"Bakı Atatürk liseyi”nin müəllim və şagirdləri "Şərq” qəzetini ziyarət edərək redaksiyada yaradılmış Azərbaycan Mətbuat Tarixinin Muzeyi ilə yaxından tanış olub, redaksiya heyəti ilə fikir mübadiləsi aparıblar.
Liseyin müəllim və şagird heyətinin redaksiyamıza baş çəkməsinin olduqca xoş hadisə olduğunu diqqətə çatdıran qəzetin baş redaktoru Akif Aşırlı qonaqları böyük məmnunluqla muzeydəki nadir eksponat, portret və orijinal sənədlərlə tanış edib.
"Atatürk liseyi”nin tarix müəllimi Elmar Həsənov daha öncə də muzeydə olduğunu söyləyərək bildirib ki, şagirdlərimiz 8-ci və 9-cu sinif uşaqlarıdır və daha çox tarixə maraq göstərirlər. Buna görə də istədik ki, yaratdığınız muzeyi canlı görsünlər və mətbuat tariximizlə yaxından tanış olsunlar.
A.Aşırlı:
- Çox gözəl. Sizin gəlməyiniz bizim üçün çox xoş oldu.
Elmar müəllim:
- Öncə liseyimizin direktoru Hüseyn Dəmirəlin salamlarını çatdırmaq istərdim. Müəllim heyətimiz və şagirdlərimiz istəyirik ki, mətbuata öz töhfəmizi verək. Muzeyinizə Türk Dünyasının üç böyük şəxsiyyətinin portretini hədiyyə edirik. Zənnimizcə, Sizin üçün də maraqlı olar. Atatürkün portreti qumla işlənib. M.Ə.Rəsulzadə və H.Əliyevin portretləri də məncə muzey eksponatı kimi maraqlıdır. Həmçinin tarix müəllimimiz Müşfiq Əlizadənin sizə bir hədiyyəsi də var. O, görkəmli alim və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovun transleterasiya etdiyi "Azərbaycan” qəzetinin müxtəlif saylarını redaksiyanıza təqdim etmək istəyir. Həmçinin başqa hədiyyələrimiz də olacaq.
Müəllimlər Elmar Həsənov, Müşfiq Əlizadə, Anar Əliyev mətbuat tariximiz və qarşıdan gələn Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı fikirlərini bildirib. E.Həsənov liseydə məktəbin direktoru Hüseyn Demirəlin "Tarix klubu” yaratmaq ideyasına dəstək verdiyini söyləyib. Sonra müəllimlərlə birgə redaksiyanın otaqlarındakı mətbuat tarixi ilə bağlı materiallar və eksponatlar barədə şagirdlər öz təkliflərini də baş redaktora çatdırıblar.
Mətbuat tarixi muzeyi ilə tanışlıqdan sonra qonaqlar hədiyyələri təqdim ediblər. Redaksiya heyəti ilə birgə xatirə şəkli çəkdirilib. Ziyarət üçün Atatürk liseyinin müəllim və şagirdlərinə təşəkkürünü bildirən A.Aşırlı qeyd edib ki, bundan sonra da "Şərq” qəzeti ilə liseyin əməkdaşlığı intensivləşəcək. Görüş və mətbuat tarixi muzeyini ziyarət xoş ortamda başa çatıb.
Yeganə Bayramova