Professor: Tibbi avadanlıqlarda beynəlxalq standart şərtdir 

Adil Qeybulla: "Oksigen avadanlıqları partlayış riski yüksək olan cihazlardır"
Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 saylı xəstəxanada baş verən texniki nasazlıq ictimaiyyətdə ciddi narahatlıq doğurub.
İlkin məlumatlara görə, oksigen kompressor sistemində yaranan nasazlıq nəticəsində balon yanması qeydə alınıb, hadisənin təhlükəli nəticələrinin qarşısı vaxtında alınsa da, bir neçə xəstə təxliyə edilməli olub. Xəstəxananın Reanimasiya şöbəsində olan xəstələr Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 saylı xəstəxanaya köçürülüb. 10-dan artıq xəstənin təxliyə olunduğu bildirilib. Bildirilib ki, Abbas Səhhət adına xəstəxanaya elektrik enerjisi verilişi dayandırılıb, həmçinin bəzi xidmətlər göstərilmir.
Professor Adil Qeybulla Sherg.az-a açıqlamasında deyib ki, bu kimi hadisələr zaman-zaman baş verir və bunun əsas səbəbi tibbi oksigenin xüsusi təhlükəli maddə olması ilə əlaqədardır: 
“Oksigen konsentratorları, oksigen balonları və oksigen kompressorları kimi cihazlar yanğın və partlayış riski yüksək olan avadanlıqlar sırasındadır. Bu baxımdan, onların saxlanması, yerləşdirilməsi və istismarına dair ciddi beynəlxalq standartlar mövcuddur. Əgər bu standartlara tam şəkildə əməl olunarsa, risklər minimuma enə bilər. Amma istənilən halda, bu avadanlıqların xəstəxananın əsas klinik bloklarından uzaqda yerləşdirilməsi vacibdir. Əgər xəstəxananın daxilində oksigen istehsal edən mini zavod və ya konsentrator sistemi varsa, bu qurğular müxtəlif təhlükəsizlik tədbirləri ilə əhatə olunmuş xüsusi texniki zonada yerləşdirilməlidir. Yaxınlıqda yanğınsöndürmə sistemləri, ventilyasiya, sızma sensorları, qığılcıməleyhinə örtüklər və yanğın təlimatları olmalıdır.
Oksigen balonlarının təhlükəsi xüsusilə ondan ibarətdir ki, onların səthinə yağ və ya yağlı maddə dəydikdə, bu dərhal yanğın və ya partlayışa səbəb ola bilər. Bu kimyəvi reaksiya ani baş verir və nəzarətsiz qalarsa, böyük faciəyə yol aça bilər. Yəni burada təkcə cihazın öz texniki vəziyyəti deyil, ətraf mühitin gigiyenası və işçi heyətin təlim səviyyəsi də çox vacib amillərdir.
Hadisədən göründüyü kimi, xəstəxanada oksigen kompressorunda nasazlıq baş verib. Bu, texniki baxımdan həm qurğunun köhnəlməsi, həm də texniki xidmətin düzgün aparılmaması ilə bağlı ola bilər. Əgər qaydalar pozulubsa və ya nasazlıqlar vaxtında aşkarlanmayıbsa, bu, insan həyatı üçün ciddi risklər yarada bilər.
Bu səbəbdən də profilaktik baxışlar, mütəmadi texniki xidmət, həmçinin qaydalara uyğun təlim keçmiş personalın iştirakı hər zaman təmin edilməlidir. Əgər beynəlxalq standartlar tam tətbiq olunursa, bu halda təhlükə riski ciddi şəkildə azaldılır. Tibbi avadanlıqlar, xüsusilə də oksigenlə bağlı sistemlər hər zaman nəzarət altında saxlanmalı və bütün təhlükəsizlik protokolları real şəraitə uyğun tətbiq edilməlidir”.