Bakı region ölkələri arasında fərq qoymur
Dövlət başçısının Tacikistana səfəri sanki Mərkəzi Asiya siyasətini tamamlayır
Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu gün Azərbaycanın xarici siyasətində bunun şahidi oluruq. Prezident İlham Əliyevin son bir-iki il ərzində Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir.
Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri, xüsusən dövlət başçısı İlham Əliyevin Tacikistana səfəri və həmkarı Emoməli Rəhmanla görüşü, iki ölkə arasında mühüm sənədlərin imzalanması xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ekspertlərin fikrincə, səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Bu səfər Azərbaycan Prezidentinin Tacikistana beşinci səfəridir. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Ötən il Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında Memorandum imzalanıb. Bundan başqa, Xocənd və Gəncə qardaşlaşmış şəhərlərdir. İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. Ölkələrimiz arasında qarşılıqlı mədəniyyət günləri və kino həftəsi keçirilib. Hər iki ölkə beynəlxalq və regional təşkilatlar, xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir. Tacikistandan Azərbaycana 4,4 milyon dollar, Azərbaycandan Tacikistana isə 1,5 milyon dollar investisiya qoyulub. Bütün bunlar göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur.
Politoloq İlqar Vəlizadə "Şərq"ə açıqlamasında bildirib ki, son dönəmlər Azərbaycanın Orta Asiya ölkələri ilə əlaqəsi sürətlə inkişaf edib. Analitik qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən iki il ərzində demək olar ki, bütün Mərkəzi Asiya ölkələrində səfərdə olub:
"Bir çox Orta Asiya ölkələrinin rəhbərləri də Azərbaycana səfər ediblər. Bu səfərlər çərçivəsində mühüm sənədlər imzalanıb, önəmli məsələlər ətrafında müzakirələr, danışıqlar aparılıb. Mərkəzi Asiya ölkələrinin əksəriyyəti türkdilli ölkələrdir. Amma Orta Asiya məkanı region olaraq bizim üçün önəm kəsb edir. O baxımdan Tacikistan kimi bir ölkəni kənarda saxlamaq olmaz. Dövlət başçısının Tacikistana səfəri sanki Mərkəzi Asiya siyasətini tamamlayır. Tacikistanla imzalanan sənədlər də göstərir ki, rəsmi Bakı region ölkələri arasında fərq qoymur, ayrı-seçkilik etmir. Tacikistan da bizim üçün dost ölkədir. Dəfələrlə müxtəlif beynəlxalq qurumlarda Azərbaycanın mövqeyini dəstəkləyib. Burada təhlükəsizliklə bağlı məsələlər də önəmlidir. Nəzərə alaq ki, Azərbaycan və Tacikistan çox həssas bölgələrdə yerləşirlər. Hər iki ölkəyə təhdidlər var. İki ölkənin fikir mübadiləsi, təcrübələri bölüşməsi də çox vacibdir. Xatırladım ki, vaxtı ilə Tacikistan da İranın müdaxiləsi ilə üz-üzə qalmışdı. Tehran Tacikistanın daxili işlərinə müdaxilə etmişdi. Bu məsələdə də müəyyən dərəcədə maraqlarımız üst-üstə düşür. İdeoloji və mədəni baxımdan da ortaq nöqtələrimiz var. Novruz bayramı hər iki xalqın sevimli bayramı kimi qeyd olunur. Nizami Gəncəvi fars dilində yazdığı üçün Tacikistan üçün də doğma şair və filosofdur. Ancaq İran kimi "bizim şairimizdir" demirlər. Nizaminin Azərbaycan şairi olduğunu qəbul edirlər".