Ankara düyməni basdı

Suriya ərazisinə növbəti hərbi müdaxiləyə günlər, bəlkə də saatlar qalıb
“Vaşinqtonun 30 min kürdü silahlandırıb sərhəddə yerləşdirməsi istəyi birbaşa Türkiyənin ərazi bütövlüyünə təhdiddir”




Məlumdur ki, terror təşkilatları - PYD və PKK Suriyanın Türkiyə ilə sərhəddinin böyük bir hissəsini işğal edib. Bu işğal Ankara üçün başlıca təhlükəsizlik təhdidi halına gəlib. Afrin şəhərində terrorçuların özünə yuva qurması Türkiyənin sərhəd vilayətlərini, İdlib bölgəsini təhdid etməklə bərabər, təşkilatın gələcəkdə ABŞ-ın dəstəyilə Aralıq dənizinə çıxışı üçün sıçrama nöqtəsi olma potensialı daşıyır. Suriyanın şimal-qərb ucunda yerləşən Afrin Hələbin ən böyük rayonlarındandır. Əsəd rejiminə qarşı xalq hərəkatlarının başladığı 2011-ci il və ardından gələn vətəndaş müharibəsi dövründə Afrin terror təşkilatlarının ən çox məskunlaşdığı sahələrdən biri olub.

Terror təşkilatının Afrindəki varlığı, Əsəd rejiminin və Rusiyanın taktiki dəstəkləri, eyni zamanda ABŞ-ın yardımları sayəsində daha da güclənib. ABŞ-ın intensiv hərbi dəstəyi ilə sürətlə böyüyən terrorçu təşkilat Suriya-Türkiyə sərhəddinin 65 faizini zəbt etməyi bacarıb.

Afrin əməliyyatının ilk zərbələri - 30-dan çox terrorçu öldürüldü

Türkiyə Silahlı Qüvvələri Afrin əməliyyatının ilk addımı kimi reaksiyanı yoxlamaq məqsədilə terror hədəflərinə ilk top zərbələri endirib. "Sabah” qəzetinin yazdığına görə, açılan atəş zamanı PYD-nin hədəfləri yerləbir edilib və 30 terrorçu zərərsizləşdirilib. Afrin əməliyyatının quru qüvvəsini formalaşdıracaq Azad Suriya Ordusu da döyüş hazırlıqlarını başa çatdırıb. Hazırda 20 mindən çox döyüşçü Afrinə girmək üçün əmr gözləyir. Ötən gün terrorçu təşkilat Azez rayonuna minaatanlardan atəş açıb. Hücumdan sonra Hatayın Hassa və Krırıkhan rayonlarında yerləşdirilmiş artilleriya birləşmələri PUA-lar vasitəsilə kəşfiyyatı aparılmış Afrindəki terrorçu mövqelərinə atəş açıblar. Təchizat anbarlarının yerləşdiyi Basufan, Cindere, Memelan, Meskenli və Raco rayonları vurulub. Eyni müddətdə Türkiyə qırıcıları Afrinin əl-Basuta kəndindəki terrorçu mövqelərini bombalayıblar. Mövqelərin ikisində terrorçuların silah anbarının olduğu da qeyd olunub.

"ABŞ kürd silahlılarının PKK ilə əlaqələrini görməzdən gəlir...”

Amerikalı politoloq, Almaniyanın Marşal Fondunun vitse-prezidenti Lan Lesser deyib ki, Vaşinqton İŞİD ilə mübarizə adı altında PKK və PYD arasındakı siyasi, logistik əlaqəni görməzdən gəlir: "Təbii ki, bir NATO müttəfiqi olaraq ABŞ, Türkiyənin təhlükəsizliyi məsələsində öhdəliklərinə sadiq olmağa davam edir. Ancaq Türkiyə baxımından bir nömrəli təhlükəsizlik problemi PKK/PYD məsələsidir. Türkiyə-ABŞ əlaqələri daha güclü bir zəmində olsaydı, bu problemi həll etmək daha asan olardı”.

"YPG-nin silahlandırılmasına icazə verməyəcəyik”

Türkiyə ordusu Baş Qərargah rəisi Hulusi Akar NATO-nun fəaliyyətini tənqid edib. Akar deyib ki, hərbi alyans terrorla mübarizə gündəmə gələndə terrorçu təşkilatlar arasında fərq qoymamalıdır: "İŞİD ilə mübarizə nə qədər vacibdirsə, PKK-nın qolları olan PYD və YPG ilə mübarizə də o qədər vacibdir. PKK-nın qolu olduğu açıq sübutlarla təsdiqlənmiş terror təşkilatı YPG-nin "əməliyyat tərəfdaşı” adı altında dəstəklənməsi və silahlandırılmasına icazə verə bilmərik və verməyəcəyik də. Bu səhvdən qısa müddət ərzində əl çəkəcəyinizə ümid edirəm”. Akar nitqində Türkiyənin gözləntilərini və terror təşkilatı ilə mübarizədə qətiyyətini qəti şəkildə ortaya qoyub.

