Sabir Rüstəmxanlı
İran İslam respublikasının etnik kimlikləri yox edib dünyanın bu qədim mədəniyyət ocağında müxtəlif xalqların əliylə yaradılmış bütün abidələri və sənət əsərlərini, arxeoloji tapıntıları, maddi-mənəvi dəyərləri “pers” adına çıxması, farslaşdırma siyasəti, insan haqlarını kobud şəkildə pozması, orta əsrlərdəkindən seçilməyən vəhşi cəza üsulları hakimiyyətə qarşı elə bir nifrət yaraıb ki, bəzən xalq xarici müdüxilələrə də ümid yeri kimi baxır. Bu mövqedən yanaşanda İran xalqlarının təmsilçiləri arasında İsrail və ABŞ-ın hücumuna xilas yolu və ya bu qəddar rejimdən intiqam almaq imkanı kimi sevinənləri başa düşmək çətin deyil. Lakin İran rejiminə nifrət İslama nifrət deyil. Yer üzündə, özəliklə Qərbdə mənəvi aşınmanın, insanı insan edən keyfiyyətlərin ayaqlar altına atılıb yox edildiyi bir zamanda dini dəyərləri qorumaq da cəmiyyətin xilas yollarından biridir. Köhnə adət-ənənələrə söykənən və geriqalmışlıq sayılan milli həyat tərzi “sivil” Epşteyn əxlaqsızlığının eybəcərlikləri fonunda yeni məna qazanır, öz üstünlüklərini bir daha nümayiş etdirir və insan istər-istıməz onun müdafiəçisinə çevrilir.
İran xalqları neçə müddətdir fars-şiə hegemonluğuna xidmət edən antidemokratik hakimiyyəti dəyişmək istəyirlər. Lakin ABŞ və İsrailin başladığı müharibə onları hakimiyyət ətrfında birləşdirdi. Bu gün İran vətəndaşları gözlənilməz bir yekdilliklə öz Vətənlərinin müdafiəsinə qalxıblar.
2013-cü ildə Vaşinqtonda ABŞ konqresmeni Dana Rohrabexerlə görüşərkən, ona İran türklərinin hüquqlarını müdafiə etdiyinə görə təşəkkürümü bildirmiş, eyni zamanda “Orta Doğu projesi”nin xəritəsini göstərərək, İranın Qərbi Azərbaycan ostanının gələcək Kürdüstanın ərazisi kimi göstərilməsinə etiraz etmişdim. Onun “bunu ciddi sənəd kimi qəbul etməyin” sözünə bu cür etiraz etmişdim: “Əgər ciddi sənəd deyilsə, təkzib edilsin, yığışdırılsın, ancaq siz uzun illərdir insanlların gözünü bu xəritəyə, gələcəyin gizli xəyanətlərinə alışdırır, bizim reaksiyamızı yoxlayırsınız. Bu, yanlış və ABŞ-ın əleyhinə işləyən siyasətdir. Siz İrana bu planlarla gələcəksinizsə, bizləri məcbur edəcəksiniz ki, İslam hakimiyyətini dəstəkləyək, Çünki onları bəyənməsək də, sağ olsunlar, heç olmasa bizim torpaqları başqasına vermək haqqında düşünmürlər”.
İndi 13 il öncə Vaşinqtonda dediyim vəziyyət yaranıb. İsrail və ABŞ–in müdafiə etdiyi və silahlandırdığı terrorçu təşkilatarın Qərbi Azərbaycan ostanına, Urmiyaya doğru yönləndirildiyini görəndə silahsız xalq bəyənmədiyii hakimiyyətin müdafiəsinə qalxır.
Xarici müdaxilənin İranın əzilən xalqlarını narazı olduqları hakimiyyətə qarşı ayaqlandıracağı fikri geniş yayılmışdı. İran diaspor təşkilatlarının və ya Güney Azərbaycandakı fəalların bu ümidləri doğrulmadı.
Bizdə də qonşuluğumuzdakı müharibə geniş müzakirə olunur və təəssüf ki, fikir müxtəlifliyi bəzən qarşılıqlı ittihamlara, təhqirlərə çevrilir. Fərqli düşüncəyə bu cür aqressiv və düşməncəsinə münasibət getdikcə geniş yayılır və milli həmrəyliyi, bütövlüvü pozan təhlükəli bir hal alır.
Dünya tarixində buna bənzər hadisələr heç vaxt eyni cür bitməyib; gözlənilməzliklər istisna deyil; bir yandan da hələ İkinci Dünya savaşının, Təbrizdə xarici müdaxilənin köməyi ilə qurulmuş Milli Hökumətin tarixi unudulmayıb.
Lakin arada çox ciddi fərqlər var. Nə Amerika, nə İsrail İrana hər hansı xalq üçün milli hökumət qurmağa gəlmir. Onların İran türkləri və ya Güney Azərbaycan deyilən bir qayğıları, planları yoxdur. Məqsəd ayrıdır və bu barədə yetərincə yazılıb, deyilib.
