“Vətəndaşın əmanəti normal şəkildə qaytarılmır. Bank rəhbərləri hamısı milyonerdir. Bank bağlansa belə, veclərinə deyil”
“Banklar insanlara zülm edir”
Vahid Əhmədov və Əli Məsimli əmanətçilərin devalvasiyadan sonrakı problemlərini qabartdı
“Vətəndaşın əmanəti normal şəkildə qaytarılmır. Bank rəhbərləri hamısı milyonerdir. Bank bağlansa belə, veclərinə deyil”
“Vətəndaşın əmanəti normal şəkildə qaytarılmır. Bank rəhbərləri hamısı milyonerdir. Bank bağlansa belə, veclərinə deyil”
Ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda "Kredit büroları haqqında” qanun layihəsi müzakirə edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib. Millət vəkilləri qanun layihəsi ilə bağlı təkliflərini səsləndirib.
Komitənin üzvü, deputat Vahid Əhmədov deyib ki, bağlanmış banklar əmanətini geri götürmək istəyən insanları incidir: "Mən əvvəl də demişəm, indi də bildirirəm ki, bank sektorunda ciddi problemlər var. Bu məsələ ilə bağlı vətəndaşlar bizə çoxsaylı şikayət edirlər. Biz bankların bağlanmasının tərəfdarı yox, bankların konsolidasiyasının, təmərküzləşməsinin tərəfdarıyıq. Hər dəfə banklar bağlananda insanlar ciddi əziyyət çəkirlər”.
"Olan yenə sadə vətəndaşlara olur”
Millət vəkili, həmçinin qeyd edib ki, banklar bağlanan kimi insanlar pis günə qalırlar: "Mən iqtisadçı kimi özüm də bu proseslərdən baş açmıram. Özlərinin nə əməliyyatları varsa, 5-10 gün milli valyutanı möhkəmləndirərək həyata keçirirlər, daha sonra isə milli valyutanı buraxırlar. İnsanlarla bu cür davranmaq olmaz. Vətəndaşın əmanəti normal şəkildə qaytarılmır. Bank rəhbərləri hamısı milyonerdir. Bank bağlansa belə, veclərinə deyil. Olan yenə sadə vətəndaşlara olur. Hər bankın arxasında müəyyən insanlar dayanır. Amma belə də olmaz axı”.
Maliyyə Bazarlarına Nəzarət Palatasının 8 aydır fəaliyyət göstərdiyini xatırladan V.Əhmədov qeyd edib ki, qurum bu müddət ərzində çox ciddi işlər görüb: "Bankların çox ciddi sağlamlaşdırılması işləri həyata keçirilib. Azərbaycan iqtisadiyyatının onurğasını təşkil edən bank sistemini sağlamlaşdırmaq lazımdır. Biz bankların bağlanmasının yox, təmərküzləşdirilməsinin tərəfdarıyıq. Əgər banklar birləşmək istəmirlərsə, onlarla danışıq aparılmalıdır”.
"Gülər Əhmədovanın bankda 27 min dollar əmanəti var. İndi ona 17-18 min dollar pul vermək istəyirlər. Bəs 9-10 mini kim verməlidir?”
"Bizim keçmiş millət vəkilimiz Gülər Əhmədova mənə zəng vurub deyir ki, ləğv edilmiş "Bank Standard”da 27 min dollar vəsaiti var. Mən bu məsələ ilə bağlı Sığorta Fondunun sədri Azad Cavadovla danışdım” - deyən V.Əhmədov bildirib ki, Gülər Əhmədovanın 27 min dollarını "Bank Standard”dan geri almaqda ciddi problemi var: "Gülər xanım "Bank Standard”a 27 min dollar vəsaiti qoyub və indi də bunu geri götürmək istəyir. İndi dolların kursu dəyişib. Gülər xanıma deyirlər ki, sən o vaxt 27 min dolları kurs 0.78 olanda qoymusan. Biz sənə indi 1.60-la veririk. Yəni Gülər Əhmədovaya 27 min dollar əvəzinə, 17-18 min dollar pul vermək istəyirlər. Bəs 9-10 mini kim verməlidir Gülər xanıma? İndi vətəndaşların bizə əlləri çatır, ona görə də dərdlərini bizə deyirlər. Sizə və ya daha yuxarı instansiyalara əlləri çatmır. "Bank Standard”da vətəndaşların 560 milyon manata yaxın əmanəti var. 460 milyon manat qorunmuş,100 milyon manat qorunmamış pullardır. Bəs indi bu 100 milyon manatın axırı necə olacaq? Bu pullar axı insanların, vətəndaşlarındır. Bir tərəfdən insanlarımızı bank sisteminə inandırmaq istəyirik, digər tərəfdən də bu cür əməllər ortaya çıxır. Ona görə də vətəndaşlar nə milli valyutamıza inanırlar, nə də banklara. Özlərinin nə əməliyyatları varsa, 5-10 gün milli valyutanı möhkəmləndirərək həyata keçirirlər. Daha sonra isə milli valyutanı buraxırlar. Axı bu insanlarla bu cür davranmaq olmaz. 30-40 məktubu banklardakı bu cür hallarla bağlı elə mən şəxsən özüm Rüfət müəllimə göndərmişəm”.
