“Alan bəlli, satan bəlli”

“Bunun adını üzən məzənnə rejimi qoymağın nə mənası var, anlamıram”





Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan Mərkəzi Bankı manatın üzən məzənnə rejimindən imtina etmək niyyətində deyil. Onun sözlərinə görə, bu rejim öz effektivliyini təsdiq edib:

"Üzən məzənnə - prosesi cari məsələ deyil, davamlı bir rejim olacaq. Bundan sonra da, bu rejim fəaliyyət göstərəcək. Üzən məzənnə rejimin tətbiqini mövcud iqtisadi reallıqlar və beynəlxalq təcrübə tələb edir. Bu gün bir çox ölkələr bu keçidə hazırlaşır. Azərbaycanın effektli inkişafı, xüsusilə xarici şoklara davamlılığı üçün məhz üzən məzənnə rejimi ən effektli tədbirdir. Onun faktiki olaraq alternativi yoxdur. 

Bazarda yaranan sabitlikdən də görünür ki, üzən məzənnə rejimi özünü doğruldub”.
Son zamanlar manatın məzənnəsinin möhkəmlənməsinə toxunan baş bankir qeyd edib ki, buna tədiyə balansının vəziyyətinin yaxşılaşması, neftin bahalaşması kimi faktorlar təsir edib. E.Rüstəmov ilin sonuna kimi manatın bahalaşmasını istisna etməyib: "Müsbət tendensiyalar onu göstərir ki, manatın bahalaşmasının potensialı daha çoxdur”.

Baş bankirin üzənnə məzənnə ilə bağlı açıqlamasını şərh edən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, olmayan bir şeyin effektindən danışmaq yersizdir: 

"Azərbaycanda üzən məzənnə deyilən bir şey yoxdur. Hər nə qədər Mərkəzi Bank israr etsə də, bizdə ancaq üzən məzənnənin atributları var. Üzən məzənnə rejimi onlayn qaydada, ən azı günün yarıdan çoxu birjalarda məzənnənin müəyyən olunması və alqı-satqı iştirakçılarının sayının çoxluğu ilə müəyyənləşdirilir. Azərbaycanda isə dolları Mərkəzi Bank vasitəsilə ancaq Neft Fondu satır. Hətta bizdə dolları alan təşkilatların da sayı bəllidir. Hərraclarda mütəmadi olaraq 31 bank iştirak edir. 

Onların da ancaq 26-sı daimidir. Satılan valyutanın həcmi də bəllidir. Həftə ərzində isə cəmisi 2 hərrac keçirilir və bircə saat çəkir. Üzən məzənnə belə olmur. Üzən məzənnə siyasətinə keçən rus rublu, türk lirəsidir. Hər gün valyutaların dəyərinin necə dəyişdiyini onlayn qaydada izləyə bilirik. Faktiki olaraq Rusiyada 11 min şirkət, fiziki və hüquqi şəxslər gün ərzində valyuta alqı-satqısı ilə məşğul olur. Türkiyədə isə bu rəqəm 100 minə çatır. Üzən məzənnə rejimində isə oyunçu sayının çox olması mütləqdir. Azərbaycanda isə satıcı bəlli, alıcı bəllidirsə, deməli, manatın məzənnəsi Mərkəzi Bank tərəfindən inzibati qaydalarla tənzimlənir. Təsəvvür edin ki, çox vaxt Azərbaycanda keçirilən hərraclar hansı məzənnə ilə başlayırsa, həmin məzənnə ilə də başa çatır”.

Mərkəzi Bankı yeritdiyi mövcud siyasətə görə anladığını vurğulayan ekspert deyib ki, indiki şəraitdə manatın məzənnəsinin inzibati qaydalarla tənzimlənməsindən başqa çıxış yolu yoxdur: "Ancaq adını üzən məzənnə rejimi qoymağın nə mənası var, onu anlamıram”.

Baş bankirin ilin sonunda manatın bahalaşması iddialarına gəldikdə isə N.Cəfərli indidən bu cür proqnoz verməyin çox tez olduğunu deyib: 

"Axı ilin sonuna kimi neftin bahalaşacağını necə müəyyənləşdirmək olar? İndiki geosiyasi müstəvidə bunu bilmək kifayət qədər çətindir. İlin əvvəllərinə nisbətən neftin 20 faiz bahalaşması və Azərbaycana əlavə gəlir gətirməsi o demək deyil ki, 3 ay sonra da vəziyyət eyni cür davam edəcək. Həm də ki, bu açıqlama ilə Elman Rüstəmov Azərbaycanın neftdən asılı, neftlə bağlı proseslərə həssas ölkə olduğunu etiraf edib. Halbuki bu gün neftin bahalaşması dünyada baş verən siyasi təlatümlərlə birbaşa əlaqəlidir. Bu isə keçici və müvəqqətidir”.

Şəymən