Adnan Oktarın Azərbaycandakı “kedicik”ləri...

Təəssüf ki, bu adamın ölkəmizdə də tərəfdarları var
“Onlar islamı doğru-düzgün oxuyub öyrənib, islamı düzgün yaşayanlarla müxtəlif polemikalara girirlər, mübahisəli mövzular açırlar və onları münaqişəyə cəlb edirlər”



Əkrəm Həsənov: "Burda olan "harun”çular məni təhdid edirdilər”


Türkiyədə Harun Yəhya adı ilə tanınan və özünü ilahiyyatçı adlandıran Adnan Oktar saxlanılıb. A.Oktarla yanaşı, onun 235 tərəfdarının da saxlanıldığı bildirilib. Məlumata əsasən, A.Oktar kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması və casusluqda ittiham olunur.

İttihamlar arasında böhtan, təhdid və şantaj, dini inancın sui-istifadəsilə dələduzluq, korrupsiya və qanunsuz silah saxlama da yer alır. Adnan Oktarın saxlanılması üçün keçirilən əməliyyatda çox sayda silah, zirehli jilet və zirehli maşın müsadirə olunub.

Harun Yəhyanın Azərbaycandakı tərəfdarları isə ona qarşı irəli sürülən iddiaların əsassız olduğunu iddia edib. Görəsən, Harun Yəhyanın Azərbaycandakı tərəfdarlarının cəmiyyət üçün hansı təhlükəsi var və onların başında kimlər dayanır?

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun sözlərinə görə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçən dini icmaların təsisçiləri arasında o qrupun üzvləri və təəssübkeşləri yoxdur. Dini Komitə rəsmisi icma kimi qeydiyyatdan keçmədiyinə görə, Adnan Oktarın Azərbaycandakı tərəfdarları ilə bağlı əlavə suallara cavab verə bilməyib.

İlahiyyatçı Əkrəm Həsənov isə "Şərq”ə açıqlamasında Harun Yəhyanın təhlükəsi haqqında dəfələrlə həm sosial şəbəkələrdə, həm də saytlarda yazılar yazıb, açıqlamalar verdiyi üçün onun Azərbaycanda olan nümayəndələrinin təhdid mesajlarına məruz qaldıqlarını deyib: 

"Əlavə olaraq Harun Yəhyanın vəkili dəfələrlə saytlarda gedən yazılarıma görə mənə cavab verib və saytlar silsilə yazıları dayandırmağa məcbur olublar. Hətta mənim özümə dedilər ki, biz artıq onun təhlükəsi haqqında yazdığın yazıları saytlarda verə bilmərik”.

Bu gün dünyada aparılan əsas siyasətlərdən biri və əsasının islam təbliğatını zəiflətmək olduğunu vurğulayan ilahiyyatçı deyib ki, islama qarşı mübarizəyə qalxıb dini bölüb parçalamaq istəyənlər özləri üçün Harun Yəhyanı seçib islama qarşı öz mübarizələrini aparmağa başlayıblar: "İslam dini qadınlara örtünməli olduğunu dediyi halda Harun Yəhya qızlara baş örtüsünün gərəksiz olduğunu bildirdi, üstəlik, onların tamamilə soyunmağını normal hal kimi təbliğ etməyə başladı. Bu yazdıqlarım hamısı real həqiqətlərdir. Bütün bunlara dünya ictimaiyyətinin susqun qalmasının sirri hamımıza məlum olmalıdır. 

Çünki bütün bunlar islama qarşı olanların islamı yıxmaq üçün qurduqları rahat bir yoldur. Bu yol bəzi nəfslərə xoş gəldiyi üçün islamı və imanı inkar edərək bu yolun yolçusu oldular. Çünki onlar üçün əsas olan dolanışıqlarıdır və Harun Yəhya onların dolanmasına kifayət qədər bəs edəcək maliyyə ayırır. Əlbəttə, bəziləri üçün maliyyə əsas şərt olduğu üçün Allaha iman və dini yaşamaq məsələsi arxa plana salınır. Çünki onlar öz dinlərini pula satan şəxslərdir”.