"Bu, bank sirridir. Siz gərək bunu açıb deməyəsiniz”
İclasda iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanov isə deputat Vahid Əhmədova cavabında deyib ki, bəzi şeylər açıq deyilməməlidir: "Bu, bank sirridir. Siz gərək bunu açıb deməyəsiniz”.
Deputat isə R.Aslanovla razılaşmayıb: "Burada bank sirri var ki? Vətəndaşın əmanəti normal şəkildə qaytarılmır, mən onu deyirəm. Bank rəhbərlərinin nə vecinə, olan sadə vətəndaşlara olur.
Mən bunu demək istəyirəm. Cənab Prezident hər zaman vətəndaşlara deyir ki, dövlət arxanızdadır, kreditləri rahat ala bilərsiniz. Digər tərəfdən isə banklar bu cür neqativ, qanunsuz əməllərlə məşğuldurlar. Hər bankın arxasında müəyyən insanlar dayanır. "Royal Bank” bağlandı. Bu günə qədər də orada əmanətləri olan insanlar hələ də əmanətlərini almayıblar”. Bu sirr deyil, Rüfət müəllim”.
"Sən artıq keçdin siyasətə...”
Bundan sonra V.Əhmədovla R.Aslanlı arasında maraqlı dialoq yaranıb.
R.Aslanlı millət vəkilinin banklara və Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanladığı ittihamlara cavab verərkən təmsil etdiyi qurumun dövlətin tərəfində olduğunu bildirərək Azərbaycanda baş tutmuş Konstitusiya dəyişikliklərindən danışıb: "Biz dövlətin tərəfindəyik. Dövlət isə xalqdır. Dövlət xalqın iradəsini ifadə etməlidir. Mən hesab edirəm ki, Azərbaycan iqtidarı hər zaman xalqın iradəsini ifadə edib, edir və etməkdədir. Bunu öz gündəlik fəaliyyətində nümayiş etdirir. Bir müddət öncə cənab Prezidentin təşəbbüsü ilə Konstitusiyaya edilmiş dəyişikliklərlə bağlı keçirilən refendumda Azərbaycan xalqının göstərdiyi münasibət dövlət, dövlət orqanlarını və xalqın yekdilliyinin sübutudur. Mən siyasətçi deyiləm. Bununla da məsələnin siyasi hissəsini bitirirəm”.
Vahid Əhmədov: "Sən artıq keçdin siyasətə...”.
Rüfət Aslanlı: "Vahid müəllim, mən ittihamlara reaksiya verməliyəm. Biz işimizlə məşğuluq deyə bütün məsələlərə və fikirlərə çox həssas yanaşırıq”.
"Maliyyə Bazarlarına Nəzarət Palatası bankların yox, insanların tərəfində olmalıdır”
Komitənin digər üzvü, millət vəkili Əli Məsimli də bildirib ki, banklar insanlara zülm edir: "Bizə çoxsaylı şikayətlər daxil olur. Devalvasiyadan sonra insanların qaytaracağı məbləğ artıb. Müştəri var ki, 9300 dollar məbləğində kredit götürüb, onun müəyyən hissəsini ödəyib. Devalvasiyadan sonra bank ona deyir ki, sən 14 min manat əlavə ödəməlisən. Belə çıxır ki, müştəri 9300 dollar kreditə görə, 23 min manata yaxın kredit ödəməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası bankların yox, insanların tərəfində olmalıdır, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. İnsanlar banklardan yox, banklar insanlardan asılı olmalıdır. İndi demək olar ki, banklar insanları idarə edir”.
Palata sədri deputata etiraz etdi: "Rəhbərlik etdiyim qurum dövlətin, xalqın maraqlarını qoruyur”
R.Aslanlı isə deputatı bu fikirlərilə razılaşmayıb: "Devalvasiyadan əvvəl xarici valyutada öhdəliklər ümumi öhdəliklərin 47 faizini təşkil edirdi. Devalvasiyadan sonra manat ifadəsində ödəniş ikiqat artıb. Amma nəzərə almaq lazımdır ki, banklar öz sərvətləri hesabına kredit verməyib. Bankların verdiyi kredit cəmi kapitallarının və 10 il ərzində qazandıqları puldan çoxdur. Banklar krediti biznes subyektlərindən, əhalidən cəlb etdiyi pullar hesabına verib. Banklara kredit qaytarılmalıdır ki, banklar da öz öhdəliyini yerinə yetirə bilsin. O ki qaldı Palatanın bankların tərəfində durmasına, rəhbərlik etdiyim qurum dövlətin, xalqın maraqlarını qoruyur”. R.Aslanlı bankların məcburi qaydada təmərküzləşməsinin tərəfdarı olmadığını vurğulayıb: "2-3 bankın, sığorta şirkətinin məcburi qaydada birləşdirilməsi uğursuz cəhddir. Bir problemin digər problemlə birləşdirilməsi böyük bir problemin yaranmasına səbəb olur. Bu zaman mahiyyət etibarilə heç nə dəyişmir. Məsuliyyət eyni olaraq qalır”.
