
Pediatr: Skolioz epidemiyası məktəblərdən başlayır
Məktəbli çantası uşağın çəkisinin 10 faizini keçməməlidir
Oturaq həyat tərzi də uşaqları gələcəkdə ciddi sağlamlıq problemlərinə sürükləyir
Pediatr Vaqif Qarayev məktəbli çantaları probleminə toxunub. Valideynlərin məktəb ləvazimatları alış-verişinə aludə olduqları bu günlərdə, bizcə, aktual məsələlərdən biri də budur. “Məktəblinin çantasının çəkisi nə qədər olmalıdır” sualına pediatr belə cavab verib:
“Hər ilin bu vaxtı qızğın müzakirələr gedir. Oturuşmuş normalar var. İbtidai siniflərdə dərslik və dərs ləvazimatları ilə dolu çantanın ağırlığı uşağın ümumi çəkisinin 10 faizi qədər olmalıdır. Məsələn, 1-ci sinif şagirdinin çantası 1,5-2 kq ağırlığında olmalıdır. Bu belədirmi? Xeyr, belə deyil! Bəzi hallarda valideynlər ağır və allı-güllü çantalara üstünlük verirlər. Əksər hallarda isə məktəb, sinif müəllimlərinin tapşırığı, göstərişi ilə çantalar müxtəlif lazımsız vəsaitlərlə doldurulur. Hətta eyni məktəbin bir sinfində sanitar normalara əməl edilir, digərində isə hər gün valideynə nəsə aldırırlar. Uşaqlarda qamət pozğunluğunun bir səbəbi də çəkisinə uyğun olmayan ağır çantaları kürəyində daşımasıdır”.
Pediatr məktəbyaşlı uşaqlarda skolioz xəstəliyinə rast gəlinməsinin başlıca səbəbi kimi məktəblilərin vaxtlarının çoxunu oturaq vəziyyətdə keçirməsi, həmçinin ağır mıktəbli çantalarını beldə daşımalarını göstərdi:

- Həmişə demişik ki, təhsil sağlamlıqdan önəmli deyil. Təhsil sağlamlıq hesabına olmamalıdır. Yanlış oturuş tərzi, ağır məktəbli çantaları uşaqlarda bel əzələlərinin düzgün formalaşmamasına, bel əyriliyinə səbəb olur, skolioz, kifoz kimi qamət pozulması baş verir. Skolioz onurğa sütununun frontal səthdə davamlı olaraq əyilməsidir. Skolioz, adətən, erkən uşaq yaşlarından başlayaraq yaş artdıqca proqressivləşir. Skolioz vaxtında müalicə olunmadıqda fəqərəarası disklərin degenerativ distrofik dəyişikliklərinə, nəticədə döş qəfəsi və həzm traktı orqanlarının simpatik tənzimlənməsinin pozulmasına səbəb olur. Valideynlərin çoxu övladlarında skolioz olduğundan məktəblərdə aparılan müayinələr nəticəsində xəbərdar olur. Skolioz, xüsusilə buraxılış sinif şagirdlərində daha çox rast gəlinir, bu dövrdə skeletin intensiv inkişafı skoliozu daha nəzərəçarpan edir.
- Onurğada yana əyilmə;
- Qabırğa qövslərində qeyri-bərabərlik;
- Kürək sümüklərinin asimmetriyası;
- Çanaq sümüklərində əyrilik;
- Başın bədənə nisbətən əyri dayanması kimi hallar skoliozun zahiri görünüşcə ilkin əlamətləri ola bilər.
Yeniyetməlik idiopatik skoliozunda onurğa sütununun deformasiyası uzun müddət stabil qala bilər. Bəzi hallarda isə xəstəlik çox tez proqressivləşir. Buna görə də skoliozu olan uşaqlar daim həkim nəzarətində olmalı, müntəzəm olaraq rentgen müayinəsindən keçməlidirlər. Yalnız bu zaman xəstəliyin proressivləşməsini vaxtında aşkar etmək mümkündür.
