"Banklar bir-bir sıradan çıxmalı olur" - Səbəb və görülməli işlər sadalanır






"Bank sektoru üçün bu il bir sıra məqamlar üzrə həlledici il olmalıdır”.

Bu barədə "Sherg.az”a bu il üçün bank sektoru ilə bağlı proqnozlara münasibət bildirərkən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib. 

Onun sözlərinə görə, məlum sektorda mövcud olan problemlərin bir çoxu artıq gələn ilə qala bilməz:

"Bu, iqtisadiyyatın inkişafı üçün böyük bir əngələ çevriləcəkdir. Söhbət, ilk növbədə problemli kreditlərdən, likvidlik məsələsindən, kreditləşdirmədən, əmanət cəlbindən və s. gedir. Sadalanan problemli məsələlərin bir çoxunun həlli yubanır. Ona görə də banklar bir-bir sıradan çıxmalı olur. Azərbaycanda getdikcə, sistem əhəmiyyətli bankların da sayı azalmaqdadır. Odur ki, məsələ kifayət qədər ciddidir. 

Bank sektorunun normal fəaliyyəti, gəlirliyi mövcud sərbəst vəsaitləri nə dərəcədə cəlb edərək, dövriyyəyə buraxa bilməsi ilə ölçüldüyündən, problemin kökü də məhz buradan qaynaqlanır. Çünki hər bir bankın gəlirini bütün mənbələr üzrə qəbul etdiyi əmanətlər və digər növ vəsaitlər üzrə dövriyyəyə buraxdığı kreditlərə əsasən əldə etdiyi faiz məbləğləri təşkil edir. Bank əgər kredit verə bilmirsə, deməli, vəsaiti yoxdur, onu cəlb edə bilmir; yox, krediti verib, onu geri qaytara bilmirsə, deməli, gəliri yoxdur, ona görə də fəaliyyəti iflic vəziyyətə düşür. Bu, 2015-ci ilin dekabrından müşahidə edilir.

Ev təsərrüfatları üzrə ölkəmizin kommersiya banklarında məcmu depozitlərin həcmi maksimal səviyyədə sonuncu dəfə 2015-ci ilin dekabrında qeydə alınıb. Həmin aydan sonra hər ay azalma müşahidə olunub.

Bu il ərzində problemli kreditlərin azalmağa doğru gedəcəyi, likvidliyin artacağı, kapitallaşma səviyyəsinin yüksələciyi gözlənilir. Eyni zamanda, kapital dayanıqlığı olmayan bankların restrukturizasiyası, likvidliyik alətlərinin genişləndirilməsi, bank sektoru üzrə yol xəritəsinin hazırlanması, sistem əhəmiyyətli bankların tənzimləmə mexanizminin müəyyən edilməsi istiqamətində də tədbirlər görüləcəyi deyilib”.

Qeyd edək ki, "Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanda bank sektorunun konsolidasiyasının 2018-ci ildə də davam edəcəyini açıqlayıb. Agentliyin məlumatına görə, hazırda Azərbaycanın bank sektoru ilə bağlı proqnoz neqativdir və mövcud şəraitdə banklar ödəmə qabiliyyəti riskləri ilə üzləşməkdə davam edəcək.

Aysel Aslan