Aprel döyüşlərindən sonra Rusiya Ermənistanı silahlandırır

Kreml vassalına milyon dollarlıq kredit ayırmaqla, birbaşa Azərbaycan ərazilərinin işğalına dəstək vermiş oldu



"Yaxın zamanda Moskva İrəvana yeni silahlar yollayacaq”. Bunu Ermənistan prezidenti Serj Sarkisyan deyib. O bildirib ki, 100 milyon dollarlıq yeni kredit sazişinin reallaşması bütün dövlətlərarası razılaşmaların başa çatmasından sonra olacaq: "İlin sonuna kimi hələlik köhnə müqaviləni həyata keçirəcəyik. Ancaq yaxın günlərdə yeni silah partiyası göndəriləcək”.

Xatırladaq ki, 2015-ci ilin iyun ayında Rusiyanın Ermənistana 200 milyon dollar məbləğində ixracat kreditinin ayrılması barədə saziş imzalanıb. Həmin saziş çərçivəsində Rusiya istehsalı olan silah-sursatın alışı nəzərdə tutulub. Sazişin şərtlərinə əsasən, Ermənistan alacağı silah-sursata görə, ümumi məbləğin 10 faizini ödəməlidir. Yerdə qalan 90 faiz isə Rusiyanın təqdim etdiyi kreditin hesabına bağlanacaq. Ermənistan kredit vəsaitlərindən 2018-2022-ci illər ərzində yararlanmalıdır. Ötən gün Rusiya mediasında Ermənistana silah göndərilməsi ilə bağlı müəyyən tərəddüdlərin olması barədə məqalələr dərc olundu. Lakin Sarkisyanın açıqlamasından belə görünür ki, Ermənistan hökuməti Moskvanın onları silahsız qoymayacağına əmindir. Buna görə də erməni rəhbər rahat şəkildə ilin sonunadək vəd edilən silahları alacağını deyir. 

Məsələni "Şərq”ə dəyərləndirən Cənubi Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib ki, Rusiya bölgədə vassalı olan Ermənistanı daima silah və sursatla təmin edib. Çünki düşmən ölkə Rusiyanın hərbi bazası rolunda çıxış edir, həmçinin Azərbaycana qarşı işğalçılıq siyasətinə zəmin yaradır: 

"Aprel hərbi eskalasiyasından sonra fikir versək, Kreml öz vasitəçilik missiyasının əleyhinə olaraq bu ölkəyə yeni silahlar verməklə, milyon dollarlıq kredit ayırmaqla, birbaşa Azərbaycan ərazilərinin işğalına dəstək vermiş oldu. Hazırda Ermənistanla Rusiya arasında yeni silah sövdələşməsi var. Bu, 100 milyon dəyərində kredit vasitəsilə veriləcək silahlardır. Bundan əvvəl də Rusiya Ermənistana 200 milyon dollarlıq silah verib. Düzdür, bu silahların verilməsində ciddi gecikmələr yaşanır. Məncə, yubanma əsasən, Rusiyanın iqtisadi vəziyyətindən asılı bir məsələdir. Həm də nəzərə alaq ki, Rusiya Prezidenti Vladimir Putin satılacaq silahların məxfiliyi barədə sərəncam imzalayıb. Bu da Ermənistana verilən silahların gizliliyindən xəbər verir”. 

Ekspert vurğulayıb ki, Rusiya gecikməli də olsa, müqavilədə nəzərdə tutulmuş qaydada silahları Ermənistana ötürəcək: "Düşmənə verilən silahlar Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilir. Ancaq qeyd etmək lazımdır ki, Ermənistana verilən silahlar Rusiyanın modern silahları deyil. İşlənmiş və növbəti dəfə modifikasiya olunmuş silahlardır. Ondan əlavə, erməni ictimai-siyasi dairələrində Rusiyanın Ermənistana silahların verilməsində gecikmənin olması barədə çox ciddi tənqidlər səslənir. Bu da onu göstərir ki, Rusiya forpostuna silahların ötürülməsində tələsmir”.

İsmayıl