ABŞ-ın başlıca niyyətlərindən biri İranın nüvə planını pozmaqdır. İlk baxışda bu tələb başadüşləndir. İranın nüvə silahı əldə etməsi bölgə üçün yeni təhlükələr doğurar. Lakin bu məntiqlə yanaşanda gərək İsrail də, ABŞ da, Çin də, Koreya da əllərində olan nüvə silahını zərəsizləşdirsinlər ki, insanlıq bu vəhşi yarışmanın gətirdiyi təhlükədən və ehtiyaclardan xilas olsun. Yoxsa “mənə olar, sənə olmaz” deməklə iş aşmaz.
Bu müharibə min il öncədən başlamış Xaçlı-Səlib yürüşünün davamıdır. Etiraf etdilər-etmədilər, Avropa o tarixi unutmayıb. ABŞ bu savaşla planetin şəriksiz ağası olduğunu sübut etməyə çalışır. Amma bundan daha önəmli olan dünyanın əsas neft ixrac edən ölkələrindən olan İranın enerji mənbələrini ələ keçirmək və bu neftə möhtac olan əsas rəqiblərini, özəlliklə Çini zəiflətmək istəyidir. Aydın olur ki, ABŞ və İsraili İraq rejimini dəyişmək az maraqlandırır. “Nüvə axtarışını dayandır, neftini bizə ver, sonra necə istəyirsən, yaşa”. İranla ərəb ölkələri arasındakı konfilikti dərinləşdirmək, bu yolla onsuz da zəif olan islam birliyini sarsıtmaq, bu bölgədəki dövlətləri sonu görünməyən bir düşmənçilik burulğanına atmaq, Yaxın Şərqin yüksək mədəniyyətə malik qədim dövlətlərinin yerində müqavimət gücü olmayan xırda dövlətciklər yaratmaq, dünyanın uzaq keçmişinə işıq tutan tarixi və mədəni abidələri yer üzündən silmək və ya məhv etmək, bir sözlə, İranı da İraqın, Livanın, Suriyanın gününə salmaq... Məqsəd budur.
İsrailin niyyəti isə reallıqdan uzaq, mifik təfəkkürə dayanan “vəd olunmuş torpaqlar”a sahiblənmək və öz ərazilərini genişlındirmək, bu məqsədlə uydurma “Böyük Kürdüstan” ideyasını qızışdırıb silahlı kürdləri min illərlə iç-içə yaşadıqları xalqlarla düşmən edib, sonra meydanda tək buraxmaq; İran tərəfindən dəstəklənən və bölgə ölkələrində yuvalanan terror təşkilatlarını zərərsizləşdirmək adı ilə qonşu ölkələrə soxulmaq və bu bölgədəki güc balansını öz xeyrinə dəyişməkdir.
İranın da siyasəti göz önündədir. Şiəçilik pərdəsi altında fars təsirini genişləndirmək, məzhəb ayrılğını dərinləşdirmək, hətta islamın dini mərkəzi olan Məkkəyə qarşı Kərbəlanı böyütmək, öz içində yaşayan xalqları məzhəb təəssübkeşliyi adı ilə assimilyasiya etmək və İranın məğlubedilməz əsatirini yaymaq.
Hadisələrin nə ilə sonuclanacağını demək çətindir. Amma bir şey aydındır ki, Trampın “müharibə bizim gözlədiyimizdən də sürətlə gedir, tezliklə bitəcək” bəyanatı özünü doğrultmadı. Bu müharibə ilə Kubanın, Qrelandiyanın və bir sıra başqa bölgələrin işğalı üçün qorxu mühiti yaratmaq da baş tutmadı. Əksinə, Tramp həm dünyada, həm öz ölkəsində məsxərə hədəfinə çevrildi. İran nə qədər dağıdılsa da, hələ dirənib durur və onunla yanaşı İsrail də sağalmaz yaralar alır. ABŞ-ın “İranla danışıqlar aparılır” deyə-deyə bölgəyə əlavə qüvvələr toplaması, quru hərəkatına başlamaq istəyi də onun çarəsiz durumunu ört-basdır eləmir.
Biz yaxın qonşumuzun tezliklə bu hücumlardan xilas olub dinc həyata qovuşmasını arzulayırıq. İran tarixən türklərin farslarla yanaşı yaşadıqları, birgə idarə etdikləri dövlət olub. Bunu son dövrlərdə işıq üzü görən “İran türklərinin tarixi”. “Türklərin İranı”, “İran türkləri” fundamental elmi əsərləri də sübut edir. Bu gün qonşu dövlətdə azərbaycanlılarla farslar çiyin-çiyinə mübarizə aparır və şəhid olurlar. Ancaq aldığımız xəbərlər göstərir ki, çətin şəraitdə olmasına baxmayaraq, İran rəsmiləri bir neçə ay öncə etiraz mitinqlərində iştirak etmiş insanlara qarşı qəddarlığından da əl çəkmirlər.
