Sabiq nazir: “Azərbaycan-Özbəkistan birliyi Türk dünyasının yeni güc mərkəzini formalaşdırır”

Tofiq Zülfüqarov: “Azərbaycan-Özbəkistan münasibətlərində “tarixi birlik və ittifaq” anlayışı formalaşır”

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri Bakı ilə Daşkənd arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, əldə olunan razılaşmalar və verilən mesajlar iki ölkə arasında strateji tərəfdaşlığın artıq yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmadığını, daha geniş geosiyasi və sivilizasion məzmun qazandığını göstərir. Xüsusilə Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlığı bu münasibətlərin ikitərəfli müstəvidən daha geniş türk dünyası platformasına inteqrasiya olunduğunu ortaya qoyur. Azərbaycan və Özbəkistanın qarşılıqlı münasibətlərində tarixi, mədəni və dil yaxınlığı mühüm baza təşkil etsə də, son illərdə bu amillər konkret siyasi, iqtisadi, nəqliyyat və təhlükəsizlik əməkdaşlığı ilə tamamlanır. Bakı və Daşkəndin Türk Dövlətləri Təşkilatının gücləndirilməsi istiqamətində nümayiş etdirdiyi fəallıq isə türk dövlətləri arasında həmrəylik və qarşılıqlı dəstəyin institusional xarakter almasına şərait yaradır. Bu baxımdan, Azərbaycan-Özbəkistan münasibətlərində formalaşan “tarixi birlik və ittifaq” anlayışının mahiyyəti və onun Türk Dövlətləri Təşkilatının gələcək inkişafındakı rolu xüsusi diqqət çəkir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Sherg.az-a niyə Özbəkistanla Azərbaycan arasında “tarixi birlik və ittifaq” anlayışı formalaşmasını izah edib: 

“Belovejskaya Puşada keçirilən görüşdə Rusiya, Ukrayna və Belarus prezidentləri SSRİ-nin əvəzinə şərti olaraq “slavyan dövlətlər birliyi” adlandırıla biləcək bir qurumun yaradıldığını elan etdilər. Bu, Qazaxıstan Prezidentinin narazılığına və etirazına səbəb oldu. Nəticədə Alma-Ata prosesi başladıldı və həmin proses sonradan məşhur Deklarasiyanın qəbul edilməsi və MDB-nin yaradılması ilə yekunlaşdı. Sonrakı hadisələr göstərdi ki, “Slavyan İttifaqı” layihəsi reallaşmadı. Rusiyanın Ukraynaya müdaxiləsi isə bu layihənin üzərindən son xətti çəkdi. Baltikyanı respublikalar SSRİ tərkibində olmalarını legitim hesab etmədikləri üçün gözlənildiyi kimi Avro-Atlantik məkanın bir hissəsinə çevrildilər”.

Zülfüqarov qeyd edib ki, türkdilli dövlətlərin birliyi ideyası ilkin olaraq humanitar layihə kimi meydana çıxsa da, son illərdə Azərbaycanın fəal rolu nəticəsində daha dəqiq desək, müstəqil və özünütəmin edən sivilizasion bir qurum kimi formalaşır:

 “Bu qurum Avrasiya xəritəsində strateji mövqe tutur. Türk Dövlətləri Təşkilatı mühüm iqtisadi, kommunikasiya və tranzit layihələri ilə yanaşı, ümumi ideoloji əsasların və birlik ideologiyasının fundamental elementlərini də fəal şəkildə formalaşdırır və həyata keçirir. Bu baxımdan, xarici siyasət praktikamız üçün nisbətən yeni olan “tarixi birlik və ittifaq” anlayışı gözlərimiz qarşısında formalaşan Türk Dövlətləri Təşkilatının ideoloji konsepsiyasının mühüm komponentinə çevriləcək. Bu praktika Putin rejiminin slavyan dövlətlərinin birliyini yaratmaq istiqamətində həyata keçirdiyi neoimperialist cəhdin müşahidə olunan fiaskosu ilə kəskin şəkildə ziddiyyət təşkil edir. Lakin bu, artıq başqa mövzudur.