Qərbin Türkiyəyə qarşı terrorizm ssenariləri...“Ankaranı zəiflətmək üçün..."

“Yəqin, nə vaxtsa, PKK/YPG də İsveçrə və bu terrorçu təşkilatı dəstəkləyən digər Qərb ölkələrinə qarşı terror aksiyaları törədəcək”

“Nəticədə PKK/YPG Qərb ölkələri üçün “bizim terror təşkilatımız” kateqoriyasındakı yerini itirməyə başlayacaq”

“Və Qərb ölkələri özlərinin yaradıb, gücləndirdikləri PKK/YPG-ni məhv etmək məcburiyyətində qalacaqlar”

İsveçrənin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb İsveçrənin Cenevrə şəhərində PKK/YPG terror təşkilatının nümayəndəliyinin açılmasıdır. Bildirilib ki, PKK/YPG terror təşkilatı və ona bağlı qruplaşmaların müxtəlif dərnək və qeyri-hökumət təşkilatları adı ilə təbliğat aparmalarına və terrorçuluq fəaliyyətlərini qanuniləşdirməsinə heç bir şəkildə icazə verilməməlidir.

"Biz terrorçuluqla mübarizədə terror təşkilatları arasında ayrı-seçkiliyin yolverilməz olduğunu hesab edirik. Özlərini hədəf almır deyə terror təşkilatlarına qucaq açanlara bunun ucunun bir gün özlərinə də toxunacağını xatırlatmaqda fayda var. Türkiyə Avropa İttifaqının terror təşkilatı kimi tanıdığı PKK ve ona bağlı qruplaşmalarla mübarizəsini qətiyyətlə davam etdirəcək", - məlumatda vurğulanıb.

“Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli məsələ barədə “Sherg.az”a danışdı:

“Son dövrlərdə İsveçrənin antitürk davranışları daha intensiv xarakter almağa başlayıb. Bu ölkənin müxtəlif rəsmi qurumlarının 44 günlük savaş dövründə və ondan sonrakı mərhələdə Ermənistanın hərbi-siyasi avantüralarına dəstək verdiyi hər kəsə məlumdur. Və bu, İsveçrədə, eləcə də, digər bəzi Qərb ölkələrində “səlib yürüşü” prinsipinə hələ də sadiq qalındığını büruzə verir. Məsələ ondadır ki, PKK/YPG yalnız İsveçrə tərəfindən dəstəklənmir. PKK/YPG terrorçularının dəstəklənməsində ABŞ, Almaniya, Fransa və s. ölkələr xüsusi fəallıq göstərirlər. ABŞ PKK/YPG terrorçularına hərbi təlimlər keçir, silah-sursatla təmin edir. Fransa xüsusi xidmət servislərinə bağlı şəxslərin bu terrorçu qruplaşmalar üçün terrorizm fəaliyyəti üzrə strategiya hazırladıqları barədə də məlumat var. PKK/YPG-nin əsas maliyyə dayaqlarının isə Avropada olduğu da heç kəsə sirr deyil. Bu terrorçu qruplaşmaların ən çox maliyyə dəstəyini Almaniya üzərindən aldığı artıq sübuta yetirilmiş reallıqdır. Eyni zamanda PKK/YPG terrorçularının Almaniya ərazisində müxtəlif adlar altında geniş şəkildə təşkilatlanıb, fəaliyyət göstərdikləri də məlumdur. Yəni  İraqda və Suriyada yerləşən PKK/YPG düşərgələri əslində Türkiyəyə qarşı planlı terrorizm ssenarilərinin yalnız üzdə görünən hissəsidir. Bütün bunları nəzərə aldıqda İsveçrənin də PKK/YPG terrorçularına dəstək verən ölkələrin sırasında yer alması qətiyyən təəccüb doğurmamalıdır. Çünki bütün bunlar Türkiyəyə qarşı ümumi strategiyanın tərkib hissəsidir. Bəzi Qərb ölkələri Türkiyəni zəiflətmək üçün məhz belə metodlardan istifadə edirlər. Yəqin ki, bu, hələ uzun müddət davam edəcək”.

E.Xalidbəylinin fikrincə, sözügedən terror təşkilatı haçansa Qərbin özü üçün də təhlükə yaradacaq:

“PKK/YPG terrorçularına Qərbin dəstəyi yalnız bu qruplaşmaların Avropa ölkələrində terror aktı törətməsindən sonra dayandırıla bilər. Vaxtilə ermənilərin terror təşkilatı ASALA Avropa da daxil olmaqla bütün dünyada Türkiyə diplomatlarını qətlə yetirirdi. Ancaq Qərb ölkələri öz ərazilərində açıq şəkildə fəaliyyət göstərən ASALA-ya qarşı heç bir addım atmırdılar. Və nəticədə bir müddətdən sonra ASALA ərazilərində fəaliyyət göstərdiyi ölkələrə qarşı da terror aktı törətməyə, onları şantaj etməyə başladı. Həmin dövrdə ASALA-nın ən dəhşətli terror aktları bu terrorçu təşkilatı maliyyə və silah-sursatla bəsləyən Fransanın payına düşdü. Məhz bundan sonra Fransa ASALA-nın məhv edilməsi istiqamətində addımlar atmağa başladı. Yəqin, nə vaxtsa, PKK/YPG də İsveçrə və bu terrorçu təşkilatı dəstəkləyən digər Qərb ölkələrinə qarşı terror aksiyaları törədəcək. Nəticədə PKK/YPG Qərb ölkələri üçün “bizim terror təşkilatımız” kateqoriyasındakı yerini itirməyə başlayacaq. Və Qərb ölkələri özlərinin yaradıb, gücləndirdikləri PKK/YPG-ni məhv etmək məcburiyyətində qalacaqlar”.