Zəngəzur dəhlizinin açılması qaçılmazdır

Azərbaycan-İran anlaşması Ermənistan üzərində əlavə iqtisadi təzyiq deməkdir

“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti Şuşa Bəyannaməsində təqdir edilib, bu sahənin mütəxəssisləri, rəsmi qurumlar tərəfindən də razılıqla qarşılanıb. Həmçinin bəyannamə imzalanandan sonra ölkəmizdə Türkiyə Silahlı Qüvvələrini təmsil edən Xidmət Qrupu fəaliyyətə başlayıb”. Bu sözləri Azərbaycan Təhlükəsizlik Şurasının (TŞ) katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuata müsahibəsində deyib. 

Ramil Usubov qeyd edib ki, Şuşa Bəyannaməsi təhlükəsizlik və hərbi sahədə əməkdaşlıgı daha üst səviyyəyə qaldıran, indiyədək həyata keçirilən müştərək tədbirlərin və ümumilikdə fəaliyyətin miqyasının daha da genişlənməsini vacib sayan əsas çərçivə sənədlərindən biridir: “O, iki dövlətin, iki Prezidentin müxtəlif sahələr üzrə, xüsusən hərbi təhlükəsizlik sahəsində fəaliyyət istiqamətlərini, hədəflərini bəyan edən ali səviyyəli sənəddir. Müharibəyə qədərki dövrdə Türkiyənin Azərbaycandakı hərbi-təhlükəsizlik sahəsində təmsilçiliyi yalnız birgə təlimlərdə iştirak, hərbi kadrların və müdafiə sənayesi potensialının, arsenalının təkmilləşməsinə yardım idi. 

Savaş müddətində isə qardaş ölkə haqq işimizə birmənalı mənəvi, siyasi, diplomatik dəstək göstərməklə yanaşı, öz hərbi sənayesinin modern qurğuları ilə də qələbəmizə töhfə verdi. Türkiyənin bölgədə daha fəal hərbi-təhlükəsizlik təmsilçiliyi artıq zərurətə çevrildi. Bu məqam Ermənistanın təslimçilik aktı kimi tarixə düşən üçtərəfli razılaşma sənədində "sülhməramlı mərkəz" statusunda xüsusi müddəa ilə təsdiq olundu”. R.Usubov qeyd edib ki, iki dövlətin hərbi-təhlükəsizlik əlaqələrini fəaliyyət prioritetlərindən biri kimi elan edən Şuşa Bəyannaməsi həm də bu sahədəki əməkdaşlığın genişlənməsini konkret vəzifə kimi müəyyənləşdirib. 

General-polkovnik Zəngəzur dəhlizindən də danışıb. Onun sözlərinə görə, növbəti mərhələ Zəngəzur dəhlizinin açılmasıdır ki, artıq İrəvan burada da maneə yaratmaq imkanlarını itirir: “Bu prosesdə də möhtərəm Prezidentin yüksək diplomatik məharəti əsas rol oynayır. 

Onun təşəbbüsü ilə İranla imzalanan anlaşma memorandumu əsasında, İran-Ermənistan sərhədindən 5 kilometr cənubdan keçərək Şərqi Zəngəzur ilə Naxçıvanı birləşdirən yeni nəqliyyat qovşağı çəkiləcək. Dəmiryol xəttindən, çoxzolaqlı avtomobil şosesindən, elektrik enerji ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaq yeni nəqliyyat arteriyası Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın manevrlərini tam əhəmiyyətsiz edir. Ermənistan hakimiyyəti belə düşünür ki, yeni nəqliyyat qovşağı məsələsində, guya, üstün mövqedədir və şərtləri o diktə etməlidir. Ancaq möhtərəm Prezidentimiz cəmi 5 kilometr coğrafi fərqlə bu nəqliyyat qovşağının istifadəyə veriləcəyini bəyan etdi və Ermənistan növbəti dəfə hesablarında yanıldı”.
Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə bildirib ki, Türkiyənin Cənubi Qafqazdakı postmünaqişə dövründə regionda fəal hərbi-siyasi təmsilçiliyi ilə əlaqədardır. Ekspert bəyan edib ki, Türkiyə 10 noyabr bəyanatına özünün maraqlarını daxil edə bilib. Bu, razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılması ilə nəticələnib: “Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ankara ilə Moskvanı birgə sülhməramlı baxış ortaya qoymağa vadar edir. Türkiyə isə birbaşa sahənin içərisindən əldə etdiyi nəticələri Azərbaycanla bölüşür. Həmin Mərkəzin fəaliyyətinə dair müddəa Şuşa Bəyannaməsinə da salınıb. Amma bundan sonra Türkiyə Silahlı Qüvvələrini təmsil edən Xidmət Qrupu tam yeni format və tərzdə Azərbaycanda fəaliyyətə başlayıb ki, bu da Ankaranın regiondakı təsirlərini çoxaldan əlavə istiqamət yaradıb. Şuşa Bəyannaməsinə əsasən, Azərbaycan və Türkiyə təhlükəsizlik şuralarının iclasları keçiriləcək. Bu iclaslar əsasən regional təhdidlərin ram edilməsi, onun qlobal təhlükəsizlik sistemindəki manevrlərlə ayaqlaşdırmaq məqsədi daşıyır. Ramil Usubovun dedikləri ona dəlalət edir ki, Azərbaycan və Türkiyənin təhlükəsizlik şuraları mütəmadi olaraq birgə iclaslar keçirir. Hərçənd ki, həmin iclasların stenoqramları yoxdur. Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyəni daxili sabitliyə, terrorçu, dini-ekstremist strukturların fəaliyyətinin  qarşısını almaq üçün konsepsiya hazırlamağa da təşviq edəcək”.
Analitik vurğulayıb ki, Azərbaycan 2021-ci ilin mayından etibarən Ermənistanla sərhədə çıxış əldə etdikdən sonra özünün mövqelərini əhəmiyyətli dərəcədə irəli çəkdi və bu proses Naxçıvan istiqamətində də getdi. Bu isə Ermənistanı Zəngəzur dəhlizinin “ya güc yolu ilə, ya da xoşluqla” açılması  dilemması qarşısında qoyur: “Hər iki halda isə Zəngəzur dəhlizi açılacaq, İrəvan isə qara-qura mövqedən əl çəkməlidir və bunun faydasını düşünməlidir. Azərbaycanın İranla imzaladığı sənəd, yəni İran-Ermənistan sərhədindən 5 kilometr cənubdan keçərək Şərqi Zəngəzur ilə Naxçıvanı birləşdirən yeni nəqliyyat qovşağı Zəngəzur dəhlizinin əhəmiyyətini artırır. Azərbaycan-İran anlaşması Zəngəzur dəhlizinin açılması üçün Ermənistan üzərində əlavə iqtisadi təzyiq mexanizmidir. Bu isə Türkiyə ilə birgə işin nəticəsidir, yəni memorandum Azərbaycan-Türkiyə-İran formatında Ermənistan üzərində iqtisadi rıçaq yaradır”.