Qalibafın rolu şişirdilir, Tehran daha böyük qarşıdurmaya gedir - Nəsib Nəsibli (MÜSAHİBƏ)

  • “İranda liderlik sistemi zəifləyə bilər”
  • Müctəba Xameneinin tam mənada Əli Xameneinin siyasi çəkisini və təsir imkanlarını təkrarlaması ehtimalı çox aşağıdır

İranda hakimiyyətin gələcəyi və ölkənin siyasi istiqaməti ilə bağlı müzakirələr yenidən aktuallaşıb. İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvinin parlament sədri Məhəmməd Baqir Qalibaf haqqında səsləndirdiyi sərt ittihamlar, eləcə də ABŞ Prezidenti Donald Trampın onu Vaşinqton üçün “ağlabatan və möhkəm tərəfdaş” kimi xarakterizə etməsi müxtəlif suallar doğurub. Bir tərəfdən müxalif qüvvələr İranın gələcəyinin yalnız xalq tərəfindən müəyyənləşdirilməli olduğunu vurğulayır, digər tərəfdən isə Qərbdə Qalibaf kimi sistem daxilindən çıxan fiqurların mümkün roluna dair müzakirələr aparılır. Bəs Rza Pəhləvinin açıqlamaları İran daxilində hansı rezonansı yarada bilər? Trampın Qalibafa müsbət münasibəti nə ilə bağlıdır və bu, İranın gələcək siyasi konfiqurasiyasına təsir göstərə bilərmi?

Mövzunu Azərbaycanın İrandakı keçmiş səfiri, professor Nəsib Nəsibli ilə müzakirə etdik.

Sherg.az müsahibəni təqdim edir:

– İranın sonuncu şahının oğlu Rza Pəhləvi Məhəmməd Baqir Qalibafı sərt şəkildə tənqid edib. Bu açıqlamaların İran daxilində siyasi təsir gücü nə dərəcədədir?

– Bir, Rza Pəhləvinin Qalibafla bağlı dediyi sözlərin elə də böyük əhəmiyyəti yoxdur. Məsələ ondadır ki, əvvələn Rza Pəhləvinin İran daxilində nüfuzu o qədər yüksək deyil ki, onun hər hansı bəyanatı hansısa şəxsin taleyini müəyyən etsin. Digər tərəfdən İran daxilində Qalibafa münasibət çox önəmlidir və eyni zamanda mürəkkəbdir. Yəni ABŞ-lə anlaşmanın əleyhinə olanlar Qalibafı xain elan ediblər. Çünki Qalibaf daha çox praqmatik liderlərdən sayılır və onun SEPAH-la əlaqələri də çox genişdir. Həmçinin o, bir zamanlar SEPAH-ın Hərbi Hava Qüvvələrinə komandanlıq edib, general olmuş bir şəxsdir.

– Bəs hazırda İran daxilində əsas siyasi qarşıdurma hansı xətt üzrə gedir?

– Rza Pəhləvinin Qalibaf haqqında fikirlərindən daha önəmlisi ABŞ-lə anlaşmaya münasibətdə iki böyük düşərgənin yaranmasıdır. Yəni bir tərəfdə çox sərt siyasət tərəfdarları, mühafizəkar adlandırdığımız kəsim dayanır. Pezeşkianın keçmiş rəqibi Səid Cəlili də bu qrupa daxildir. Onlar ümumiyyətlə Amerika ilə hər hansı razılaşmaya getmək niyyətində deyillər. Və deyirlər ki, sonadək mübarizə aparmaq lazımdır. Sonadək mübarizə nə deməkdir? Son iki ilin təcrübəsinin göstərdi ki, Amerika kimi hərbi güclə qarşı-qarşıya gəlmək İran üçün çox ağır nəticələr doğurub. İran indi hərbi cəhətdən zəifləyib, iqtisadi baxımdan çox pis vəziyyətdədir, sosial sahədə də ciddi problemlərlə üzləşib.

– ABŞ-lə anlaşmanı dəstəkləyən qüvvələr hansı arqumentləri irəli sürürlər?