"Sosial ədalətin pozulması ittihamını qəbul edə bilmərəm. Çünki, orada olan əmanətçilərin hamısını az qala şəxsən tanıyıram”
R.Aslanlı deyib ki, Azərbaycanda həm manatda, həm də valyutada böyük məbləğdə olmayan qorunan əmanətlər üzrə verilən kompensasiyalar valyutaya konvertasiya oluna bilər: "Bank Standard”ın qorunan əmanətləri kompensasiya edilir. Qorunan əmanətlər qanuna müvafiq olaraq 100 faiz həcmində kompensasiya edilir. Qorunmayan əmanətlərə gəlincə, həmin insanlar şüurlu surətdə buna qol çəkiblər. Məsələn, bankda "Uşaq əmanəti”nə görə ildə 20 faiz xarici valyutada ödənilib. Siz də digər tərəfdən deyirsiniz ki, biznesmenlər yuxarı faizlə kredit ala bilmir. Bəli, iqtisadiyyat xarici valyutada 20 faizi generasiya etmək iqtidarında deyil. O qədər dəyər yaratmaq mümkün deyil. Bəri başdan bəllidir ki, bu 20 faizlik depozit itəcək. Bu məbləğdə xarici valyutada faiz alan insanlar bilərəkdən o itkilərə qol çəkiblər. Gəlin razılaşaq ki, 100 min dollar əmanətə malik şəxs maliyyə cəhətdən savadsız sayıla bilməz. 100 min dolları qazanmağı bacarmaq lazımdır. Ona görə də mən burada dövlət tərəfindən sosial ədalətin pozulması ittihamını qəbul edə bilmərəm. Çünki, orada olan əmanətçilərin hamısını az qala şəxsən tanıyıram. Bu gün "Standard Bank”da 262 min bank hesabı, 158 min əmanətçi var. Təxminən 15 minə qədər əmanətçi məhz sizin dediyiniz əmanətçilərdir ki, bunların kompensasiyaları manatda ödənilir. Nəyə görə? Çünki qanunvericilikdə öz əksini tapıb ki, əgər insanın əmanəti həm xarici valyutada, həm də manatdadırsa, bu əmanətlər birləşdirilir və ona kompensasiya manatda verilir. Bu gün hökumətdə də bir daha müzakirə etdik. Cənab Prezidentlə də müəyyən məsləhətləşmələr aparılıb. Çox güman ki, mən bunu hələ vəd edə bilmərəm, amma çox güman ki, biz bir həll tapacağıq və bu insanlara kompensasiyaları manatla ödənildiyi kimi, valyutaya konvertasiya edək. Bunun yollarını araşdırırıq, bu bizim diqqətimizdədir”.
Bank sektoru ilə bağlı tədbirlər hazırlanıb
Palata sədri deyib ki, rəhbərlik etdiyi qurum bank sektorunun diaqnostikasını aparıb. O bildirib ki, bunun nəticəsində bankların mövcud durumunu və onların ayrı-ayrı bank üzrə və ayrılıqda bank sektoru üzrə sağlamlaşdırılması ilə bağlı müvafiq tədbirlər hazırlayıblar: "Bu tədbirlər müxtəlif bank qrupları üzrə hazırlanıb. Sistem əhəmiyyətli banklar var ki, bu bankların iflası təkcə bankların müştəriləri deyil, həmçinin maliyyə sektorunun və onun vasitəsi ilə iqtisadiyyatın dayanıqlığına təsir edə bilər. Dünyada sistem əhəmiyyətliliyin qiymətləndirilməsi meyarları var. Bank nəzarəti üzrə beynəlxalq standartları müəyyən edən beynəlxalq hesablaşmalar bankının Bazel komitəsinin metodikasını əsas götürmüşük. Eyni zamanda, Avropa Birliyinin direktivlərini, iqtisadiyyatının həcmi, xarakterinə, maliyyə sisteminin xüsusiyyətlərinə görə Azərbaycana yaxın olan ölkələrin təcrübələrinə də baxmışıq. Onun əsasında biz bankların sistem əhəmiyyətliyini müəyyən edərək "Banklar haqqında” qanuna müvafiq olaraq zərurət yaranarsa, bu bankların dövlət tərəfindən dəstəklənməsi mexanizmlərini hazırlamışıq. Bu günə bu banklardan ikisinə dövlət dəstəyi ilə bağlı qərar verilib. Beynəlxalq Bankın sağlamlaşdırılması prosesi gedir. İkincisi isə "Bank Standard”ın sağlamlaşdırılması ilə bağlı qərar verilib. Sonradan "Bank Standard”ın sağlamlaşdırılması üçün çəkiləcək xərclərin çox olduğunu gördükdən sonra ləğvinə qərar verdik”.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Qeyd edək ki, 4 fəsil, 23 maddədən ibarət qanun layihəsinin məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsidir.
Anar Bayramoğlu