"Ballistik raketlərə qarşı Türkiyənin müdafiəsini gücləndirdik”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş Qərargah rəisi Hulusi Akarın NATO-nu ciddi tənqid etməsindən sonra hərbi alyansın nümayəndəsi müttəfiq Türkiyənin hər cür təhlükədən qorunacağını bəyan edib: "Suriyadan gələcək ballistik raketlərə qarşı Türkiyənin müdafiəsini gücləndirmişik. Türkiyəyə erkən xəbərdarlıq sistemi olan AVAKS-ı gətirmişik və Egey dənizinin şərqində donanmamızı gücləndirmişik. Bütün bu addımlar NATO-nun Türkiyənin müdafiəsinə böyük diqqət yetirməsinin göstəricisidir”.

Rəsmi Tehrandan ABŞ-a etiraz - "Bölgədən çıxın”

İran Xarici İşlər Nazirliyi ABŞ-ın Suriyada 30 min terrorçudan ibarət ordu yaratmaq planına etiraz edib. XİN sözçüsü Bəhram Qasımi deyib ki, bu plan Suriyanın daxili işlərinə qarışmaqla yanaşı, həm də bölgədəki böhranı daha da dərinləşdirməyə xidmət edir: "İran, Türkiyə və Rusiya Astanadakı görüşlərdə Suriyada təhlükəsiz bölgələr yaratmaqla, böhranı həll etməyə çalışır və bu istiqamətdə ciddi uğurlar əldə olunub. ABŞ-dan tələbimiz odur ki, bölgədə yıxıcı, dağıdıcı planlarını bir daha diqqətə alaraq, gec də olsa, Suriyadakı qruplarını çıxarsın, hər şeyi xalqın iradəsinə buraxsınlar”.

"Türkiyənin Afrin əməliyyatı kürd terrorçuların Rojova röyasına son qoyur”

Türkiyənin ehtimal edilən Afrin əməliyyatı çoxlu sayda PKK dəstəkçisinin yaşadığı Almaniyada da gündəm olub. Alman mətbuatında bununla bağlı çoxlu sayda şərhlər yazılıb. Ölkədə nəşr olunan nüfuzlu "Nürnberger Zeitung” qəzeti yazıb ki, Türkiyənin hərbi əməliyyatı uğurla nəticələnsə, kürdlərin Rojavada bir dövlət yaratmaq yuxusunun sonu mənasına gəlir. Türkiyənin Kobanidə olduğu kimi Afrindən də çəkilməyəcəyi şübhə doğur. Hətta bəzi proqnozlara görə, bəlkə də, Ərdoğan kürd məsələsini kökündən həll etmək üçün bu bölgələri Türkiyə ərazisinə daxil etmək istəyəcək”.

"30 min silahlının sərhəddə yerləşdirilməsi Türkiyənin ərazi bütövlüyünə təhdiddir”

Türkiyənin Afrin əməliyyatına münasibət bildirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu rəsmi Ankaranın düyməyə basdığını deyib. Onun sözlərinə görə, Suriya ərazisinə növbəti hərbi müdaxiləyə günlər, bəlkə də saatlar qalıb: "Ankara qərarında haqlıdır, Vaşinqtonun 30 min kürdü silahlandırıb sərhəddə yerləşdirməsi istəyi birbaşa Türkiyənin ərazi bütövlüyünə təhdiddir. Ancaq iki suala cavab məni maraqlandırır. Birinci sual odur ki, Türkiyə ordusunun hücumu ötəndəfəki kimi uğurlu alınarsa, buna Vaşinqtonun reaksiyası necə olacaq və ABŞ Türkiyə əleyhinə hansı açıq və gizli planlarını işə salacaq? İkinci sual isə Türkiyə ordusunun Afrini nəzarət altına alması planını Rusiya necə qarşılayacaq?

Əlbəttə, hələ ki, Rusiya Türkiyənin tərəfdaşıdır və Ərdoğan Putinlə telefon danışığında Kreml sahibini Türkiyə ordusunun planları barədə xəbərdar edib və ikinci buna etiraz etməyib. Ancaq Rusiya ikili oynayır. 


Baxmayaraq ki, ABŞ-ın kürdlərə hərbi dəstəyi Moskvanın xoşuna gəlmir, Kreml kürdlərin bir hissəsini Bəşər Əsəd rejiminin tərəfdaşı kimi qiymətləndirir. Bu mənada silahlı kürdlərin tamamının neytrallaşdırılması Rusiya hakimiyyətinin xoşuna gəlməyəcək. Bir də ki, ənənəvi rus-kürd yaxınlığı var. Moskva bu kartdan illər boyu Türkiyə əleyhinə istifadə edib. Buna rəğmən, məntiqlə Putin Ərdoğanla razılığı amerikanların müttəfiqinə çevrilən silahlı kürdlərə qurban verməməlidir. Yəni Türkiyə ordusunun Suriya ərazisinə hücumunu dəstəkləməsə də, gələcək toqquşmalara gözünü yummalı, uzaqbaşı, Rusiya XİN baş verənlərə yumşaq etirazını bildirməlidir”.

İsmayıl