Türkiyədə güclü leysan və fırtına: 35 vilayətə xəbərdarlıq edildi, ölən var

Türkiyədə əlverişsiz hava şəraiti bir sıra bölgələrdə həyatı iflic edib. Meteorologiya Baş İdarəsinin 35 vilayət üzrə sarı və narıncı kodlu xəbərdarlığından sonra leysan, fırtına, dolu və qasırğa təsirini davam etdirir.

Sherg.az xəbər verir ki, Ankaranın Elmadağ rayonunda güclü fırtına zamanı 58 yaşlı kişi ildırım vurması nəticəsində həyatını itirib.

İstanbul və Ankarada yolları su basıb, bəzi avtomobillər, motosikletlər və zibil konteynerləri sel sularına qərq olub. Bir çox ev və iş yerini su basdığı bildirilir.

Antalyanın Serik rayonunda baş verən qasırğa istixanalara və kənd təsərrüfatına ciddi ziyan vurub. Bursa, Yozqat və Osmaniyədə də güclü yağışlar nəticəsində küçələr gölə dönüb, nəqliyyatın hərəkətində problemlər yaranıb.

Sinoptiklər gün ərzində leysan və güclü küləyin davam edəcəyini bildirərək vətəndaşları ehtiyatlı olmağa çağırıblar.