Benzin bahadır, çoxları avtomobilini qazla işlətmək istəyir

“Sürücülər sadəcə bir məqamda diqqətli olmalı, dəqiq araşdırmalıdırlar ki, avadanlığı onların maşınına quraşdırmaq olar, ya yox?"


Son zamanlar ölkəmizdə avtomobillərə quraşdırılan qaz avadanlığına maraq artıb. Sürücülərin bir qismi benzinin bahalaşması və sərfiyyatın çox olduğu üçün məhz bu avadanlığa üstünlük verirlər. Avtomobilə qaz balonu yerləşdirilir, nəticədə maşın həm benzinlə, həm də qazla işləyə bilir. Lakin avadanlıqda yaranan nasazlıq avtomobilin qısa müddətdə alışmasına və partlamasına səbəb olur.

Mövcud təhlükələrin baş verməməsi üçün sürücülərin maksimum diqqətli olması önəmlidir. Maşına standarta uyğun olmayan avadanlığın quraşdırılması təbii ki, yüksək riskdən xəbər verir. Bəs, sürücülər belə təhlükələrdən qorunmaq üçün nələrə diqqət etməlidir?

Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı "Şərq"ə açıqlamasında qazla işləyən avtomobillərin geniş yayılmasını benzinin bahalaşması ilə əlaqəli olduğunu təsdiqlədi. Ekspertin sözlərinə görə, sürücüləri qaz avadanlığına üstünlük verdikləri üçün qınamaq düzgün deyil və bu, normal haldır: 

"Qiymət artımı sürücüləri istər-istəməz məcbur edir ki, başqa alternativ yollara əl atsınlar. Qaz qurğusunun olması qiymət baxımından ucuz başa gəlir və sərfiyyata müəyyən qədər öz təsirini göstərir. Sürücüləri anlayışla qarşılamalıyıq, çünki hər kəs xərcinin az olmasını istəyir. Məsələn, Türkiyədə qazla işləyən avtomobili sürmək qeyri-adi bir şey deyil. Onlarda bu sistem artıq neçə illərdir tətbiq olunur. Müxtəlif ölkələrlə apardıqları əməkdaşlığın nəticəsində bu gün Türkiyə ən təhlükəsiz qaz quraşdırma sənayesinə malikdir. Peşəkarlıq baxımdan Türkiyədə güclü sənətkarlar, bu işi yaxşı bilən şirkətlər var. Türkiyə əsas üstünlüyü mühərrikə zərər vurmaması üçün avadanlığı yaxşı təmin etməkdə görür. Onlar çalışırlar ki, qazla işləyən mühərrik tez sıradan çıxmasın və sərfiyyatı yaxşı olsun".

Əvvəlki illərdəki avadanlıqlarla müqayisədə düzgün quraşdırılacağı təqdirdə bugünkü avadanlığın təhlükəli olmadığını deyən E.Muradlı vurğulayır ki, sürücülər avtomobil alarkən də diqqətli olmalıdırlar:

 "Artıq "A95" markalı benzinin qiyməti qalxıb və sürücülər qazın quraşdırılmasına maraqlıdır. Qaz avadanlığını quraşdırmaq təxminən 2 min manata başa gəlir, elə də ucuz bir sistem deyil. Düşünürəm ki, sürücülər bu sistemdən qorxmalı deyillər. 90-cı illərdə quraşdırılan qaz sistemi ilə indiki sistem eyni deyil. Bu gün ölkəmizdə İtaliya, Türkiyə, Rusiya şirkətləri var ki, peşəkarlıqla fəaliyyət göstərirlər və bazarda öz sözlərini deyiblər. Sürücülər sadəcə bir məqamda diqqətli olmalı, dəqiq araşdırmalıdırlar ki, avadanlığı onların maşınına quraşdırmaq olar, ya yox? Həmçinin bu sistemi quraşdırmaq üçün DYP-nin texniki şöbəsi müvafiq icazə sənədi verməlidir. Bəzi sürücülər isə qazı quraşdırır, sonra da DYP-dən kağız istəyir ki, pasportda avtomobilin mühərriki qaz və benzin olaraq qeyd edilsin.

Bəzi avtomobillər var ki, onların salonuna birbaşa qaz quraşdırmaq olmaz, çünki bu zaman qoxu birbaşa içəri daxil olur. Ona görə də sürücülər avtomobil seçimində də diqqətli olmalıdır. Çünki gələcəkdə istər-istəməz qaz avadanlığına keçəcəyik. Ona görə elə maşın seçmək lazımdır ki, gələcəkdə bu məsələlərlə bağlı problem yaşanmasın".

Yeganə Bayramova