Sağlamlığımız üçün təhlükələrin bilsəniz, bir də çips yeməyəcəksiniz -AÇIQLAMA

Məşhur qəlyanaltı brendi "Lay's" istehsal etdiyi kartof çipslərini ölümcül allergik reaksiya riski səbəbindən geri çağırmaq qərarına gəlib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ Qida və Dərman İdarəsindən (FDA) bəyan edilib.
Bildirilib ki, məhsulun etiketində göstərilməyən süd tərkibli komponentlərin olması səbəbindən ən yüksək - "I sinif" risk səviyyəsi elan edib. Bu kateqoriya o deməkdir ki, marka məhsulları həyati təhlükə yaradan allergik reaksiyalara səbəb ola bilər.
Bildirilib ki, əslində geriçağırma prosesi 2024-cü ilin dekabrından başlayıb. "Lay's"in ana şirkəti "Frito-Lay" Oreqon və Vaşinqton ştatlarında satışa çıxarılan 6 000-dən çox çips paketində süd komponenti aşkar edildiyini bildirib. Bu səhv isə südə allergiyası olan insanların sağlamlığı üçün ciddi risklər daşıyır. Ona görə də FDA hazırkı geriçağırma səviyyəsini "I sinif" kateqoriyasına yüksəldib.
"Frito-Lay"dən isə baş verənlərlə bağlı bildirilib ki, hazırda geri çağırılan məhsullarla bağlı heç bir allergik reaksiya şikayəti alınmayıb. Lakin məhsullar mümkün sağlamlıq riskləri səbəbindən ehtiyat tədbiri olaraq bazarlardan yığışdırılır.
Xatırladaq ki, bir neçə gün öncə "The Coca-Cola" qida nəhənginin törəmə şirkəti olan "Coca-Cola Europacific Partners Belgium" Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland, Fransa və Almaniya bazarlarından məhsullarını kütləvi şəkildə geri çağırdığını elan edib. Buna səbəb məhsulların tərkibində xloratların miqdarının yüksək olması göstərilib.
Mövzu ilə bağlı danışan qida eksperti Fərid Səfərov ''Sherg.az"a söyləyib ki, çipslərin tərkibindəki yüksək kalori, trans yağ, duz və qida əlavələrinin sağlamlığımız üçün necə təhlükəli olduğunu bilsəniz, yəqin ki, bir də çips yeməyəcəksiniz:
“Çipslər yüksək miqdarda yağ və kalori ehtiva edir, həddindən artıq istehlak edildikdə gündəlik kalori qəbulunu sürətlə artıraraq çəki artımına və piylənməyə səbəb olur. Piylənmə isə ürək xəstəlikləri, diabet və xərçəngin əsas səbəbidir. Çipslərdə istifadə edilən yüksək miqdarda duz qan təzyiqini artıra və hipertoniyaya səbəb ola bilər ki, nəticədə də infarkt, iflic və böyrək xəstəlikləri yaranır. Çipslərin tərkibindəki trans yağlar LDL (pis) xolesterol səviyyəsini artırır və HDL (yaxşı) xolesterol səviyyəsini azaldır. Bu da balanssızlıq ürək xəstəlikləri riskini artırır. Həmçinin trans yağlar sonsuzluq və depressiyaya da səbəb olur. Çips yüksək temperaturda bişmiş karbohidrat  olduğundan onun tərkibində akrilamid adlı kimyəvi birləşmə yaranır. Müxtəlif tədqiqatlar göstərmişdir ki, akrilamid sinir sisteminə kanserogen və zəhərli təsir göstərə bilər. Eyni zamanda çipslər az lif və yüksək yağ ehtiva edir. Bu isə həzm sistemində müxtəlif problemlərə səbəb ola bilər. Qəbizlik və həzm pozğunluğu yüksək yağlı, az lifli qidalanmanın ümumi nəticəsidir. Çipslərin heç bir qida dəyəri yoxdur. Tərkibindəki yüksək kalorilərə baxmayaraq, vitaminlər, minerallar və digər qida maddələri ilə zəngin deyillər. Buna görə də tez-tez istehlak edildikdə qida çatışmazlığına səbəb ola bilər. Nəzərə alsaq ki, satışda olan çipslər həmişə daha əlçatan yerlərdə, mağazaların vitrinində, gün işığı altında bəlkə də aylarca qalır. Üstəlik, əgər övladınız artıq bu "zəhərli" qidanın dadını bilirsə və görüb istəyəcəksə, onda məsələ biraz da ciddiləşir. Bu qidanın nə üçün istehsal edilməsi sualına cavab vermək çətin olar, amma maarifləndirici məlumatları oxuduqdan sonra ağıllı seçim etmək öz əlimizdədir”.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov isə bildirib ki, həm Coca-Cola , həm də çipsi ilə bağlı problem müəyyən partiya mallarda olan problemlərdir:
“Lakin istehlakçı hüquqlarını qoruyan beynəlxalq təşkilat və o cümlədən onun Azərbaycandakı nümayəndəsi olaraq Azad İstehlakçılar Birliyi bildirir ki, ümumiyyətlə, bu brend altında buraxılan malların hamısı istehlakçılar üçün zərərlidir və burada öyrəşdirən maddələr var. İstehlakçı hüquqlarını qoruyan təşkilatlar bütün dünyada iş aparır ki, insanlar Coca-Cola və çipsidən mümkün qədər uzaq olsunlar. Lakin bunlar elə böyük bir vergi ödəyicisidir ki, hansı ölkəyə oturdular, onun böyük vergi ödəyicisinə çevirirlər və hökumətlər bu kimi şirkətləri öz ərazisindən çıxartmağa cəsarət etmirlər. Çünki dövlətlərə pul lazımdır. Bunların hər ikisi, istehlakçılar üçün zərərli məsələlərdir. Dünyada ən böyük ərazisi olan KFC Azərbaycandadır və bu bizi narahat edir”.