Brüssel görüşü baş tutacaq


Ardınca Moskvada tərəflər bir araya gəlmək üçün imkanlarını əldən verməyəcəklər

Putinin Moskvada Paşinyanın qulağına hansı sözləri pıçıldadığını sərhəddəki toqquşmalar açır


  Ötən il Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bir neçə görüş keçirilib. Dekabr ayında, məhz Ermənistan tərəfi Brüsseldə eyni formatlı görüşdə iştirakdan imtina edib, bununla da prosesə maneçilik törədilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib ki, rəsmi Bakı ötən il baş tutmamış, may ayında yenidən bərpa olunması planlaşdırılan Brüssel görüşünə razılıq verib: 

"Eyni zamanda Kişinyovda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub. Azərbaycan tərəfi öz növbəsində, Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişinyovda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib. Bununla yanaşı, sözügedən görüşün təfərrüatları barədə müfəssəl məlumat verilmədiyi nəzərə alınaraq, Kişinyov görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil". 

  Ermənistan Baş naziri Nikol Paşinyan da hökumətin dünən keçirilən iclasında deyib ki, mayın 14-də üçtərəfli görüşün planlaşdırıldığı Brüsselə səfərini ləğv etmək niyyətində deyil.

 Bununla yanaşı, Paşinyan bildirib ki, mayın 14-də Azərbaycanla sülh sazişinin imzalanması ehtimalı azdır. Çünki sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş layihəsi hələ ilkin xarakter daşıyır: “İmzalamaq hələ tezdir. Digər tərəfdən, bizim sənədi mümkün qədər tez hazırlayıb imzalamaqla bağlı vəzifəmiz var”. ABŞ dövlət katibi Entoni Blinken də Şarl Mişellə telefon danışığında Azərbaycan və Ermənistan arasında dayanıqlı və uzunmüddətli sülhün dəstəklənməsi üçün fürsətləri müzakirə edib. Kornegi Fondunun tədqiqatçısı Tomas de Vaal bildirib ki, hələlik söhbət ikitərəfli sazişlərdən gedir, bu, sülh sazişi deyil, çərçivə sazişidir: “Bu, iki liderin ümumi prinsiplər əsasında imzalaya biləcəyi qısa sənəddir, Qarabağ ermənilərinin gələcəyi məsələsi burada yer almayacaq”. Vaal bildirib ki, bu sənəddə Naxçıvana yol da əksini tapmayacaq: “Söhbət texniki sənəddən gedir, ciddi sülhdən yox”.
  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Paşinyan son açıqlamalarının birində Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyindən narazılığını bildirmişdi. Analitikə görə, Paşinyan Mişeldən ona görə narazıdır ki, Avropa İttifaqının rəhbəri Azərbaycanla Ermənistan arasında qısa zaman kəsiyində sülh sazişinin imzalanmasını istəyir və bu zaman Qarabağ məsələsinə toxunmur: "Paşinyan Mişelin “gəlin Brüsseldə yenidən üçtərəfli görüş keçirək” təklifinə birbaşa “yox” deyə də bilmir. Ancaq danışıqlarda nəticə əldə edilməməsi üçün müzakirələrdən bir neçə gün əvvəl sərhəddə təxribata yaşıl işıq yandıra bilər". 
  Siyasi şərhçi Aqşin Kərimov da hesab edir ki, Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçıları arasında aparılan müzakirələr sülhə bir addım yaxınlaşma əlamətlərini göstərir. Hərçənd ki, görüləsi və geniş diskussiya mövzusu olacaq məsələlər hələ də açılmamış düyün kimi qalır: "Vaşinqtondan sonrakı düyünləri açmaq üçün Rusiya və Avropa İttifaqı bir-birilə “didişdilər”. Lakin Bakı-İrəvan kanalı Moskvadan öncə Brüssel formatına üstünlük verdiyini nümayiş etdirdi. Sərhəddəki toqquşmalar Rusiyanın Brüssel formatını etibarsızlaşdırmaq və ya həmin görüşdən sonra Moskvanın daha etibarlı olduğunu göstərmək üçün planı kimi dərk edilə bilər. Nikol Paşinyanın özü də Rusiyaya az pas atmır. Paşinyan mayın 4-də bəyan etdi ki, Avropa İttifaqının monitorinq missiyasını Ermənistana dəvət etmək barədə qərar asan olmayıb. Çünki Aİ missiyası təhlükəsizliyə zəmanət vermir, əksinə, yeni çağırışlar yaradır. Bu, Paşinyanın Rusiya meydanına atdığı topdur. Məqsədi “mən Aİ missiyasından imtina edə bilərəm, lakin əvəzində sərhədə KTMT kontingenti göndərilsin” ismarışını çatdırmaqdır. Paşinyan 9 may Qələbə paradında iştirak üçün Moskvaya getdi. Onun Rusiya Prezidenti Vladimir Putinin qulağına hansı sözləri pıçıldadığını və Putinin ona hansı cavablar verdiyini sərhəddəki toqquşmalar açır. Əgər Paşinyan bu addımlarını Moskvada razılaşdırıbsa, onda məntiqi bir fikir ortaya çıxır ki, Ermənistan mayın 14-də gözlənilən Brüssel görüşünün ləğvinə çalışır. Hər halda danışıqlardan əvvəl Ermənistanın Zod istiqamətində əlavə qüvvə cəmləşdirməsi insidentin miqyasını genişləndirmək cəhdindən xəbər verir ki, bu da sülh gündəliyindəki praqmatik ideyaları zədələyə bilər. Ancaq hesab edirik ki, Brüssel görüşü baş tutacaq və ardınca Moskvada tərəflər bir araya gəlmək üçün imkanlarını tükətməyəcəklər.
  Ermənistana dəstəklər bu müddətdə dekorativ xarakter daşıyacaq və mahiyyət etibarı ilə Azərbaycanın strateji maraqlarının önünə keçə bilməyəcək".