Şübhəsiz bizi ən çox güneyli soydaşlarımızın durumu düşündürür, narahat edir. Onlar həm İranda, həm xaricdə bir neçə cəbhəyə bölünüblər. Vaxtilə Güney Azərbaycanın İrandan ayrılıb müstəqil dövlət qurmasını istəyənlərin də çoxu indi İranın bütövlüyü tərəfdarı kimi çıxış edirlər. Səbəbini yuxarıda yazdım. On illər boyu Güney azərbaycanlılarının taleyi ilə maraqlanmayan bəzi siyasətbazlar da indi ortaya düşüb özlərinin mənasız ideyaları və fikirlərini Cənuba sırımağa çalışırlar. Amma reallıq göz qabağındadır. İran türklərinin beynəlxalq aləmdə söz sahibi olan və xalqın milli maraqlarını ifadə edən heç bir ciddi siyasi təşkilatları yoxdur. Bu iddiada olanlarının çoxunun ətrafı boşdur. 30 ilə yaxın bir müddətdə İran türkkərinin insan haqlarının pozulmasını dünya ölkələrinə çatdıran, azərbaycanlıların hüquqlarını müdafiə edən, diasporunun təşkilatlanmasına çalışan Dünya Azərbaycanlıları Konqresinə qarşı aparılan gizli və açıq bölücülük hərəkatının, yalan təbliğatların nə qədər antimilli bir iş olduğunu bu gün daha aydın görürük. Boşboğazlar siyasi hərəkat adına evcik-evcik oynayanda, öz ailə üzvlərindən ibarət siyasi partiyalar yaradıb birləşmək çağırışlarından uzaq qaçanda bu günü düşünməliydilər. Lakin həyat davam edir və İranda yaşayan soydaşlarımız tarixin gətirəcəyi hər cür sürprizə hazır olmalıdırlar.
Azərbaycan və Türkiyənin məsələlərə təmkinli yanaşması, İrana göstərdikləri maddi və mənəvi yardım doğru siyasətdir. Bununla belə, İrandakı türklər hadisələrin sonrakı gedişində yenə öz insan haqlarının tapdanmasına, dilsiz, məktəbsiz qalmalarına şərait yaradan məzlum itəatkarlıqdan xilas olmalıdırlar.
Birmənalı şəkildə demək olar ki, İran cəmiyyətinin böyük hissəsi dəyişiklik istəyir. İranda marağı olan qlobal güclər isə bu vəziyyətdən öz məqsədləri üçün faydalanmağa çalışırlar. Bəlli xarici gücləri İran vətəndaşı olan hansısa türkün, farsın, bəlucun, kürdün və ya ərəbin pozulmuş hüquqlarının bərpası yox, zəngin təbii ehtiyatlara malik dövlətin sükanını ələ keçirmək maraqlandırırsa, demokratiya vədləri xeyli ironik görünür. Çünki əgər həqiqətən də ABŞ-ın diktaturanı demokratiyaya çevirən iksiri varsa, nəyə görə indiyədək onu Səddamın devrilməsindən sonra bir milyona yaxın şəxsi qətlə yetirdiyi İraqda, yüz minlərlə insanın öldürüldüyü Suriyada, eləcə də Liviya və Əfqanıstanda tətbiq etməyib?!
Qarşıda gözlənilən dəyişiklik mərhələsində İranda həlledici amil olan türk etnosunun maraqlarının növbəti dəfə tapdanmasına izn verməyi tarix Güneydəki soydaşlarımıza, Türkiyə və Azərbaycana bağışlamaz. İstənilən yeni siyasi konfiqurasiya zamanı İran türklərinin milli hüquqlarının rəsmi şəkildə tanınmasının vacibliyi qırmızı xətt olmalıdır. İnqilabi dəyişiklik olacağı təqdirdə Azərbaycan və İran türklərinin milli maraqları əsasən iki variantdan birinin reallaşdırılmasını tələb edir: birincisi, İranın xilas düsturu və ya türk transformasiyasıdır. Bu halda İranın ərazi bütövlüyü qorunaraq türklərin 1925-ci ildə dövlətin idarəçiliyində itirdiyi mövqeləri bərpa olunur. Türklərin İran idarəçiliyində min ildən artıq müddətdə bütün etnosların maraqlarının qorunmasını təmin etməklə bərqərar olan sabit rolunu inkar etmək mümkün deyil. Prezident Məsud Pezeşkian indiki siyasi sistemin yetirməsi olsa da, polietnik İran cəmiyyətində çoxluğun qəbul etdiyi lider kimi önə çıxmışdır.
İkincisi, Güney Azərbaycan muxtariyyət qazanır və azərbaycanlılar milli hüquqları məhdud ərazi çərçivəsində bərpa edilir.
Bu variantların heç biri gerçəkləşməsə, gündələkdə Güney Azərbaycanın beynəlxalq birliyin müstəqil subyektinə çevrilməsi dayanmalıdır.