“Aktyor diz qoyur, ağlayır, amma hadisə yoxdur"

Elşən Rüstəmov: “Azərbaycan seriallarında ən böyük problemlərdən biri ssenaridir"
"Əsas göz yaşı tökmək deyil, vacib olan o göz yaşını tökdürən hadisənin mahiyyətindədir"


Azərbaycan serialları, Azərbaycan teatr səhnəsi barədə yazanlar da çoxdu, danışanlar da. Müzakirələrin olması, fikir ayrılıqlarının mövcudluğu da normaldı. Bəs görəsən, çəkiliş meydançasının ağırlıqlarını yaşayan, teatr səhnəsinin tozunu udub tamaşaçı qarşısına çıxan sənətkarlar bu barədə nə düşünür? "Şərq"in budəfəki qonağı əməkdar artist Elşən Rüstəmovdur.

- Bu gün haqqı çatan da, çatmayan da sənət adamları barədə fikir bildirmək hüququ olduğunu düşünür. Sənət adamlarını sevənlər qədər onları tənqid edənlər də az deyil...

- Əslində buna normal yanaşmaq lazımdır, sənət insanı hər zaman maraqlı olduğu qədər, onun barədə danışıb, fikir bildirənlər hər cəmiyyətdə olur. Sadəcə bizdə bəzən sənətlə bağlı fikirlərdən çox dedi-qodular, küçə qeybətlərinə üstünlük verilir. Bu bir az sənətçi olaraq məni narahat edir.

- Seriallara ən çox dəvət alan aktyorlardan birisiz. Yeni mövsümdə hansı seriallarda sizi görmək olar?

- Bu mövsüm özümə istirahət verməyə qərar vermişəm. Bir neçə ildir ki, istirahətsiz çalışıram. Bir az yüklənmişdim. Ona görə də bu mövsüm seriallardan gələn dəvətlərə fasilə verdim. Yalnız teatrda çalışmaqla kifayətlənmək istəyirəm. Amma film dəvəti oldu, təklifi dəyərləndirdim. Çəkiliş prosesləri davam edir. "Miras" filminə çəkilirəm. Film azərbaycanlı milyonçulardan bəhs edir. Milyoner Hacınskinin obrazını bu filmdə canlandırıram. Filmin rejissoru Zaurdu. Maraqlı bədii filmdi.

- Seriallara çox dəvət alan, tələbatlı aktyorsuz. Sizcə, niyə tamaşaçı hələ də yerli serialların keyfiyyətindən, aktyor süniliyindən-filan gileylənir? Yerli serialların keyfiyyəti sizin özünüzü necə, qane edirmi?

- Əgər bir neçə il əvvəl çəkilən seriallarla müqayisə etsək, inkişaf var. Ləng də olsa, bu proses gedir, təcrübə yaranır. Azərbaycan seriallarında ən böyük problemlərdən biri ssenaridir. Ssenari məsələlərində axsamalar var. Təbii ki, bu da birbaşa serialın keyfiyyətinə təsirini göstərir. Mövzular çoxdu, amma nədənsə, mövzusuzluq var, biri-birini təkrarlayan serialların sayı çoxdu. Bir aktyor kimi bu məni narahat edir. Özümüz də çəkiliş prosesində bu barədə fikirlərimizi, irad və məsləhətlərimizi veririk ki, belə olmaz. Yəni bəzən ssenaridə olanlar bizi qane etmir. Amma ssenaristlərdir də. Onlar belə çəkməyə üstünlük verirlər. Mövzular eynidir deyə, bu, aktyoru da yorur, tamaşaçını da. Aktyor potensialını tam göstərə bilmir. Əslində aktyor potensialımız var, sadəcə təkrarçılıq imkan vermir ki, aktyor öz potensialını üzə çıxarsın. Bizim seriallar ağlaşma, aqressiya, qışqırıq üzərində qurulur. Ağlaşma, qışqırıq, göz yaşları var, hadisə yoxdu. Diqqət etsəniz görərsiniz ki, Azərbaycan seriallarında göz yaşının bütün növləri var, amma serialda əsas lazım olan maraqlı hadisə yoxdu. Aktyor diz qoyur, ağlayır, göz yaşının hər formasından tökür, amma bu göz yaşı tamaşaçını təsirləndirə bilmir. Deməli, əsas göz yaşı tökmək deyil, vacib olan o göz yaşını tökdürən hadisənin mahiyyətindədir.

