronlar, avtomatlaşdırılmış suvarma sistemləri genişləndiriləcək. İkili diplom proqramları ilə məzun olanların sayının 46 nəfərdən ən azı 500 nəfərə çatdırılması, xarici tərəfdaşla birgə universitetin yaradılması nəzərdə tutulur.

-İnstitusional islahatlarda da dəyişikliklər nəzərdə tutulurmu?

-Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin yaradılması, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin regional idarəetmə modelinə keçidi nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərdə vahid pəncərə prinsipinin tətbiqi planlaşdırılır. Aqrar sahə haqqında, toxumçuluq haqqında, balıqçılıq haqqında qanunvericiliyin təkmilləşdirilməsi həyata keçiriləcək.

-İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı üzrə prioritetlər nələrdir?

-Bu ərazilərdə kənd təsərrüfatı fəaliyyətinin bərpası strateji prioritetdir. İlkin qiymətləndirmələr nəticəsində 180 min hektar əkin sahəsi və 7,6 min hektar çoxillik əkmənin mövcud olduğu müəyyən edilib. Dördüncü investisiya müsabiqəsi keçirilib. Torpaqlar sahibkarlara 5 plus 44 ilədək müddətə icarəyə verilir. Sakinlərə əkin sahələri 2 plus 3 il birillik əkinlər, 5 plus 15 il çoxillik əkinlər müddətinə verilir. Ağalı kəndində 51,6 hektar, Xocalıda 153 hektar, Zabuxda 210 hektar torpaq sahəsi artıq verilib. Qarabağ və Şərqi Zəngəzurda 1700 hektar və 2500 hektar olmaqla 2 bağçılıq aqroparkının yaradılması istiqamətində işlər davam edir. Belarusiya ilə Ağdamda 3000 hektar, Özbəkistan ilə 2100 hektar komplekslər yaradılır. Su anbarlarının bərpası istiqamətində Köndələnçay, Xaçınçay, Suqovuşan, Sərsəng, Zabuxçay anbarları üzrə işlər aparılır.

-Bu regional görüşlərin keçirilməsi nə qədər effektivdir?

-Regional müşavirələr Prezidentin birbaşa tapşırığı ilə keçirilir. Bu, görüşlərin yüksək səviyyədə əhəmiyyət kəsb etməsini və bütün aidiyyəti qurumların ciddi məsuliyyət daşımasını təmin edir. Prezidentin köməkçiləri, aidiyyəti dövlət qurumlarının rəhbərləri, səlahiyyətli nümayəndələr, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, fermerlər, sahibkarlar və digər maraqlı tərəflər iştirak edir. Bu, yuxarıdan aşağıya əlaqələndirməni təmin edir.

-Regional müşavirələrin ən böyük üstünlüyü nədir?

-Regional müşavirələrin ən böyük üstünlüyü ondan ibarətdir ki, dövlət qurumlarının rəhbərləri birbaşa fermerlər və sahibkarlarla üz-üzə gəlir, onların problemlərini, təkliflərini və ehtiyaclarını dinləyir. Bu, mərkəzdən idarəetmə modelindən fərqli olaraq, qərarların real şəraitə uyğun qəbul edilməsinə imkan verir. Zəngilan müşavirəsində fermerlər Səfər Sadıxov, Nicat Məmmədov və Həsən Əliyev çıxış edərək öz təsərrüfatlarındakı layihələr və gələcək planlar barədə məlumat verib, dövlət dəstəyinə görə təşəkkürlərini bildiriblər.

-Regional müşavirələr sahibkarların və fermerlərin iştirakına necə təsir göstərir?

-Prezidentin çıxışında vurğulandığı kimi, Dövlət Proqramının uğurlu icrası üçün özəl sektorun investisiyası kritik əhəmiyyət daşıyır. 5,9 milyard manatlıq ümumi investisiyanın 3,7 milyard manatı, yəni təxminən 63 faizinu özəl sektor qoymalıdır. Regional müşavirələrdə sahibkarların birbaşa iştirakı onları investisiya qoyuluşuna təşviq edir. Dövlət dəstəyi mexanizmləri barədə birbaşa məlumatlandırır, onların problemlərini dinləyərək qərarvermə prosesinə cəlb edir, dövlət-özəl tərəfdaşlığın gücləndirilməsinə xidmət edir. 2025-ci ilin sonlarında keçirilmiş investisiya müsabiqələri çərçivəsində Xocalı, Xocavənd və Laçın rayonlarında bağçılıq və heyvandarlıq istiqamətləri üzrə 6 min 876 hektar torpaq sahəsi müsabiqəyə çıxarılıb, 43 sahibkarla müqavilə bağlanılıb. Bu layihələr üzrə investisiya öhdəliklərinin ümumi həcmi 69 milyon manat təşkil edib. Növbəti müsabiqədə doqquz rayon üzrə ümumilikdə 12 min 960 hektar torpaq sahəsi investorlara təklif olunub, 150 investisiya layihəsi qiymətləndirməyə cəlb edilib.

-Bu müşavirələr koordinasiyalı fəaliyyətin təmin edilməsinə necə xidmət edir?

-Regional müşavirələr çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ümumi koordinasiya, aqrar siyasətin icrası, subsidiya və dövlət dəstəyi mexanizmlərinin tətbiqi, fermerlərə xidmət göstərilməsi istiqamətində fəaliyyət göstərir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi su təminatı, meliorasiya, suvarma sistemlərinin qurulması işlərini həyata keçirir. Yerli icra hakimiyyəti orqanları torpaqların ayrılması, infrastruktur, məskunlaşma işlərini görür. Bu koordinasiya hər bir qurumun öz səlahiyyətləri daxilində fəaliyyət göstərməsini və ümumi hədəflərə nail olunmasını təmin edir.

-Dövlət Proqramının vizual təqdimatları və açıqlıq prinsipi hansı üstünlükləri yaradır?

-Regional müşavirələrdə Dövlət Proqramının vizual təqdimatı keçirilir. Fundamental və dəstəkləyici tədbirlərin əks olunduğu bu təqdimatlar iştirakçılara proqramın məqsəd və prioritetlərini, aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmlərini, su və torpaq ehtiyatlarından səmərəli istifadəni, aqrar emal və logistika infrastrukturunun inkişafını, fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsini aydın şəkildə göstərir.