AXC və Qafqaz İslam Ordusunun 100 illiyi ilə bağlı hansı işlər görülə bilər ?- TƏKLİF






"Qafqaz İslam Ordusunun fəaliyyətini, Azərbaycanda gördüyü işləri əks etdirən sənədli film çəkilməlidir”.

Bu təkliflə "Sherg.az”a Türkiyə və Azərbaycanın Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair görə biləcəyi işlərdən danışarkən tarixçi-alim Nəsiman Yaqublu çıxış edib. 

O vurğulayıb ki, ordu səlahiyyətlilərinin, Azərbaycanı azad etmiş şəxslərin siyahıları dəqiqləşdirilməli, onların həyatı haqqında filmlər çəkilməlidir:

"Onların burada məzarları var, çoxunu mən tapmışam və Türkiyə səfirliyinin köməyi ilə ayrıca kitab halında dərc etmişik. Amma düşünürəm ki, məzarlar daha çox olduğundan axtarıb, tapmaq mümkündür. Həmin qəbirlərin xüsusilə təmir edilməsi vacibdir. Çünki Gəncədən başlayaraq Bakıya qədər bölgələrimizdə çoxlu türk məzarları var. Bir hissəsi kəndlərdə, ucqar bölgələrdədir. Həmin ərazilərin İcra hakimiyyətləri bu məsələyə diqqət etməlidir. Necə ki, Cümhuriyyət qurucularının Türkiyədəki, digər xarici ölkələrdəki məzarlarının vəziyyətindən narahatıq, Qafqaz İslam Ordusunun ölkəmizdə həlak olmuş əsgərlərinin məzarlarına diqqət etməliyik.

İki qardaş dövlətin birgə səyi ilə aparılan uğurlu əməliyyatın nəticəsində Azərbaycan Cümhuriyyəti quruldu. Cümhuriyyəti elan etdik və Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsindən sonra qətiyyətlə reallaşdırdıq. Ona görə, Cümhuriyyət deyəndə sentyabr ayının 15-i, Bakının azad edilməsi, türklərin Bakını azad etməsi deyəndə isə Azərbaycan istiqlalının reallaşması nəzərdə tutulur. İki tarixi hadisə bir-birini tamamlayıb”.

Qafqaz İslam Ordusu mücahidləri haqqında tamaşa yazıldığını vurğulayan N.Yaqubnlu araşdırma aparsa da, həmin tamaşanın mətnini tapa bilməyib:

"Əsərin birinin müəllifi Cəfər Cabbarlı, digərininki isə Mirzəbala Məmmədzadədir. Tamaşanın rejissoru Abbas Mİrzə Şərifzadədir. Arxivlərdə axtardım və yalnız tamaşanın afişasını İstiqlal muzeyindən tapa bildim. Adı "Bakı müharibəsi” olan əsərin özü tapılmadı. Həmin mətni arxivlərimizdə tapa bilsək, tamaşa və film üçün istifadə edə bilərik.

Rusiya arxivlərində 1918-ci il hadisələri ilə bağlı olan lentləri gətirmək lazımdır. Həmin arxivlərdə araşdırma aparsaq, daha çox lentləri tapa bilərik. Cümhuriyyəti quran ziyalıların, Qafqaz İslam Ordusu rəhbərlərinin daha çox görüntülərini əldə edə bilərik. Bu istiqamətdə çalışmalarımız Qafqaz İslam Ordusunun 100 illiyinə böyük töhfəmiz olar”.

Qeyd edək ki, 100 illiklə bağlı tədbirlərin təşkili Azərbaycan-Türkiyə strateji əməkdaşlığının hər iki ölkə prezidentlərinin iştirakı ilə Bakıda keçirilən VI toplantısının yekun deklarasiyasında da öz əksini tapıb. Xəbərə görə, bu günlərdə Türkiyə XİN-də tədbirlərin təşkili ilə bağlı müşavirə keçirilib.

Aysel Aslan