Cennifer Lopesin sözləri sosial şəbəkədə ciddi müzakirə yaratdı

Hollivud ulduzu Cennifer Lopesin səhnədə səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər ifaçının münasibətlər və həqiqi dəyərlərlə bağlı emosional monoloquna xüsusi diqqət yetiriblər. Onun çıxışı birmənalı qarşılanmayıb: bir qrup istifadəçi ulduzun fikirlərini dəstəkləsə də, digərləri onu kəskin tənqid ediblər.

Oxu.Az-ın "Starhit" nəşrinə istinadən verdiyi məlumata görə, Lopes çıxışı zamanı pərəstişkarlarına münasibətlərdə əsl dəyərlər barədə düşüncələrini bölüşüb. Müğənni bildirib ki, kişinin cəlbediciliyi onun maddi imkanı və ya sosial statusu ilə deyil, gündəlik həyatda göstərdiyi qayğı və diqqətlə ölçülür.

"Bilirsinizmi, bir kişini həqiqətən cəlbedici edən nədir? Bu, nə bahalı saatdır, nə avtomobil, nə də şəxsi təyyarə. Bunların hamısı gözəldir. Amma kişi səhər oyanıb yatağı yığırsa, sən yorğun olanda axşam qabları yuyursa, məhz o zaman seksual görünür. Əsl cazibə budur. Axı qızlar, siz də bilirsiniz ki, biz hər işin öhdəsindən özümüz gəlirik", - deyə Cennifer Lopes bildirib.

Sözügedən çıxışın videosu yayımlandıqdan sonra sosial platformalarda qızğın müzakirələr başlayıb. İstifadəçilərin bir qismi müğənninin fikirlərini məntiqli hesab edərək onu dəstəkləyib. Digərləri isə Ben Afflekin Lopeslə birlikdə olduğu dövrdə ev işləri görüb-görmədiyini sual edərək müğənninin səmimiliyini şübhə altına alıblar.

Bəzi sosial şəbəkə istifadəçiləri isə milyonlarla dollar sərvəti olan ulduzun gündəlik məişət qayğıları barədə danışmasının inandırıcı görünmədiyini bildiriblər. Beləliklə, Cennifer Lopesin çıxışı sosial şəbəkə istifadəçilərini iki fərqli mövqeyə bölüb.