MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ

“3+3 formatı Cənubi Qafqaz üçün daha əlverişlidir”

Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində əməkdaşlıq, üzv ölkələr arasında münasibətlərin real mahiyyəti və gələcək inteqrasiya perspektivləri yenidən diqqət mərkəzinə çıxıb. Milli Məclisin plenar iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev Azərbaycanın bu təşkilata qoşulmasının tarixi və siyasi əhəmiyyətini xatırladaraq, mərhum Heydər Əliyev tərəfindən verilmiş bu qərarın zamanla özünü doğrultduğunu vurğulayıb.

Deputat qeyd edib ki, Azərbaycanın MDB-yə üzvlüyü dövlət quruculuğu prosesində sabitliyin təmin olunmasına və ölkənin dinc inkişaf yoluna çıxmasına töhfə verib. Bununla yanaşı, o, xüsusilə Rusiya ilə münasibətlərdə mövcud ziddiyyətli məqamlara diqqət çəkərək, təşkilat daxilində inteqrasiya çağırışları ilə miqrantlara qarşı sərt və bəzən ayrı-seçkilik xarakterli yanaşmalar arasında uyğunsuzluğun suallar doğurduğunu bildirib.

Çıxışda azərbaycanlı miqrantların üzləşdiyi problemlər, hüquqlarının qorunması, təhsil və əmək bazarına çıxış imkanları ilə bağlı narahatlıqlar xüsusi yer alıb. Eyni zamanda vurğulanıb ki, bu məsələlər həm ikitərəfli formatda, həm də MDB platformasında daha açıq və prinsipial şəkildə müzakirə olunmalıdır.

Qüdrət Həsənquliyev bununla yanaşı, daha geniş regional əməkdaşlıq ideyasını da gündəmə gətirərək, Türkiyə və İran kimi ölkələrin də daxil olduğu yeni Avrasiya iqtisadi inteqrasiya modelinin yaradılmasının mümkünlüyünü qeyd edib. Onun fikrincə, belə bir format ümumi bazarın formalaşmasına, biznes mühitinin genişlənməsinə və region ölkələrinin iqtisadi inkişafına əlavə təkan verə bilər.

Politoloq Elçin Xalidbəyli Sherg.az-a söyləyib ki, vaxtilə Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə qoşulması dövrün reallıqlarından irəli gəlirdi:

“Ölkə yeni müstəqillik qazanmışdı və keçmiş SSRİ məkanındakı dövlətlər iqtisadi və siyasi baxımdan bir-birindən tam ayrılmamışdı. Bu baxımdan iqtisadi-ticari əlaqələrin qorunması və inkişafı üçün MDB mühüm platforma idi. Həmin dövrdə Rusiya faktoru da xüsusi rol oynayırdı. Azərbaycan balanslı siyasət yürütmək və Moskva ilə münasibətləri qorumaq üçün MDB-yə üzv olmuşdu və bu qərarı əsaslandıran kifayət qədər ciddi arqumentlər mövcud idi. Lakin müasir dövrdə vəziyyət dəyişib. MDB artıq əvvəlki əhəmiyyətini böyük ölçüdə itirmiş qurum kimi qiymətləndirilir. Azərbaycan post-sovet ölkələri ilə münasibətlərini daha çox ikitərəfli və qarşılıqlı maraqlara əsaslanan mexanizmlər üzərindən qurur. Eyni zamanda, ölkənin iqtisadi və siyasi fəaliyyəti MDB məkanı ilə məhdudlaşmır. Azərbaycan qlobal miqyasda əməkdaşlıq edir, o cümlədən Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşdır. Bununla yanaşı, Çin, ABŞ və ərəb dünyası ilə də geniş əlaqələr qurulub. Bu isə MDB formatının Azərbaycan üçün dar çərçivəyə çevrildiyini göstərir”.

Analitik qeyd edib ki, Rusiya ilə münasibətlərdə zaman-zaman gərginliklər yaşanır, eləcə də bu ölkədə yaşayan azərbaycanlı miqrantların üzləşdiyi problemlər diqqət çəkir:

“Bu amillər fonunda Azərbaycan daha çox çoxşaxəli və çoxvektorlu xarici siyasət kursuna üstünlük verir. Bütün bunları nəzərə aldıqda, Azərbaycanın MDB-də qalmasının əvvəlki kimi zəruri olmadığı barədə fikirlər səslənir. Eyni zamanda, Türkiyə və İran-ın daxil olduğu yeni Avrasiya ittifaqı ideyasına da ehtiyatla yanaşılır. Çünki Azərbaycan artıq bir çox ölkələrlə birbaşa əməkdaşlıq qurub və əlavə inteqrasiya formatları yeni risklər yarada bilər. Alternativ olaraq, regional məsələlərin müzakirəsi üçün 3+3 formatı kimi mexanizmlər mövcuddur. Bu platforma Cənubi Qafqazda geosiyasi və geoiqtisadi məsələlərin müzakirəsi üçün imkan yaradır. Nəticə etibarilə, Azərbaycan üçün əsas prioritet ikitərəfli münasibətlərin gücləndirilməsi və müstəqil, praqmatik xarici siyasətin davam etdirilməsidir”.