Ermənistan erməniləri ilə Qarabağ erməniləri ÜZ- ÜZƏ...

“Qarabağ ermənilərinə sahib çıxan yoxdur”

“Bu isə o deməkdir ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etməli olacaqlar. Proseslər ona doğru gedir”

“Bir sözlə, düşmən dalana dirənib. Bu yolun çıxışı yoxdur. Bizim gücdən başqa yolumuz yoxdur”


Bu gün saat 01:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonu Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 Düşmən artıq uzun müddətdir ki, təxribatlarını təkrarlayır. Keçmiş millət vəkili Həvva Məmmədova ermənilərin ardı-arası kəsilməyən provokasiyaları barədə “Sherg.az”a danışdı: “Ermənilər tarix boyu heç vaxt vədlərini yerinə yetirməyiblər. Onların bu qədər məğlubiyyətdən sonra da ağılları başlarına gəlməyib. Çünki idarəçilikləri öz əllərində deyil. Ermənistanı idarə edən başqa dövlətlər, həmçinin xaricdəki diaspordur. Hakimiyyət xalqını düşünmür. Reallıq isə bundan ibarətdir ki, revanşist niyyətlərindən əl çəkməmələrinə rəğmən, yaratdığı miflər 44 gün ərzində məhv oldu”.

 H.Məmmədova düşünür ki, İrəvan tez-gec reallıqla barışmalı olacaq:

“Düşmən indiyədək müharibəni təhlil edə bilmir Çünki daxildə xaotik vəziyyət yaranıb. Ermənistan erməniləri ilə Qarabağ erməniləri üz-üzə gəliblər. Ermənistan erməniləri həmişə olduğu kimi yenə də Qarabağ ermənilərini qəbul etmirlər. Qarabağ ermənilərinə sahib çıxan yoxdur. Bu isə o deməkdir ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etməli olacaqlar. Proseslər ona doğru gedir. Ermənistan hakimiyyəti guya hansısa postlar qurur, “ordu” yığır. Lakin faktiki olaraq belə bir imkanı yoxdur. “Silahlı qüvvələrinin” 50-55 yaşlı kişilərdən ibarət olması təsadüfi deyil. Bir sözlə, düşmən dalana dirənib. Bu yolun çıxışı yoxdur.

Proseslər Bakının istədiyi məcrada davam edir. Doğrudur, ermənilər  torpaqların tarixi sahiblərinin geri qayıtmalarını həzm edə bilmirlər. Bu isə o deməkdir ki, bizim güc yolundan başqa yolumuz yoxdur”.