Cəmaləddin Quliyev: "Hakimiyyətdə olanlar bilirlər ki, Azərbaycana qarşı atılan addımlar hansı fəsadları doğura bilər"
İran Prezidentinin gizli Azərbaycan mesajları
Haker qrupu 120 serverdən məlumat əldə edib
Cəmaləddin Quliyev: "Hakimiyyətdə olanlar bilirlər ki, Azərbaycana qarşı atılan addımlar hansı fəsadları doğura bilər"
İran Xalq Mücahidləri Təşkilatına yaxın olan “Rejimi devirmək üçün inqilab” haker qrupu internet vasitəsilə İran Prezidentinin internet resurslarına nüfuz etdiyini və 120 serverdə məlumat əldə etdiyini bildirib. Haker qrupu İran Prezidentinin kompüterinə, iş və istirahət zonasına, Prezidentin üzgüçülük hovuzu ilə bağlı “gizli” və “tam məxfi” məlumatları, İbrahim Rəisinin İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaniyə etiraz mesajını yayıb. İran Prezidentinin internet saytının sındırılmasından sonra qruplaşmanın sızdırdığı məlumatlar arasında Azərbaycanla bağlı mühüm məqamlar var. Dərc olunmuş sənədlərin birində Kəşfiyyat Nazirliyinin İran-Azərbaycan münasibətlərinə dair hesabatı əks olunur. Hesabatda deyilir ki, polis Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan sonra səfirliyin binasına 20 dəqiqəlik gecikmə ilə gəlib.
Sənədlərdən anlaşılır ki, İranın güc qurumlarından biri (Kəşfiyyat Nazirliyi) bu məsələlərə görə digər qurumu - Daxili İşləri Nazirliyini təqsirkar bilir və məsuliyyəti öz üzərindən atır. Digər sənədə əsasən, İranın Kəşfiyyat Nazirliyi Rusiyaya təklif edir ki, NATO-nun Azərbaycan Respublikasında hərbi mövcudluğuna həssaslığını artırsın. Bu da olduqca mühüm məqamdır. İran kəşfiyyatı Rusiyanı Azərbaycana qarşı təhrik etmək üçün həm kulisarxası danışıqlarda, həm təbliğat resurslarında planlı iş aparır.
Siyasi şərhçi Cəmaləddin Quliyev "Şərq"ə açıqlamasında deyib ki, İranda hakimiyyətdə olanların birmənalı hamısı qonşu dövlətlərlə müharibə, qarşıdurma, gərginlik tərəfdarı deyil. Analitik vurğulayıb ki, İranda etnik baxımdan çoxluğu Azərbaycan türkləri təşkil edir. Ekspertin sözlərinə görə, bu mühüm faktor mütləq nəzərə alınır:
"İkinci Qarabağ müharibəsi ərəfəsində, savaşın getdiyi müddətdə və müharibədən sonra Cənubi azərbaycanlılarda yaranmış ruh yüksəkliyi, soydaşlarımızın coşqusu Tehran hökuməti tərəfindən müşahidə olunurdu. Yəni hakimiyyətdə olanlar bilirlər ki, Azərbaycana qarşı atılan addımlar hansı fəsadları doğura bilər. İranın ekspert cameəsində ölkəmizə qarşı təhdidlərin, təzyiq çağırışlarının sonda nəyə gətirib çıxaracağının fərqindədirlər. Düşünmürəm ki, Tehran hakimiyyəti o qədər ağılsız olsun ki, Azərbaycana qarşı kəskin addımlar atsın. Amma qonşu xalqlarla uzunmüddətli problemlərin yaşanması bəlli bir fobiya yaradır. İran sanki özünü qonşular timsalında "mühasirəyə salınmış" kimi göstərir. Halbuki Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, qonşu dövlətlərə, xalqlara qarşı heç bir iddiamız yoxdur. Azərbaycan öz ərazisindən İrana qarşı hansısa əməliyyatın aparılmasına imkan vermir. Görünür, İran hakimiyyətinin addımları, davranışı daha çox cəmiyyəti koordinasiya etmək, Cənubi azərbaycanlıları Azərbaycandan uzaqlaşdırmaq üçün daxilə hesablanmış təbliğatdır. Hər halda Azərbaycan tərəfindən də müəyyən ehtiyatlılıq zəruridir. Çünki İranın qonşusu Əfqanıstanla da lokal toqquşmaları qeydə alındı. Rəsmi Bakı belə hallarla üzləşməmək üçün kifayət qədər praqmatik, ağıllı siyasət yürüdür. Ona görə də hansısa ciddi gərginlikdən söhbət getmir. Sadəcə, İran hökuməti Azərbaycana qarşı mənfi münasibət formalaşdırmaq üçün müxtəlif təbliğatlardan yararlanır. Hesab edirlər ki, Rusiya XIX əsrdə Azərbaycana gələndə bu torpaqlar "İran əraziləri" olub. Əgər Rusiya həmin bölgədən çəkilirsə, boşluğu həmin ərazilərin "sahibi" İran doldurmalıdır. Yəni Cənubi Qafqazda NATO, Türkiyə, İsrail yox, məhz İran olmalıdır. Tehran hakimiyyəti qıcıqlandıran əsas məqam budur. Bu cür iddiaların tutarlı cavabı Azərbaycan rəhbərliyi tərəfindən dəfələrlə verilib. Azərbaycan qonşularla normal münasibət qurmağa çalışır, balanslı siyasəti yürüdür. Eyni zamanda istənilən ölkə ilə münasibət qurarkən kənar paytaxtda kimlərin nə düşündüyünü də nəzərə almır".
C.Quliyev vurğulayıb ki, İran hakimiyyətinin daxilində Azərbaycana münasibətdə fərqli düşünənlər var. Ancaq kəskin ziddiyyət təşkil edən qruplardan söhbət getmir: "Azərbaycanla münasibətdə daha praqmatik yanaşma tərəfdarları mövcuddur. Keçmiş səfirlər arasında belə düşünənlər var. Ancaq bu rəyin çoxluq təşkil etdiyini düşünmək çətindir. Məsələ ondadır ki, bu gün bir fikir söyləyən şəxslər sabah tamam başqa yanaşma ortaya qoya bilirlər. Yəni ölkəmizə qarşı ikili münasibət görürük. Hansısa qruplaşmanın, düşüncə mərkəzinin Azərbaycana yaxınlıq bəyan etməsi həmin dairələrin tam azərbaycançı mövqedə olması anlamına gəlmir. Təbrizin imam-cüməsi İkinci Qarabağ müharibəsində Azərbaycanın lehinə gözəl bəyanatlarla çıxış etmişdi. Lakin bu yaxınlarda Azərbaycanı ittiham edən ifadələr işlətdi. Ona görə də rejimin daxilində "bir hissə yaxşıdır, digəri pisdir" söyləmək çətindir".