"Ali məktəblər giriş qapılarını geniş açmalı, çıxış qapılarını isə daraltmalıdır” - AÇIQLAMA





"Beynəlxalq fənn olimpiadalarının qaliblərinin hər hansı bir müsabiqədə iştirak etmədən respublikanın ali məktəblərinə qəbul olunması qərarı məktəblərin səviyyəsinin qalxmasına şərait yaradacaq”

Bunu "Sherg.az”a təhsil eksperti Nadir İsrafilov bidirib.

Ekspert olimpiada qalibləri üçün verilmiş bu qərarı müsbət qiymətləndirir:

"Ümumiyyətlə, hazırda təhsil siyasətimizdə ali təhsilin hamı üçün əlçatan olması əsas götürülüb. Çünki biz adambaşına ali təhsillilərin sayına görə, aparıcı ölkələrlə ayaqlaşmalıyıq. Onlarla rəqabət aparmalıyıq. İndi olimpiada qaliblərinin ali məktəblərə müsabiqəsiz qəbul olunması qərarı verilib. Bu sovet hökümətinin vaxtında da var idi.

O zaman qızıl medal qazananlar dörd imtahan yerinə birini verirdilər. Bu stimullaşdırıcı bir tədbirdir. Hazırda ali məktəblərə qabul zamanı tələbələrə iki dəfə şans verilir. Birinci müsabiqədə müvafiq balı toplaya bilməyənlər ikinci dəfə qəbul imtahanı verir. Bundan başqa universitetlərin nəzdində hazırlıq kursları təşkil olunur. 

Qəbul zamanı lazımi bal toplaya bilməyənlər üçün belə kurslar vasitəsilə ali təhsil almağa imkan yaradılır. İkincisi, burada əsaslı bir yenilik yoxdur. Təhsil qanununda əvvəlcədən də belə bir maddə - beynəlxalq olimpiada qaliblərinin müsabiqəsiz qəbul olunması- var idi.  Amma indi buna respublika qalibləri də əlava olunub. Təbii ki, burada da bəzi fərqlər var.

 Beynəlxalq olimpiadaların qalibləri istədikləri ixtisası seçəcək, respublika olimpiadalarının qalibləri isə yalnız qalib olduğu fənn üzrə olan ixtisası seçəcək. Bu məsələni iki ay əvvəl təhsil naziri Ceyhun Bayramov hökumətə təklif formasında təqdim etmişdi. Hazırda dünya ölkələrində ali məktəblərə qəbul sadə yolla aparılır. Hətta bəzi ölkələrdə atestat qiymətləri ilə universitetlərə qəbul olunulur. 

Kiminsə savadı, marağı varsa, onlara bu şansın verilməyi yaxşıdır. Belə bir deyim var: "Ali məktəblər giriş qapılarını geniş açmalı, çıxış qapılarını isə daraltmalıdır”. Amma olimpiada vasitəsi ilə ali təsil müəsisəsinə qəbul olan tələbə universitetdə oxuya bilməsə, onda o kursu davam etdirməyəcək. Ümumiyyətlə, bu təklif səsləndirləndə  birmənalı qarşılanmadı. Hər kəs bir fikir səsləndirdi.

 Amma olimpiada da o qədər uşaq içərisində birinci yeri tutmaq asan deyil. Bundan başqa bu qərar uşaqların olimpiadalara marağını artıracaq. Nəticədə də məktəblərdə təhsilin səviyyəsi yüksələcək. Hazırda, heç kəs məktəb qiymətlərini nəzərə almır. Yalnız qəbul müsabiqəsində topladığı bal əsas götürülür. Amma olimpiada qalibinin ali məktəblərə qəbul olması zamanı məktəb qiymətləri də əsas götürüləcək. Məncə, bu düzgün qərardır”.

Qeyd edək ki, beynəlxalq fənn olimpiadalarının qaliblərinin respublikanın ali məktəblərinə qəbul olması ilə bağlı məsələlər müzakirə edilirdi. Bu şagirdlər artıq heç bir müsabiqədən keçmədən ali məktəblərə qəbul oluna biləcəklər. Bunu Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov "Təhsil haqqında" qanuna edilən son dəyişiklikləri şərh edərkən deyib. Onun sözlərinə görə, o cümlədən respublika daxilində keçirilən fənn olimpiadalarının qalibləri də öz ixtisasları üzrə ali məktəblərə qəbul ola biləcəklər.

Kənan Eynuroğlu