Skoliozun əsl başlanğıcı isə daha erkən vaxtlara - körpənin ana bətnində olduğu dövrlərə təsadüf edə bilər. Dölün uzun müddət qeyri-normal vəziyyətdə qalması (dölün köndələn vəziyyəti, sağrı gəlişi, sürətləndirilmiş doğuşlar, doğuş yollarında dölün ləngiməsi və s.), südlə əmizdirmə zamanı körpənin düzgün tutulmaması, körpənin iməkləməmiş yeriməyə başlaması skoliozun ilk risk faktorlarıdır. Sadaladığımız vəziyyətlərdə ənsə sümüyü, gicgah sümüyü, birinci boyun fəqərəsi, omba sümüyü, çanaq sümüklərində sümükdaxili patoloji gərginliklər yaranır. Sümüklər böyüməyə başladıqda bu gərginlik nahiyələri sümüyün quruluşunda deformasiyalara səbəb olur.
Həkim qeyd etdi ki, bir çox valideynlər “zamanla skolioz düzələr”, deyə problemi ciddiyə almır. Qabırğa qövsünün birinin digərinə nisbətən daha qabarıq olması, kürək sümüklərinin qeyri-bərabər yerləşməsi, çanaq sümüklərinin asimmetriyası təkcə zahirdən pis görünməklə yanaşı, daxildən də ciddi fəsadlara səbəb olur:
- Bunlara vaxtında müdaxilə olunmazsa, yaş artdıqca protruziya, fəqərəarası disk yırtıqları, aritmiyalar, ürək nahiyəsində ağrı, ağ ciyər problemləri (ağ ciyərin xroniki obstruktiv xəstəlikləri), süd vəzi ölçülərində fərq, mədə-bağırsaq problemləri (disbakterioz, kolit, qəbizlik, bağırsaqlarda spazm və s.), diafraqma ilə əlaqəli problemlər (təngnəfəslik), çanaqda durğunluqla əlaqəli cinsi pozulmalar, ağrılı menstruasiya, əzələ ağrıları, baş ağrıları, daimi yorğunluq kimi hallar yaranır və uzunmüddətli, müxtəlif çətin müalicə olunan xəstəliklərlə mübarizə aparılır. Skolioza son zamanlar tez-tez rast gəlinməsi və çoxsaylı fəsadlar verməsi onun müalicəsinə də yeni yanaşmalar tələb edir. Əvvəllər istifadə olunan korsetlər, idman hərəkətləri və s. kimi bir çox müalicə üsulları çoxdan öz aktuallığını itiriblər. Skoliozlu xəstəyə vahid bir orqanizm kimi yanaşılmalıdır. Müalicənin məqsədi zahiri cəhətdən qamətin düzgün quruluşunun qaytarılması ilə yanaşı, daxili orqanların da işinin zamanla və ehtiyatla bərpasından ibarətdir. Skoliozun profilaktikasında və müalicəsində istifadə etdiyimiz üsullar – osteopatiya, homeosiniatriya, akupunktura, müasir fizioterapiya.
Skoliozun müalicəsinə erkən yaşlardan başlamaq lazımdır. Məsələn, övladınız dünyaya gələndən sonra onun inkişafına nəzər yetirsəniz, körpənin başını daima bir tərəfə əyməsi, başının formasındakı deformasiyalar, gəzməyə başlayarkən ayaqlarını düzgün atmaması (barmaq uclarında gəzmək, ayaqlarını içəriyə atma) kimi hallar gələcəkdə övladınızda hər hansı bir qamət pozulması yarana biləcəyi ehtimalını bildirir. Skoliozun erkən aşkarlanması uşağın gələcəkdə həm maddi, həm də mənəvi sıxıntılarının qarşısını almağa kömək edər. Valideynlər unutmamalıdır ki, profilaktika müalicədən daha üstündür. Skolioz simptomlarını azaltmaq üçün xüsusi idman hərəkətləri mövcuddur ki, bunlar onurğanın dayanıqlılığını artırmaq, əzələləri gücləndirmək, elastikliyi artırmağa xidmət edir.