Məktəblərdə baş verənlər göstərir ki, vəziyyət dəhşətli həddə çatır- PSİXOLOQ

"Belə olmaz, ciddi tədbir görülməlldir. Nyə belə biganə yanaşma var, anlamaq çətindir"  

15 yaşlı uşaqlar artıq böyüklər kimi davranır, səbəb psixoloji pozuntudur

Elmir Əkbər: "Psixoloji xidmətlər gücləndirilməsə, problemlər daha da dərinləşəcək”

Məktəblər sanki kriminal dünyanın bir parçasıdır. Şiddət, zorakılıq, fiziki və psixoloji təzyiq və təcavüzlər davamlı xarakter almaqdadır. Az qala hər gün ümumtəhsil məktəbləri ilə bağlı nəinki xoşagəlməz, dəhşətli hadisələr barədə məlumatlar yayılır. 15 yaşlı uşaq, bəli, məhz uşaq, uşaq dünyaya gətirir. 16 yaşlı şagird 15 yaşlı şagirdi yandırır. Birisi çantasında ov tüfəngi mıktəbə gəlib aış açır, bir digəri sinif yoldaşını bıçaqlayır. Bunlar qan donrudan faciələrdir.

Əxlaqsız hərəkətlərsə həddini o dərəcədə aşıb ki müəllimlərin fotolarını hansısa yolla ələ keçirib şəkillərin altından nalayiq ifadələr yazır və paylaşırlar. Azərbaycan məktəbinin bu hala düşməsinin səbəbləri isə ciddi şəkildə nə müzakirə edilir, nə təhlil aparılır, nə də çıxış yolları göstərilir. Dedikləri ancaq budur: məktəbə psixoloqlar cəlb edilsin, valideynlər övladlarına nəzarət etsinlər, sosial şəbəkələr qadağan olunsun. Problemin köklərinə enən, dərindən tədqiqat aparıb “uşaqlarımız niyə bu vəziyyətə düşüb” sualına doğru-dürüst, real cavab tapansa yoxdur. 

Sherg.az xəbər verir ki, Türkiyənin Samsun Ondokuz Mayıs Universitetinin professoru Hatice Kumcağız “uşağın qəzəbini idarə etməyi öyrəndiyi ilk mühit ailədir”, söyləyib. Onun sözlərinə görə, uşaqlarda aqressiv davranışlar sosial təcrid, depressiya, zorbalıq və emosional diqqətsizlik kimi amillərin təsiri ilə yaranır. Ailə daxilində sevgi və diqqət çatışmazlığı uşağın internet və sosial mühitdə mənfi davranışlara yönəlməsinə səbəb olur. Mütəxəssis qeyd edib ki, valideynlərin davranışı uşaqlar üçün əsas nümunədir: valideynlər qəzəbi aqressiya ilə deyil, dialoqla həll etməlidirlər. Əks halda uşaq bu davranışı normal hesab edir. Kumcağızın sözlərinə görə, uşaqların izlədiyi kontent də mühüm rol oynayır. Şiddət məzmunlu oyun və videolar empati hissini zəiflədə bilər. Buna görə ailələrin uşaqların rəqəmsal mühitinə nəzarəti vacibdir. O həmçinin bildirib ki, məktəblərdə yalnız akademik deyil, sosial və emosional inkişaf da diqqətdə saxlanmalıdır. Bir uşağın başqa bir uşaq tərəfindən davamlı şəkildə incidilməsi və ya alçaldılmasına qarşı tədbirlər görülməli, risk qrupundakı uşaqlar isə psixoloji dəstək almalıdır.

Psixoloq Elmir Əkbər “Sherg.az”a açıqlamasında qeyd etdi ki, məktəblərdə şagirdlər arasında çox dəhşətli hadisələr baş verir. Bu, birinci deyil və əgər ciddi tədbirlər görülməsə sonuncu olmayacaq, davam edəcək: 

- Təəssüf ki heç bir ciddi addım atılmır. Açıq deyirəm ki, baş verən hadisələrin arxasında psixoloji faktorlar dayanır. Uşaqların psixikası artıq pozulub. 15 yaşlı uşaq özünü 25-35 yaşlı insan kimi aparır. Bu, psixoloji pozuntudur. Hər yaşın öz keyfiyyəti, öz xüsusiyyəti var. Yaşına görə çox şey bilən, riyazi həllər edənlərə, fərqli düşünənlərə “vunderkind” deyirdilər. Sinf yoldaşlarını qabaqlayıb yuxarı sinfə keçənlər olurdu, ekstrenat imtahanları ilə. Belə uşaqlar nadir olur və onlar zorbalıqla deyil, elmli, bilikli, savdlı, geniş dünyagörüşlü olmaları ilə seçilirdilər. İndiki uşaqlar zorakılıqla seçilməyə çalışırlar. Çünki başqa heç bir sahədə, hər hansı üstünlüyə malik deyillər. Bu hal cəmiyyətimizdə sosial-psixoloji mühiti dərindən sarsıdır. Sanki heç nə yerində deyil. Heç kəs öz yerində deyil. Nəyə görə ölkəmizdə psixologiya kimi bazalı bir elm sahəsini görməzdən gəlməyə çalışırlar? Hər şey öz başlanğıcını insan psixikasından götürür. Psixologiyaya yüksək yer ayrılmalıdır. Əxlaqsızlar, dələduzlar, fırıldaqçılar, təhsilsizlər, sosial şəbəkələrdə özlərini psixoloq, psixo-terapevt kimi təqdim edir deyə, cəmiyyətdə psixoloqlara skeptik münasibət formalaşıb, insanlar inamsız yanaşır psixoloqlara. Hətta bir çox hörmətli insanlardan eşitmişəm ki valideynlər məhz buna görə övladlarına psixologiya ixtisasını seçməyə icazə vermirlər. Nə zamanki psixologiyaya lazımi diqqət ayrılacaq, təhsilsiz, savadsız, saxta psixoloqlar sosial şəbəkələrdən qaldırılacaqlar, o zaman psixoloji iş düzgün qurulacaq. Həqiqi mütəxəssislər cəlb olunmalıdır bu işə. Məktəblərdə, idarə və müəssisələrdə psixoloq kabinetləri yaradılmalıdır. Bütün inkişaf etmiş ölkələrdə bu var. Çünki böyük müəssisələrdə psixoloji problemlər yaşanır. Məktəblərdə psixoloq kabinetlərində əyləşənlərin peşəkarlıq səviyyəsi sual doğurur. Lakin bu, onların günahı deyil. Ölkədə kadr çatışmazlığı var. Məktəb psixoloqundan yüksək klinik nəticələr gözləmək doğru deyil. Lakin onlar problemi müəyyən edib müvafiq mütəxəssisə yönlədirməlidirlər. Hesab edirəm ki, müvafiq qurumlar ciddi addımlar atmalıdır. Sosial layihələrə məhdudiyyətlərin tətbiqi o emık deyil ki problemlər aradan qalxıb. Əksinə, məktəblərdə baş verənlər göstərir ki, vəziyyət kritik həddə çatır, şagidlərin bir-birinə qarı zorakılığı artır. Valideynlər qəti istəmirlər ki, ailə mühitinin rolu önə çəkilsin, bu barədə danışılsın. Halbuki problemlər ailə mühitindən qaynaqlanır. Müəllimlərlə də iş aparılmalıdır. Belə olmaz, ciddi tədbir görülməlldir. Nyə belə biganə yanaşma var, anlamaq çətindir.