Azərbaycana faydası olacaq

Vəkil Elçin Sadıqov ümid edir ki, Lətif Hüseynov Avropa Məhkəməsində nüfuzlu bir hakimə çevriləcək



Strasburqda Avropa Şurası Parlament Assambleyasının plenar sessiyası çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hakim seçkisi baş tutub. Bu posta Azərbaycandan Lətif Hüseynov seçilib.

O, vəzifəsinin icrasına üç aydan sonra başlayacaq. Məlumat üçün bildirək ki, AİHM hakimi vəzifəsinə Azərbaycandan olan namizədlər Hakim Seçkisi Komitəsinin bu il sentyabrın 29-30-da Parisdə keçirilən iclasında nəzərdən keçirilib. Azərbaycan tərəfi əvvəlcədən bu vəzifəyə üç nəfərin - Kəmalə Abıyevanın, Lətif Hüseynovun və Rövşən İsmayılovun adını namizəd kimi irəli sürüb. Komitə daha yüksək ixtisaslı namizəd kimi böyük səs çoxluğu ilə Lətif Hüseynovun namizədliyini tövsiyə edib. Bundan başqa qeyd edək ki, AİHM-ə hakimlər 9 il müddətinə seçilir.

Təyinatı dəyərləndirən vəkil Elçin Sadıqov "Şərq”ə açıqlamasında qeyd edib ki, bunun Azərbaycana böyük faydası olacaq: "O, Avropa Şurası Parlament Assambleyasının sessiyalarında iştirak edib. L.Hüseynovun beynəlxalq hüquqla bağlı və insan hüquqları sahəsində məhkəmə təcrübəsi olmasa belə, kifayət qədər nəzəri biliklərinin olduğuna inanıram. İnanıram ki, nüfuzlu bir hakimə çevriləcək”.

Ayyət