Psixoloq valideynlərə uşaqları internetdə pedofillərdən qorumağın yollarını açıqlayıb

Rəqəmsal mühitdə uşaqların müxtəlif təhlükələrlə üzləşmə riski artır. Psixoloq Yekaterina Alekseyeva valideynlərə övladlarını internetdə pedofillərin hədəfinə çevrilməkdən qorumaq üçün erkən yaşlardan maarifləndirməyin vacibliyini tövsiyə edib.

Sherg.az xəbər verir ki, psixoloqun sözlərinə görə, bu şəxslər uşaqların etibarını qazanmaq üçün planlı şəkildə hərəkət edir, onların psixoloji zəifliyindən istifadə etməyə çalışırlar.

Ekspert bildirib ki, uşaqlara kiçik yaşlardan şəxsi sərhədlərə hörmət etməyi, tanımadıqları insanlara qətiyyətlə "yox" deməyi və şübhəli ünsiyyət barədə valideynlərinə məlumat verməyi öyrətmək lazımdır. Onun fikrincə, bu mövzuda söhbətlərə yeniyetmə yaşında deyil, erkən yaşlardan başlamaq daha effektivdir.

Psixoloq vurğulayıb ki, valideynlər uşaqların internet təhlükəsizliyi ilə bağlı maarifləndirilməsini təsadüfə buraxmamalı və onlarla mütəmadi açıq ünsiyyət qurmalıdırlar.