İlahiyyatçının iddiasına görə, Harun Yəhya Azərbaycanda öz təbliğatını güclü qurub. Televiziya kanalı açıb, bir çox saytları və dərgiləri fəaliyyət göstərir: 

"Çox təəssüflər olsun ki, son vaxtlar gənclərimizin çoxu da bu təbliğatın qurbanına çevrilib. Onlar artıq böyük bir risk altına daxil olublar və oradan çıxmaq heç də onlara ucuz başa gəlməyəcək. Onlar hədisləri inkar edirlər. Quranı ancaq Azərbaycan dilində oxuyurlar, namazı gündə bir dəfə və Azərbaycan-dilində qılırlar. Aralarında həm qızlar və həm də oğlanlar çoxluq təşkil edir. Ayrı-ayrı evlərdə yığılıb bir-birlərindən maariflənirlər, şəbəkələşmə halında fəaliyyət göstərirlər. Ancaq, əlbəttə, özlərini gizlədirlər. Çoxusu özlərini tam büruzə vermirlər. Son vaxtlar Azərbaycanda sosial şəbəkələrdə "harunçu” gənclərin sayı daha da çoxalıb. 

Onlar islamı doğru-düzgün oxuyub öyrənib, islamı düzgün yaşayanlarla müxtəlif polemikalara girirlər, mübahisəli mövzular açırlar və onları münaqişəyə cəlb edirlər. Onlar haqqında, getdikləri yolun islama uyğun olmadığını dedikdə, irad bildirdikdə isə böhtan atmaqla ittiham edirlər. Son vaxtlar Harun Yəhyanın Azərbaycanda olan "qızı” ilə sosial şəbəkələrin birində olan gizlin mesajlaşmasını belə Harun Yəhyanın azərbaycanlı "qızı” etiraf etmədi. Üstəlik, bunu böhtan adlandırdı. Axı bu reallıqlar hamımızın gözü qarşısında baş verdiyi bir halda necə böhtan ola bilər? Niyə etdikləri günahları etiraf etmirlər? Nəyə görə tarixən, mənbəsi Allahın kitabı "Qurani-Kərim”ə və etibarlı, səhih hədislərə dayanan, bu istiqamətdə olan alimlərin icmasına dayanan, qədimdən bəri bizə gəlib yaşanan dinimizi bu nəsillər korlamaq istəyirlər? Nəyə görə pul xatirinə, dolanışıq xatirinə, bir az artıq pul toplamaq sevdası ilə həm dinimizi, həm adət-ənənələrimizi, həm milli-mənəvi dəyərlərimizi yadelillərə əsir etməliyik? Buna imkan vermək olmaz.

Bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ciddi addımlar atmalı, özümüzü, övladlarımızı belə bizə düşmən olan şəxslərə, harunlara, harınlaşmışlara qoşulmağa imkan və şərait yaratmamalıyıq.

 Allah xatirinə bu məsələdə hamımız Vətənimizi, dövlətimizi, adət-ənənələrimizi, tarixən yaşadığımız dinimizi göz bəbəyimiz kimi qorumalıyıq və buna görə hamımız məsuliyyət daşıyırıq. Bütün bunların səbəbi ölkəmizdə dini maarifçiliyin zəif olması, din sahəsində olan aidiyyəti qurumların yalnız məsələlərə bir prizmadan yanaşması, elmi olan və islamda olan məsələləri mənbəsinə uyğun olduğu kimi təbliğ edən ilahiyyatçıların mediadan uzaqlaşdırılmasıdır. 

Bütün bu problemlərin həlli ancaq islamı məzhəbə, şəbəkələşməyə bağlı olmayan, Vətəninini, dövlətini sevən, dinini dövlətin gələcəyi üçün hər cür təhlükədən qoruyan xalis din alimlərinin təbliği ilə əsl mənbələrindən öyrənib yaşayan və yaşadanlar vasitəsi ilə həyata keçirmək mümkündür. Harun Yəhyanın təhlükələri haqqında daha geniş araşdırmaya ehtiyac var. Bu sahədə daha effektiv mübarizə üsulları seçilməlidir. Harun Yəhyanın Azərbaycanda olan fəaliyyətini tamamilə dayandırmaq lazımdır.

Şəymən