- Yəni yerli seriallarda tökülən göz yaşı tamaşaçını düşündürə bilmir, təsirləndirməyə yetmir?

- Bəli, tam bu fikirlə razılaşıram. Hər hansı səhnə əsəri, ekran işi tamaşaçını düşündürməyə, təsirləndirməyə hesablanmalıdırsa, bizim yerli seriallarda bu məqam unudulub, yoxdu. Heç kim bunu nəzərə almır. Sadəcə aktyorun ağlamağı, çığırmağı ilə yetinmək istəyirlər ki, bu da yerli seriallara marağı öldürmüş olur. Bizim seriallarda boş emosiyalar var, onun arxasında olmalı olan səbəb, hadisə yoxdu. Ona görə də tamaşaçı aktyor oyununu süni görmüş olur. Əslində aktyor ona həvalə olunan obrazda o göz yaşını tamaşaçıya təqdim edə bilir, amma ssenaridə məna yükü olmadığından tökülən göz yaşının təsiri qalmır. İnanın, bizim aktyorların potensialı var. Sadəcə serialların ssenari qıtlığı, mövzu kasıbçılığı onların imkanlarını məhdudlaşdıra bilir.

- Bu gün hər yerindən duran serial çəkir. Təsadüfi insanlar, görünüşü imkan verirsə seriallara çəkilir. Bəlkə problemin bir tərəfi də elə bundadır.

- Hamı istəyir ki, çəkdiyi serialda maraqlı aktyorlar olsun, obraz imkan verirsə yaraşıqlı, gözəl xanımlar çəkilsin. Yəni estetik məqamlar da serialın baxımlı olmasına təsir edə bilir. Sadəcə Türkiyədə təsadüfi seriallara dəvət olunanlarla iş görülür, treninqlər keçirilir ki, təcrübə toplasınlar. Bizdə bu yoxdu. Burda maliyyə məsələləri də təsirini göstərir. Yəqin ki, müəyyən zaman lazımdır ki, bu, sistemləşmiş olsun.

- Qeyri-peşəkarlarla bir çəkiliş meydançasında olmaq çətin olmur ki? Bu, aktyor oyununa təsirini göstərmiş olurmu?

- Təbii ki, peşəkar aktyorla çəkilmək daha rahatdı, işi görəndə işindən zövq ala bilirsən. Çünki qarşındakı tərəf-müqabilin peşəkardısa, bu sənin oyununa da təsir edə bilir. Ya da sizin qeyd etdiyiniz kimi, qarşındakı tərəf-müqabili qeyri-peşəkardısa, bu, istər-istəməz çəkiliş prosesinə də, sənin obrazına da təsir edə bilir.

- Məcbur qalıb qeyri-peşəkarla çəkilməli olmusuz?

- Nə yalan deyim, bəzən olub. Ssenariyə uyğun olaraq nəyisə etməlisən, rejissorun seçimi ilə tərəf-müqabilin seçilibsə, sən bu ekran işində onunla çalışmalısan. Bəzən məcbur qaldığım zamanlar olub ki, qeyri-peşəkarla çəkilim. Tərəf-müqabilinin olması vacibdir. Bir də qeyd edirəm, əsas da maraqlı serial üçün maraqlı ssenari olmalıdır. Bu ssenarini çəkən peşəkar rejissor olmalıdır. Bu sahə elədir ki, hamının işi biri-birinə təsir etmiş olur. Zəncirvari bağlılıq var. Birinin qırıq olması artıq ordakı bağlılığı qırmış olur. Ən maraqlı ssenarini qeyri-peşəkar rejissor bərbad vəziyyətdə çəkə bilər. Teatrda da bu belədir. Hamı biri-biri ilə bağlıdır.

- Teatrdan söhbət düşmüşkən, teatrda səhnəyə çıxmaq daha çətindir, ya çəkiliş meydançasında kamera qarşısında oynamaq?

- Əslində peşəkar aktyor həmişə məsuliyyət hiss edir. Sadəcə teatr səhnəsi daha professional məkandır. Teatr səhnəsi peşəkarlıq tələb edir. Çünki teatrda aktyor tamaşaçı ilə canlı ünsiyyətdə olur. Aktyorun mimikası tamaşaçının gözündən qaçmır. Bir də teatrda zəif pyes olmur, olsa belə çox az olur. Amma seriallarda sifarişdi, kim pul verirsə, o da söz sahibi olur. Aktyor da o serialda rolunu oynayır. Teatr daha ciddi məkandır.

Tahirə Məmmədqızı