Moskva və Ankara Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket sistemlərinin taleyi ilə bağlı əlaqə saxlayırlar.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Ankaradakı səfiri Sergey Verşinin "Habertürk" televiziya kanalına bildirib .
Diplomat qeyd edib ki, bu, çox həssas bir məsələ, hərbi-texniki əməkdaşlıq sahəsidir: "Rusiya tərəfi həmişə tərəfdaşlarımızın, o cümlədən Türkiyənin xahişlərini başa düşür. Bu məsələ ilə bağlı əlaqələrimiz davam edir. Bütün bu məsələlər Rusiya ilə Türkiyə arasında imzalanmış müqavilələrə uyğun olaraq ekspert səviyyəsində müzakirə olunur".
"Hürriyet" qəzeti daha öncə xəbər vermişdi ki, Türkiyə S-400-ləri Fars körfəzi ölkəsinə - BƏƏ və ya Qətərə satıb. Müdafiə naziri Yaşar Gülər Ankaranın S-400-lərin yenidən ixracı ilə bağlı üçüncü ölkələrlə danışıqlar apardığını təsdiqləyib.