– Qarşı tərəf soruşur ki, sonadək mübarizə aparmaq nə verəcək? Onlar bildirirlər ki, qarşıya qoyulan iki əsas məqsəddən yalnız birinə nail olmaq mümkündür. Birinci məqsəd İranı nüvə dövlətinə çevirmək idi. Bu isə artıq mümkün görünmür. İran tərəfinin bütün səylərinə baxmayaraq, ABŞ bu məsələdə qətiyyətli mövqe nümayiş etdirir. Çünki həqiqətən də əgər həmin qarşıdurma başlamasaydı, bir neçə həftə sonra İran nüvə silahına sahib olan dövlətə çevrilə bilərdi. İkinci hədəf isə praqmatik və ya yumşaq siyasət tərəfdarlarının fikrincə, İranın özünü qorumaqdır. Yəni ölkənin tamamilə dağıdılmasının qarşısını almaq və İranın ayaqda qalması üçün anlaşmaya getməkdir.

– İran daxilindəki qarşıdurmanın yaxın perspektivdə hansı mərhələyə keçəcəyini gözləyirsiniz?

– Hazırda bu mübarizə kulminasiya nöqtəsinə yaxınlaşır. Memorandumun son mətninin məlum olmasından sonra, ehtimal ki, bir neçə gün ərzində imzalanma prosesi baş tutacaq. Bundan sonra İran daxilindəki siyasi mübarizə daha da kəskinləşəcək və biz daha sərt qarşıdurmaların şahidi olacağıq.

– Donald Trampın Qalibafı dəstəkləməsi onun İran siyasətində rolunu artıra bilərmi? ABŞ niyə məhz Qalibafı önə çıxarır?

– Çünki Qalibaf İranın legitim siyasi fiqurlarından biridir. O, parlament sədridir. Digər legitim siyasi lider isə seçilmiş prezident Məsud Pezeşkiandır. Ancaq görünən odur ki, Qalibafla Pezeşkianın nüfuz səviyyələri eyni deyil. Amerikalılar hesab edə bilərlər ki, Qalibafa dəstək vermək daha uğurlu nəticəyə gətirib çıxaracaq. Lakin məsələ ondadır ki, bu gün anlaşma tərəfdarları, kimliyindən asılı olmayaraq, sərt siyasət tərəfdarlarının hədəfindədir. İstər Qalibaf, istər Pezeşkian, istərsə də Araqçinin istefasını, hətta ölümünü tələb edən şüarlar müxtəlif aksiyalarda səsləndirilir. Yəni vəziyyət olduqca mürəkkəbdir. Yaşayıb görəcəyik.

– Belə şəraitdə Qalibafın gələcəkdə ali rəhbərlik uğrunda əsas namizədlərdən birinə çevrilməsi mümkündürmü?

– Bu, bir çox amillərdən asılıdır. Hazırda onun sistem daxilində ciddi dayaqları var. Ancaq İran siyasətində proseslər çox sürətlə dəyişir və təkcə xarici dəstək hansısa siyasətçinin gələcəyini müəyyən etmir. Ona görə də bu barədə qəti proqnoz vermək çətindir.

– Əli Xameneidən sonrakı dövrdə ali dini lider institutunun zəifləməsi ehtimalı varmı?

–Müctəba Xameneinin nüfuzu hələ tam formalaşmayıb. Bəli, bu, doğru müşahidədir. Müctəba Xameneinin gələcəkdə atasının nüfuz səviyyəsinə çatıb-çatmayacağı siyasi proseslərin nəticələrindən asılı olacaq. Əli Xamenei öz hazırkı nüfuz səviyyəsinə bir neçə onillik ərzində nail olub. Müctəba Xameneinin isə gələcəyi, sağ olub-olmaması hələ tam müəyyən deyil. Onun siyasi çəkisi və imkanları barədə qəti fikir söyləmək çətindir. Lakin belə mürəkkəb və dramatik tarixi dövr yaşayan İranda Müctəba Xameneinin atasının malik olduğu nüfuz səviyyəsinə çatması olduqca çətin görünür. Yəni Müctəba Xameneinin tam mənada Əli Xameneinin siyasi çəkisini və təsir imkanlarını təkrarlaması ehtimalı çox aşağıdır.